Azərbaycan müharibə hazırlığı içində - Türk generalların Bakı səfərləri intensivləşir

5-12-2017, 09:16   

Azərbaycan müharibə hazırlığı içində - Türk generalların Bakı səfərləri intensivləşir



Türkiyə ordu generalının ardınca general-leytenant Yavuz Türkgencinin başçılıq elədiyi nümayəndə heyəti bu gün ölkəmizə gəlir; erməni təxribatlarına ən layiqli cavab Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini ən yüksək səviyyəyə çatdırmaqdır...

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir. Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

*****

“Yeni Müsavat” qeyd edir ki, sonuncu 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabrında Ankarada keçirilib. Ötən həftə isə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün başçılıq elədiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdu. Xəbər verdiyimiz kimi, nümayəndə heyətinin müdafiə naziri Zakir Həsənovla görüşü zamanı iki qardaş ölkə arasında hərbi-texniki və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Söhbət həm də Azərbaycan ordusunun döyüş hazırlığını daha da artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, ortaq hərbi təlimlərin sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün mühüm önəm kəsb edir. Türkiyə ordu generalı habelə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarını ziyarət etmişdi.


Ondan az öncə isə Türkiyənin müdafiə naziri Nurəddin Canikli və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar paytaxtımızda olmuşdular. Beləcə, son bir neçə ayda Türkiyə generaliteti rəsmilərinin ölkəmizə intensivləşən səfərləri diqqət çəkməkdədir. Bundan əlavə, Azərbaycan Türkiyə və Gürcüstanla birgə üçlü hərbi əməkdaşlıq formatında da təmsil olunub.

Yeri gəlmişkən, bu ilin oktyabrında Tiflisdə keçirilən üçtərəfli sammit çərçivəsində də Zakir Həsənov Hulusi Akarla bir araya gəlmişdi. Həmin üçtərəfli görüşün yekun bəyannaməsində Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığı və suverenliyi qəti şəkildə müdafiə edilib, erməni və rus işğal pislənib. Eyni zamanda üç ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığı gücləndirmək, ortaq təlimlərin sayını artırmaq qərara alınıb.

*****

Təbii ki, türkiyəli hərbçilər, generallar ölkəyə boşuna səfər eləmirlər. Bu cür səfərlərdə əsas mesaj isə əlbəttə ki, işğalçı Ermənistana və onun arxasında duran gizli-açıq havadarlaradır. Eyni zamanda təzəcə oğrun yolla Dağlıq Qarabağda olmuş Ermənistanın cani prezidenti Serj Sərkisyan və dəstəsinə xəbərdarlıqdır, onun son qanunsuz səfərinin təbliğati əhəmiyyətini sıfırlayan olaydır. Həmçinin Türkiyənin, türk generallarının artıq işğal altındakı Dağlıq Qarabağdan, işğalçı qüvvələrdən uzaqda olmadığı haqda aydın bir mesajdır.

Bu, həm də onu anonsudur ki, iki qardaş ölkə arasında hərbi sahədə də əlaqələr yüksələn xətlə gedir və yəqin ki, tezliklə ən yüksək həddə çatacaq. Söhbət həm də son vaxtlar yenidən aktuallaşmış Türkiyə-Azərbaycan yeni müttəfiqlik sazişindən və Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasından gedir.

Bunlar reallaşarsa, o zaman Qarabağ konflikti ətrafında yeni bir situasiyanın yarandığını söyləmək olar. Ən azı o baxımdan ki, Naxçıvan sarıdan arxayın olan Azərbaycan öz hərbi maşınını arxayın şəkildə 20% ərazimizdəki işğalçı qüvvələrə yönəldə biləcək - təbii ki, əlverişli siyasi şərtlər yetişəndə. Bu mənada generalların Bakı səfərlərini ön müharibə hazırlıqları kimi də qiymətləndirmək mümkündür.

*****

Qarabağla bağlı Azərbaycan üçün daha bir müsbət tendensiya kimi İspaniyada Kataloniya hadisələrindən sonra Avropada ərazi bütövlüyü məsələsinin ön plana keçməsi və buna həssaslıqla yanaşılmasını qeyd eləmək olar. Hansı münasibəti ki, Avropa Birliyinin son Brüssel sammitinin yekun bəyannaməsində gördük: bütün tərəfdaş ölkələr kimi, Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi dəstəkləndi, erməni diplomatiyası uğursuzluğa düçar oldu.


“Bütün bunlar Ermənistan hakimiyyətini ciddi narahat edir”. Bu sözləri politoloq Elxan Şahinoğlu Sərkisyanın işğal altındakı bölgələrimizə səfərinin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, səfərdə məqsəd erməni tərəfinin keçirdiyi narahatlıqdan qaynaqlanır: “Çünki son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Bunlardan biri Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə sammiti idi. Hansı ki, Sərkisyan da orada iştirak edirdi. Bu sammitdə üzv və tərəfdaş dövlətlərin ərazi bütövlüyü məsələsi birmənalı olaraq vurğulandı və Ermənistan prezidenti də burada qəbul olunan bəyannaməyə imza atdı. Onun bu bəyannaməyə imza atmamaq şansı yox idi. Çünki Ermənistan Avropa Birliyi ilə həmin gün saziş imzalamalı idi. Ermənistan bəyannaməyə imza atmasaydı, böyük ehtimalla, Brüssel də İrəvanla imzalayacağı sazişdən imtina edə bilərdi”.



Politoloq İrəvan üçün ikinci analoji neqativ fakt kimi Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assembleyasının konfransında Azərbaycanın və digər üzv dövlətlərin ərazi bütövlüyünün birmənalı təsdiqlənməsini göstərib: “Bu isə Rusiya və Ermənistanda böyük qıcıq yaratdı. Rusiya, ümumiyyətlə, həmin tədbirə dəvət almamışdı. Ermənistan isə tədbiri yarımçıq tərk etmişdi. Ona görə, o, təxribat xarakterli addımlar atır, işğal altında olan bölgələrdə keçirilən təlimlərdə iştirak edir”.

Sülh danışıqlarının artıq dalana dirəndiyini söyləyən Şahinoğlu hesab edir ki, status-kvonu uzatmaq üçün Ermənistan Rusiyadan dəstək alır. “Ona görə bölgədə hərbi toqquşma ehtimalının artacağını düşünürəm. Əgər sülh danışıqlarında nəticə yoxdursa, biz öz gücümüzü göstərmək məcburiyyətində qalacağıq”, - deyə o əlavə edib.

*****

Bu güc isə ən əvvəl Azərbaycanın Türkiyə ilə siyasi və hərbi müttəfiqliyindədir. Bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırmağın zamanı çatıb. Türk generallarının intensivləşən Bakı səfərlərində əsas hədəf də düşünürük ki, məhz budur. Çünki düşmən açıq-aşkar sülhdən qaçır. Sülhdən qaçırsa, demək, haqq etdiyi müharibəyə tuş gələcək, bədəlini ödəyəcək.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.