Silahla qurulan yeni islam dövləti
İraqın təslim olan yeni şəhərlərini gördükcə, ruhun təcəllası haqqında müsəlmanların qəti dini inancına şübhə edə bilmirsən. Səddamın asılması ilə onun diktaturasının köklərini birdəfəlik qazıb çıxardıqlarını düşünən və Yaxın Şərqə əbədi dinclik gətirdiklərini zənn edən batılı dövlətlər ərəb dünyasının növbəti fəlakətlə üz-üzə qaldığını görəndə anladılar ki, keçmiş Amerika rəhbərləri nə üçün onların “tiran” adlandırdıqlarını müttəfiqə çevirib birgə işbirliyində çalışmağı “inqilab qatarı” ilə hərəkət etməkdən üstün tuturdular.
Bəli, ”lənətlənmiş resurs və lənətlənmiş məkan” adlandırılan bu torpaqlar dünyanın hər yerindən gələn yüz minlərlə insanın hazır qazılmış qəbiristanlığıdır. İraq özü boyda qardaşlıq məzarıdır. On illərdir ki, cəhənnəmə gedən yolun ünvanı buradır. Neçə ki, müsəlmanlar bir əllərində Quran, o birisində silah tutub başları üzərinə cihad bayrağını qaldıracaqlar, o zamana qədər qan, ölüm və müqəddəs savaş onların həyatından əskik olmayacaq. Bu əbədi müharibədir. Siz islamçıların elmi cihadını, maarifçilik hərəkatını və təfəkkür inqilabını yalnız azsaylı mütəfəkkirlərin qələm məhsullarında görəcəksiniz. Onları isə linç edib həyatdan vaxtsız köçürəcəklər.
İŞİD - yeni islami xəritəyə otuzdurulmuş radikal silahlı birliyin adıdır. Parlaq xarizmatik lideri olmadığından 10 ildən artıqdır ki, yalnız Əl Qaidənin bir uzantısı kimi tanınıb. Hədəfi zaman-zaman dəyişdiyindən bu gün onun məramı, təşkilati quruluşu, milli tərkibi və himayəçisi haqqında bir-birinə zidd fikirlərin dövriyyəyə çıxmasına səbəb olub. Lakin bir faktdır ki, artıq İraq çöllərində son on ilin vəhşətindən yeni qüvvə doğulmaqdadır.
Amerikanın İraq xəyalları gerçəkləşə bilmədiyindən mütləq başqa bir despotizm bu xaos diktarurasından doğulmalı idi. Həbsxanalarda zülmə və işgəncəyə məruz qalanların, küçə və meydanlarda edam edilənlərin, zora və haqsızlığa məruz qalanların qidalandırdığı mühitdə sivil quruluş və demokratiya arzuları əsil tragikomediyanı xatırladırdı. İŞİD bu gün ona görə asanlıqla Bağdada doğru irəliləyir ki, evlərindən hətta yüzüncü dəfə didərgin düşən məzlumlar ona müqavimət göstərməyib də qəlblərində bir radikal terror təşkilatından nicat və xilaskarlıq gözləyirlər. Lakin əfsuslar olsun ki, hüquqla, elmlə, qeyri-hərbi texnika və texologiyalarla deyil, yalnız kor və amansız intiqam hissilə silahlanmış kütlə qul Spartakın Pirr qələbəsindən özgə nəticəyə sahib ola bilməz.
İŞİD Suriyanın içində döyüşən yüzlərlə radikal birliyin əlindən aldığı Rakka vilayətini özünün İslam dövlətinin ana şəhəri elan edib. ”İlahidən aldıqları güclə vuruşduqlarını” desələr də, gah Əsəd ordusundan, gah da kürd yaraqlılarından ələ keçiridkləri silah-sursat hesabına sıralarını genişləndiriblər. Hətta baş mərkəzləri olan Əl Qaidənin belə xəttində sapmaları gördüklərindən tamam ayrılaraq artıq yeni bir güc kimi Yaxın Şərqin coğrafi və siyasi xəritəsində yer almağa çalışırlar.
