“Kreml baharı” - iqtidarı növbədənkənar seçkiyə kim və nə sürükləyir?

8-12-2017, 09:06   


Hakimiyyət erkən seçkilərə hazırlaşır.
SİAM.Az yazır ki, martda prezident seçkilərinin keçirilməsi təklif olunub.
Millət vəkili Zahid Orucun bu təşəbbüslə çıxış etməsi heç də özfəaliyyət kimi qiymətləndirilə bilməz.
Onun gözlənilmədən bu mövqeyi ortaya qoyması məhz iqtidardaxili proseslərin qızışdığı dövrə təsadüf edir.
Xüsusən də “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin I vitse-prezident Mehriban Əliyevanın seçkilərdə namizəd olacağı ehtimalını irəli sürməsi ciddi mesajdır.
Eyni gündə Z.Orucun martda seçkilər keçirilməsi təklifi irəli sürməsi, günün sonunda növbədənkənar seçkilər haqda qanuna dəyişiklik edilməsi xəbəri hakimiyyətin içində mürəkkəb vəziyyətdən xəbər verir.
Halbuki, referendumdan sonra prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində demişdi ki, növbədənkənar seçkilərdən söhbət gedə bilməz.
Amma ilin sonuna yaxın Z.Orucdan erkən seçki təklifi səslənməkdədir və o, bunu real arqumentlərlə izah edə bilmir, digər tərəfdən qanuna dəyişiklik qəbul edilir.
Z.Oruc öz təklifini belə əsaslandırıb: “Hazırki reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenliyinin yeganə təminatçısıdır.
Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir.
Mövcud siyasi sistemdə və fəaliyyətdə olan partiyaların qüvvələr nisbətində ölkə birinciliyi uğrunda mübarizədə heç kəs İlham Əliyevlə müqayisə oluna bilməz. Onun alternativi xaosdur”.
Deputat qeyd edib ki, gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni Konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir:
“2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır.
Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır.
Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına - Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi perspektivi təkcə ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir, eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir.
Birləşmiş Ştatların və bir sıra Qərb dövlətlərinin həyatı üçün xarakterik olan belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı.
Konstitusion normalar baxımından burada heç bir hüquqi norma pozulmur və siyasi birincilik uğrunda mübarizədə bütün iddiaçılara bərabər zaman qrafiki ayrıldığından seçilən prezidentin legitimliyi beynəlxalq məkanda qəbul olunacaq”.
Deputatın çıxışında altından qırmızı xətt çəkməli cümlə var - ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir, eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir.
Z.Oruc hansısa qorxulu perspektivlərə eyham vurur. Bununla əks cinahı xəbərdar edir. Yəni, ölkədə siyasi sabitlik pozula bilər.
Digər tərəfdən isə bu çağırışlarda erkən seçkiyə getməklə iqtidar içindən başqa namizədin irəli sürülməsini qabaqlamaq strategiya olduğu hiss edilir.
Bu təşəbbüsün iqtidaryönlü deputat tərəfindən ictimai rəyə ötürülməsi isə təklifin hakimiyyətin üst qatından qaynaqlandığını söyləməyə əsas verir.
Çox maraqlıdır, bu təklif cəmiyyətin növbədənkənar seçki məsələsinə reaksiyasını yoxlamaq üçün “nəbz yoxlaması”dır, yoxsa mövcud reallıqdan irəli gələn zərurət?
Bu təklifin arxasında daha çox Rusiya ilə uyğunlaşmaq niyyəti var. Çünki Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək.
Bizimkilər də yəqin ki, seçkilərin vaxtını Rusiya ilə eyniləşdirməyi düşünürlər. Çünki Rusiyanın bizim seçkilərə bu və ya başqa formada təsiri, müdaxiləsi olur.
O baxımdan bunu, həm Orucun fərdi təşəbbüsü, eyni zamanda da hakimiyyətin hansısa strukturunun cəmiyyətə mesajı olaraq dəyərləndirə bilərik.
Qeyd edək ki, ölkənin Seçki Məcəlləsinə dəyişiklik məsələsi də artıq gündəmə gətirilib. Seçki qanunvericiliyinə təklif olunan və Milli Məclisə göndərilmiş layihədəki müddəalardan biri də məhz növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydalarına aiddir.

Təklifə əsasən, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təyin edildikdən 3 ay sonra yox, 60 gün ərzində keçiriləcək.

Siam.az
Şamxal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.