İşsizliyin yaratdığı “nisyələr”

13-06-2014, 17:15   
İşsizliyin yaratdığı “nisyələr”
Azər Sarıyev

Belə davam etsə, işsizlik mənə baha başa gələcək. Özüm bir o qədər də xərcə düşməsəm də, atamgilin xeyli borcu yaranıb. Mənim iş, daha doğrusu, vəzifə tapmağım üçün anam iki qoyun qurbanı, rayondakı müqəddəs ocaqlardan üçünə, dörd ağır seyidin cəddinə-hərəsinə 50 manat olmaqla nəzir deyib. Ola bilsin ki, atamın da ürəyində tutduğu niyyəti var. Amma kişi qüruruna sığışdırıb dilinə gətirmir. Özü büruzə verməsə də, çox narahat olduğunu bilirəm. Anam xanımıma sirr verib ki, hətta kişinin iki dəfə ürəyi tutub. Özünə dərd eləyir ki, onun fərsiz oğlu niyə gül kimi dövlət postunu qoyub Türkiyəyə getdi. Oradan da əli ətəyindən uzun qayıdıb gəldi. Bizim tərəflərin ataları belədir. Oğullarını nə qədər tənqid, təhqir etsələr də, onları sevirlər. Uğurlarına sevinir, vəzifələri ilə qürrələnirlər. Amma mən heyif ki, valideynlərimi, əsasən də atamı bu zövqdən məhrum etmişəm. Onların da işi-gücü gecə-gündüz Allaha yalvarıb mənə əvvəlcə can sağlığı, sonra vəzifə istəməkdir. Anam Allahdan başqa qonşuluqdakı molla Ayfon Ələmdara da pənah aparıb, dua yazdırıb. Amma duanın pulunu nəzirlərdən fərqli olaraq nəğd edib. Ayfon Ələmdarın arvadı Fəridə xalaya bir 20-lik verib ki, mənim tezliklə vəzifəyə getməyim üçün ürəklərə insaf salan, daş qəlbləri əridən, yolları, bağlı qapıları açan güclü bir dua yazsın...
Ayfon Ələmdar nəinki məhəlləmizdə, rayonumuzda da çox hörmətli din xadimlərindəndir. Məclislərdə “Yasin” surəsini “İphone 5 s” telefonundan oxuduğundan, məhəllə uşaqları ona “ayfon” ayaması veriblər. Molla Ələmdar çönüb olub Ayfon Ələmdar. Ayfon Ələmdarın informasiya texnologiyalarından, mobilə rabitə yeniliklərindən baş çıxarması başqa mollaların bazarını əməllicə zəiflədib. Məsələn, rayonumuzdakı dindar cavanlar “solçuluq” etmək istəyəndə, Ələmdara zəng edib məqsədlərini deyirlər. Molla da onların günaha batmamasından ötrü 10 manatlıq kontur müqabilində siğənin mətnini ya sms-lə onların telefonuna göndərir, ya da “odnaklasnik.ru”dakı profilindən ismarıcla sifarişçilərin “inbox”una atır. Xəbərdarlıq da edir ki, bu, birdəfəlik istifadə üçündür. İkinci dəfədən ötrü hökmən molladan halallıq alınmalıdır. 10 manatlıq konturunu ver, halallığını al. Arada bir tanış adamlara və 60 yaşdan yuxarı imkansız ağsaqqallara endirim də edir.
Amma belə getsə və yəni mənim işsizliyim davam etsə, qorxuram Ayfon həzrətləri tamam nüfuzdan düşə. Çünki 3 aydır mollanın duası müstəcəb olmur. Anam da duanın niyə təsir etmədiyini soruşanda, mollanın arvadı cavab verib ki, yəqin oğlun inanmadığı üçün duanın təsiri yerimir. Ələmdarın özü isə atama deyib ki, Allah sizin səbrinizi imtahana çəkir. Mən o duanı Allahın sizə güc verməsindən, səbr atından düşməməyinizdən ötrü yazmışam. Söhbəti fırlatması bizimkilərdə mollanın fırıldaqçı olması barədə ciddi şübhələr oyadıb. Valideynlərim sülh adamları olduqlarından nə Ələmdarın, nə də arvadının üzünə heç nə vurmurlar. Həm də, açığı, Ələmdarın seyid qızı olan arvadının babasının cəddindən, uşaqlarının nəfsindən qorxurlar. Axı hər cümə axşamı uşaqlara da seyidlik verilir. Anamın isə nisyələri, yəni nəzirləri gündən-günə artır. Atamı fikir götürüb ki, mən vəzifəyə getsəm, ayda 400 manatlıq gəlir, 200 manatlıq kreditlə bu qədər nəzir-niyazı necə verəcək. Hərdən anama nəzir vədlərini dayandırması barədə tapşırıq vermək istəyib. Amma heç nə deməyib, qorxub ki, seyidlərə, pirlərə acıq gedər və mən vəzifə üzünə birdəfəlik həsrət qalaram...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.