“Halva-halva deməklə ağız şirin olmur”, gənclərə “can-can” deyən, “quru-quru qurban olanlar” az deyil...
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar “Yeni Müsavat”a müsahibə verib. Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:
- Yazıçılar Birliyinin çoxdan bəri gözlənilən qurultayının tarixi açıqlandı. Hazırlıqlar nə yerdədir?
- Mən qurultayla, namizədliyimlə bağlı bir yazı yazmışam və “Ədəbiyyat” qəzetində və “525-ci qəzet”də dərc edilib. Həmin yazıda qeyd etdiyim fikirləri təkrarlamaq istəmirəm. Amma bildirmək istəyirəm ki, ədəbiyyatımızın gələcəyi gəncliklə bağlıdır, amma bu gəncliyi qayğı və tələbkarlıqla yetişdirmək, qarşıdakı daha məsul işlərə hazırlamaq da bizim - yaşlı nəslin borcu və vəzifəsidir. “Halva-halva deməklə ağız şirin olmur”, gənclərə “can-can” deyən, “quru-quru qurban olanlar” az deyil, ara-sıra onları yaşlı nəslə qarşı qoymağa, ya qaldırmağa cəhdlər də edilir. Amma bu heç kəsin xeyrinə deyil. Nə gənclərin, nə yaşlıların... Gəncliyin yaradıcı enerjisi, yazıb yaratmaq həvəsi ədəbiyyatımıza nə qədər lazımdırsa, yaşlıların da halal nüfuzu, illərlə qazanılmış təcrübəsi o qədər lazımdır. Yalnız bütün nəsillərin bir-birinə qarşılıqlı hörməti, səmimi, etibarlı münasibəti sağlam ədəbi mühit təmin edə bilər.
İnanıram ki, növbəti qurultayımız da məhz belə bir işgüzarlıq şəraitində, qarayaxmalıqdan, ədəbiyyata dəxli olmayan dedi-qodulardan uzaq şəraitdə, bütün nəsillərə mənsub olan yazıçılarımızın birgə əməkdaşlığı, qarşılıqlı hörməti şəraitində keçəcək. Qonaqlarımız bir daha Birliyimizin bütövlüyünə və bölünməzliyinə şahid olacaq.
Azərbaycan Yazıçılar Birliyi həmişəki kimi milli maraqlarımıza, müstəqil dövlətimizin mənafeyinə xidmət edəcək, xalqımızın mənəvi dəyərlərinin keşiyində duracaq, ədəbiyyatımızın keçmişinə və gələcəyinə daima sadiq qalacaq. Qurultayda işimizin yeniləşməsi və daha da səmərəli aparılması istiqamətində irəli sürülən konkret təkliflər, alınan qərarlar Birliyin bundan sonrakı fəaliyyəti üçün zəmin yaradacaq.
- Qurultayın yubanman səbəbləri nədir?
- Həmin yazıda buna da aydınlıq gətirmişəm. On ikinci qurultayımızın beş il yubanmasının da obyektiv səbəbləri var. Bu arada Birliyimizin binası uzun müddət ərzində əsaslı təmirə dayandı. 2009-cu ildə təşkilatımızın 75 illiyi çoxlu xarici qonaqların iştirakı ilə qeyd edildi. Həmin günlərdə Bakıda “Sərhədsiz söz” Beynəlxalq Yazıçılar Təşkilatının da toplantısını keçirdik və bu təşkilata sədarət növbəylə Azərbaycana həvalə olundu.
Bu illər ərzində Birliyimizin fəal iştirakıyla bir sıra beynəlxalq səviyyəli tədbirlər, o cümlədən geniş miqyaslı ədəbi tədbirlər keçirildi, klassiklərimizin yubileyləri təntənəli şəkildə qeyd olundu. Birliyimizin təmsilçiləri müxtəlif ölkələrdə ədəbi-ictimai toplantılarda, kitab sərgilərində iştirak etdilər. Bu il Türkdilli ölkələrin yeni yaranmış Yazarlar Birliyinin sədri də Azərbaycandan seçildi.
- Keçək sədrliyə namizədliyiniz məsələsinə. Bu barədə tərəddüdləriniz vardı. Yenidən namizədliyini vermək qərarına necə gəldiniz?
- Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün “qərarımı qurultay ərəfəsində verəcəm” deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram.
- Qələbə şansınızı necə qiymətləndirirsiz?
- Onu mən deyə bilmərəm. Qurultay nümayəndələrindən asılıdır.
- Sədrliyə namizədlərdən biri sizsinizsə, digəri də Elxan Zaldır...
- Onu mən ilk dəfədir ki, sizdən eşidirəm. Mən bilmirəm. Lap yaxşı, namizədliyini veribsə, verib. Ona səs verərlər, o da seçilər.
- Sizin yenidən sədrliyə namizədliyini verməyiniz xəbəri çıxan kimi sosial şəbəkələrdə də müzakirələr başlandı. Azərbaycanda istefa mədəniyyətinin olmamasından tutmuş, bir vəzifədə uzun müddət qalmaya görə sizi tənqid hədəfinə çevirdilər...
- Guya bu xəbər çıxmamışdan qabaq məni tənqid eləmirdilər? Məni 27 ildir tənqid edirlər, o cümlədən də sizin qəzet. Nə üçün tənqid edirlər, hələ də başa düşmürəm. Əgər mən pis işləsəydim, o biri qurultaylarda məni seçməzdilər. Seçiblərsə, demək ki, razı qalıblar ki, seçiblər. İndi mən niyə istefa verməliyəm ki? Nə səbəbə?
-Özünüzdə o enerjini, həvəsi görürsüz ki, daha bir 5 il bu vəzifənin öhdəsindən gələ bilərsiz?
- 5 ili də hiss edirəm, 10 ili də, 15 ili də.
- Hətta...
- Bəli. 10 ili də hiss edirəm, 15 ili də...
- Doğrudanmı əgər sədrliyə layiqli bir namizəd olsaydı, siz də onun potensialına baxıb, sədrliyə namizədlikdən vaz keçərdiniz?
- Hamı layiqdir. İndi mən namizədliyimi vermişəm, kim özünü layiq bilirsə, o da versin. Kimi seçərlər, o da sədr olar.
- Siz bir namizəd olaraq nə vəd edirsiniz? Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan yazıçılarının həyatında nə dəyişəcək bundan sonra?
- Mən bunu qurultaydakı çıxışımda deyəcəm. İndidən niyə deməliyəm ki?
- Niyə demək istəmirsiz ki?
- Niyə deyim axı? Gəlin qurultaya, şəxsən sizi də dəvət etmişik. Gəlin, yenə əleyhimizə nəsə yazarsız Allah qoysa.
- Qurultaya 439 nəfər seçilib. Ənənəvi olaraq iddialar var ki, yenə AYB rəhbərliyinə yaxın insanlar qurultaya seçilib, nisbətən müxalif mövqedə olanlar kənarda qalıb...
- Əgər 439 nəfər Yazıçılar Birliyinə yaxın adamlardırsa, biz bununla ancaq fəxr edə bilərik. Amma 1600 nəfəri seçmək mümkün deyil. Seçilməyənlər də Yazıçılar Birliyinə yaxındılar. Özü də onları mən seçmirəm ki. Seçkilər sessiyalarda olur, ordan seçirlər.
Nizamnaməmizə görə, bəziləri mexaniki daxil olurlar. Ağsaqqallar Şurası İdarə Heyəti, Cavanlar Şurası, Təftiş Komissiyası. Ondan başqa bütün bölmələrdə, sessiyalarda seçkilər keçirilir. Nəticədə də bu adamlar seçiliblər. Təbii ki, bu adamları seçmək mümkün deyil. Kim seçilməyibsə, o adam başlayır Yazıçılar Birliyindən narazılıq etməyə. Hətta seçilənlər də...
- Nəriman Əbdülrəhmanlı ilə bağlı situasiya?
- Bəli, siyahıya baxmamışdan əvvəl deyib ki, məni seçməyiblər, ona görə də çıxıram. Görünür, kimsə ona deyib ki, səni seçməyiblər, o da bəyanat verib. Elə də olacaq. Təbii ki, seçilməyənlər başlayacaqlar narazı qalmağa. Hamını da razı salmaq mümkün deyil.