Mosulun ələ keçirilməsi xəbəri manşetlərdə Türkiyənin oradakı konsulluğunun bütün heyətinin əsir və ya girov alınması ilə müşayiət olunduğundan bir çoxları az qala İŞİD-lə Türkiyə Silahlı Qüvvələri arasında yeni müharibənin olacağını iddia etməyə başladı. Lakin İraq kürdləri başından bəri bu fikirdə olublar ki, bütün son hərbi quruluşlar onların İraq içərisindəki müstəqillik hərəkatını boğmağa və zəif İraq hökumətini çökdürməyə yönəlib. Hətta Suriyanın kürdlər yaşayan hissəsində bütövlükdə hakimiyyəti ələ alan Rojava devrimçi Şurasının tam qənaəti budur ki, Türkiyə PKK-nın ölkədən kənar uzantılarına qarşı mübarizəni məhz İŞİD kimi hörgütlərə dəstək verməklə aparır.
Belə çıxır ki, AKP hökuməti bir tərəfdən məlum açılım planları ilə daxili ekstermizmi və kürd millətçiliyini yumşaltmağa çalışır, digər tərəfdən isə sərhədlərdən kənarda ordu vasitəsilə deyil, terror qruplarının xidmətindən yararlanmaqla itkilərini minumuma endirmək xəttini yürüdür. Halbuki bu ittihamın kiçicik bir hissəsi doğru olsaydı, onun son dərəcə gərgin daxili siyasi münasibətlərdə olan Türkiyə müxalifəti ilə hakimiyyəti arasındakı qarşıdırmaya necə təsir edəcəyini təsəvvür etmək o qədər də çətin olmazdı.
Hələ ortada gerçək faktlar olmamış Türkiyə parlamentinin azərbaycanlı üzvü və ölkəmizin siyasi həyatında da ismi yaxşı tanış olan Sinan Oğan iqtıdarı Mosulda diplomatlarının qapısını açıb özlərini terrorçulara təhvil verməkdə qınadı. Razılaşın ki, əgər iqtidar Şimali Kürdüstanın təhlükəli planlarına qarşı siyasət işlədibsə, daxili qüvvələrin təpkisini bəri başdan gizli görüşlərlə önləməyin qayğısına da qalmalı idi. Bir sadəcə İmralıdan Öcalanın bəyanatlarını almaqla iş bitmir. İndi kürd ordusu nə qədər pərakəndə vəziyyətdə olsa da, özlərinə Qüds qədər müqəddəs saydıqları Kərkükün uğrunda savaşa atılacaqlar.
Maliki hökumətinin Amerikadan və Britaniyadan istədiyi yardım sorğusuna rədd cavabı alması onun əleyhdarlarını daha da gücləndirəcək və bu illər ərzində qurulumuş bir milyonluq ordunun bir güllə atmadan təslim olması ilə hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Bu isə nəinki təkcə sünni-şiə davasının, eləcə də Əfqanıstandan Qərb qoşunlarının çıxmasını gözləyən Taliban hakimiyyətinin Yaxın Şərqə çıxışını təmin edəcəkdir. Qərbin demokratik konsepsiyalarının aqibəti silahlı dini birləşmələrin və Yaşıl Bayraqlı hökumətlərin qurulmasına səbəb olanda Misirdə ordunu çevrilişə vadar edə bilərdilər, lakin İraqda bunları həyata keçirmək mümkünsüzdür.
Əgər İŞİD tez boğulacaq bir hərəkatdırsa, onda İran niyə belə qəti mövqe sərgilədi? Mühüm suallardan biri də budur. Axı kürdlər bəyan edirdlilər ki, Ruhani-Ərdoğan görüşünün pərdəarxası məhz belə Yaxın Şərq ssenarisinin hazırlanması üçün olub. Elə isə geoplitikada bu mürəkkəb matritsa tənliyin həlli hamının birləşib İŞİD-i məhv etməsində, yoxsa onu vahid bir dövlətin sərəncamına verməsində olacaq? Bu suala silahlanan ərəb cəmiyyətlərinin özü cavab verəcək.
Ramazan ayına elə də çox qalmayıb. İraq, üstəgəl Şam, daha sonra yeni ərəb torpaqlarından ibarət bir xəritələylə silahlanmış və İranın da bir hissəsini oraya qatmış İŞİD-in üzübağlı, başıçalmalı inqilabının on bir ayın sultanlığına ən böyük töhfəsi bu olacaq. Üzündəki niqab məsumluğun nişanəsi və qadınlığın simvolu olmaqdan çoxdan çıxıb. İndi yeni “islam dövləti” qurduğunu bəyan edən işidli kişilərin də üzü hicaba bürünüb!