Etibar Əliyev: “Məktəb direktorlarının 80 faizi qovulmalıdır”

14-06-2014, 11:06   
Etibar Əliyev: “Məktəb direktorlarının 80 faizi qovulmalıdır”
“Orta məktəb direktorlarının 80 faizi istefaya göndərilməlidir”.

Bunu virtualaz.org saytına açıqlamasında tanınmış təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev XI sinif şagirdlərinin buraxılış imtahanlarında biabırçı nəticələrini şərh edərkən deyib.

Etibar Əliyev bildirdi ki, təhsilin keyfiyyəti ilə bağlı aparılan tədqiqatlar bu il də müsbət dəyişikliklərin baş vermədiyini sübut edir: “Hələ 2-3 ay əvvəl müşahidələr, tədqiqatlar aparmış, builki nəticələrin də yaxşı olmayacağını açıqlamışdıq. Təəssüf ki, bizim proqnozlarımız özünü doğrultdu, orta məktəblərdə sıçrayışlar olmadı. Təhsil sahəsində aparılan “islahatlar” bu sahəni bərbad günə salıb”.

Qeyd edək ki, IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında 39731 şagird iştirak edib. Onlardan 14785-i “Riyaziyyat” fənnindən “3”, 4808-i “Ana dili”, 6501-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanda 29869 nəfər XI sinif şagirdi iştirak edib. Onların da 9746-sı “Ana dili”, 8255-i “Riyaziyyat” fənnindən “3”, 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

“Amma təkcə bunlar da deyil. “3” qiymət alanları da nəzərə alın. “3” qiymətlə “2” qiymət arasında kəskin fərq yoxdur. Orta məktəblərdə riyaziyyatın tədrisi acınacaqlıdır. Üstəlik, verilən suallar da çətin deyildi. Məktəblərdə tədrisin acınacaqlı vəziyyətinə görə Təhsil Nazirliyi məktəb direktorlarını istefaya göndərməlidir. Direktorların 80 faizi qovulmalı, əvəzinə yeni, daha savadlı və bacarıqlı kadrlar gətirilməlidir ki, təhsildəki vəziyyəti dəyişməyə motivasiya olsun” - deyə ekspert bildirdi.

E.Əliyevin fikrincə, müəllimlər arasında sınaq imtahanlarının, attestasiyanın keçirilməsi məsuliyyəti artıracaq: “İmtahanların olması müəllimlərin məsuliyyətini artıracaq. İndi məktəb müəllimlərinin əksəriyyəti sinifdə deyil, kənarda dərs verməyi üstün tutur. Sınaq imtahanlarından sonra dərsin keyfiyyətinə nəzarətin artırılacağını düşünürəm”.

Ekspert Azərbaycanda tədrisin sentyabrın 1-dən başlaması təklifini müsbət qarşılayıb: “Amma bu, prezidentin səlahiyyətində olan məsələdir. Təhsil Nazirliyi təhsil müddətinin artırılmasını təklif olaraq verə bilər. Hazırda Azərbaycanda təhsil müddəti 32,6 həftədir. Bu isə dünya təcrübəsi ilə müqayisədə azdır. Təhsil müddətini 40 həftəyə çatdırmaq üçün dərsləri sentyabrın 1-dən başlamaq və ya tətil günlərini qısaltmaq olar. Amma “təhsil müddətini qısaltsaq, təhsilin keyfiyyəti artacaq” fikri yanlış düşüncənin məhsuludur. Təhsilin keyfiyyətinin artırılması üçün hərtərəfli tədbirlər görülməlidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.