Ramiz Mehdiyevin Fazil Məmmədovun fəaliyyətini tənqid etməsi sabiq nazir üçün həyəcan siqnalıdı

8-12-2017, 10:30   

Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı

Sabiq nazirin fəaliyyətinin ən yüksək səviyyədə tənqid edilməsi onunla bağlı proseslərin yönünün dəyişəcəyi barədə müzakirələrə səbəb olub

Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədən çıxarılması əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Xüsusilə yeni nazirin kollektivə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Fazil Məmmədovun fəaliyyətini tənqid etməsi sabiq nazirlə bağlı proseslərin yönünün dəyişəcəyi barədə müzakirələrə səbəb olub. Bu onun üçün artıq həyəcan siqnalı hesab oluna bilər. Səhhətinə görə işdən alındığı deyilən F.Məmmədovun fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, özünün isə hətta həbs oluna biləcəyini proqnozlaşdıranlar da var.

Bu proqnozların özünü doğrultma ehtimalı nə qədərdir? F.Məmmədovun özü üçün də gözlənilməz olan (Prezident sərəncamı açıqlanmazdan bir neçə saat öncə o, nazirlikdə geniş kollegiya iclası keçirmişdi - red.) qərarın ardınca onun həbsi gələ bilərmi?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat” a açıqlamasında dedi ki, R.Mehdiyevin F.Məmmədovu tənqid etməsi vergi orqanlarında işin yaxşılaşdırılması məqsədi daşıyıb: “Heç kimə sirr deyil ki, vergi sistemində nöqsanlar vardı. Xüsusilə xırda və orta sahibkarlar təbəqəsinə qarşı təzyiqlər olunurdu, onların sıxışdırılması açıq-aydın gözə çarpırdı. Prezidentin bu sahibkar təbəqəsinə qayğısı da göz önündədir. Yoxlamaların dayandırılması da birbaşa dövlət başçısının bu münasibətinin göstəricisidir. Düşünürəm ki, Fazil Məmmədov bu sahibkarlara qarşı müəyyən nöqsanlara yol verdiyinə görə Ramiz Mehdiyev həm təkliflərini verib, həm də yeni nazirə bir növ hansı sahələrə daha ciddi diqqət yetirməsinin gərəkdiyini başa salıb.”



Q.Hüseynlinin fikrincə, F.Məmmədovun qəfildən, əvvəlcədən məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədov kimi səlahiyyətləri əlindən alınmadan çıxarılması ona qarşı planlı fəaliyyətlərin olmadığını göstərir: “Bu isə o deməkdir ki, Fazil Məmmədovla yollar daha mülayim ayrılır. Eyni zamanda qeyd etmək lazımdır ki, Fazil Məmmədov hakimiyyətə daim sədaqətlə qulluq edib. Həmişə öz mənafeyi ilə dövlətin mənafeyini uyğunlaşdırmağı bacarıb, çərçivələri aşmayıb”.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Mikayıl Cabbarovun vergilər sahəsində məlumatlı olmaması barədə deyilənlərlə razılaşmır: “Yeni nazir ixtisasca həm də iqtisadçıdır, ilk iş yerləri də sırf iqtisadi blok olub. Bu baxımdan, onun məlumatsız olduğunu düşünmürəm”.

V.Bayramov deyir ki, vergilər strateji sahədir: “Qeyri-neft sektorunun, sahibkarlığın inkişafında vergi siyasəti həlledici faktorlardan biridir. Vergi siyasəti liberal olacaqsa, qeyri-neft sektoru, sahibkarlıq inkişaf edəcək. Bu siyasət sərt olacaqsa, əksinə, hər iki sahədə inkişafa mənfi təsir göstərəcək.



Nələrin dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Amma gözləntilərimizi qeyd edə bilərik. Əsas gözləntimiz vergi siyasətinin liberallaşdırılmasıdır. Burada qanunverciliyin təkmilləşdirilməsi, Vergi Məcəlləsinin risk qiymətləndirməsinin aparılması kimi fəaliyyətlər ola bilər. Hesab edirəm ki, yumşaq vergi siyasətinə keçilməlidir. Bizdə gəlir və mənfəət vergisinin dərəcələri yüksəkdir. Onların azaldılmasına ehtiyac var. Bundan başqa, Əlavə Dəyər Vergisinin differensiallaşdırılmasına ehtiyac var. Gəlir vergisinin, xüsusən də aşağı həddinin azaldılması çox vacibdir. Vergi dərəcələrinin azaldılması siyasəti həyata keçirilməlidir. Vergilər Nazirliyi yalnız vergi toplayan bir qurum deyil, həmçinin bu sahədə dövlət siyasətinin müəyyənləşməsində rolu olan qurumdur. Bu baxımdan, vergi siyasətinin dəyişməsində də rolu böyükdür".

V.Bayramovun sözlərinə görə, vergi orqanları ilə sahibkarlar arasında münasibətlər çox önəmlidir: “Ali Məhkəmənin yaydığı məlumata görə, ötən il və bu ilin birinci yarısında vergi orqanlarına qarşı qaldırılmış məhkəmə iddialarının 63 faizindən çoxunda sahibkarların xeyrinə qərar çıxarılıb. Bu ondan xəbər verir ki, əslində sahibkarlarla vergi orqanları arasında daha sivil münasibətlərin formalaşmasına ehtiyac var. Vergi orqanları sahibkarların yanında olmalıdır, nəinki qarşısında. Bütün bunları nəzərə aldıqda, görürük ki, yeni vergilər nazirindən gözləntilər çoxdur. Onun görəcəyi kifayət qədər işlər var. Ümid edək ki, yeni nazir bu işlərin öhdəsindən gələrək vergi sisteminin inkişafına nail ola biləcək”.

Dünya SAKİT
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.