- Qurultay iştirakçılarının siyahısı da açıqlanıb. Səhv etmirəmsə, Nəriman Əbdülrəhmanlı da, Rüstəm İbrahimbəyov da siyahıda var.
- Bəli, hər ikisi var. Rüstəm İbrahimbəyov da seçilib, çünki Ağsaqqallar Şurasının üzvüdür. Nizamnaməmizə görə onlar nümayəndə olurlar qurultayda. Amma qatılıb-qatılmayacaqlarını məndən soruşmayın. Çünki onların yerinə cavab verə bilmərəm.
- Bu günlərdə sosial şəbəkələrdə Vaqif Səmədoğlunun ictimai mövqeyi ilə bağlı polemikalar oldu. Cəmil Həsənlinin Vaqif Səmədoğlunun 75 illik yubileyinə həsr etdiyi yazıda “Ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” fikirləri müzakirələrə səbəb oldu. Hər nə qədər Cəmil Həsənli sonradan dediklərinin yanlış anlaşıldığını bildirsə də, biz bu fikrə sizin də münasibətinizi bilmək istərdik: ədəbiyyat adamından vətəndaş mövqeyi gözlənilməlidirmi?
- Vaqif Səmədoğlu ən çox ictimai və doğru ictimai fikri olan şairlərdən biridir. Azərbaycan ədəbiyyatının çox böyük nümayəndəsidir. Demək olar ki, canlı klassikdir. Özü də indi bir az xəstədir. Ona qarşı hücumları çox yaramaz bir hərəkət hesab edirəm.
- Yəni yazıçının ictimai mövqeyi olmalıdır deyə düşünürsüz...
- Təbii, təbii. Amma bu, o demək deyil ki, yazıçının ictimai rəyi mütləq müxalifət mətbuatındakı köşə yazarlarının səviyyəsində olsun. Əgər yazıçının ictimai mövqeyi bir köşə yazarının səviyyəsində deyilsə, bu, o demək deyil ki, onun mövqeyi yoxdur. Biz də hesab edirik ki, o sözü yazan adamın mövqeyi yoxdur. Bizim mövqeyimiz həmişə var. Yazıçılar Birliyinin mövqeyi həmişə olub, həmişə var və həmişə də olacaq.
- Mövqe deyəndə həm də prezident seçkiləri öncəsi “biz prezidenti dəstəkləyirik” bəyanatını nəzərdə tutursuz?
- Bu il prezident seçkiləri yoxdur ki...
- Bilirəm, ümumən deyirəm.
- Mən də sizə deyirəm ki, Yazıçılar Birliyinin mövqeyi hər zaman olub. Qarabağ məsələsində, milli məsələlərdə, dövlət müstəqilliyimizin müdafiəsi məsələsində, Xocalı, qara yanvar məsələsində olub. Mən bunları millət üçün vacib məqamlar hesab edirəm. Bu məsələlərdə də Yazıçılar Birliyinin mövqeyi hər zaman dəqiq olub. Bunlar siyasi mövqe deyilsə, nədir?
- Mən siyasi mövqe deyəndə prezident seçkilərində Yazıçılar Birliyinin tutduğu mövqeyi xatırlatmışdım.
- İndi prezident seçkiləri deyil axı, seçkilərdən nə qədər vaxt keçib. Siz mənə bu sualı niyə verirsiz? Ümumiyyətlə, məndən nə istəyirsiz? Nə almaq istəyirsiz ki, sonradan əleyhimə istifadə edəsiz?
- Niyə bu qədər gərginsiz? Mən situasiyaya uyğun sual verirəm...
- Sənə hörmətim var, nömrəni görüb cavab verdim. Amma yenə də bilirdim ki, nəsə “kazennı” suallar verəcəksən. Məndən nə cavab eşitmək istəyirsən? Bunu eşitmək istəyirsizsə deyim: bəli, mən Azərbaycan prezidentini İlham Əliyevi müdafiə edirəm.
- Anar müəllim, biz onu onsuz da bilirik də.
- Yox da. Onu eşitmək istəyirdiz, mən də dedim. Onsuz da elə ancaq bunu yazırsız da: səlahiyyətlərindən sui-istifadə edib. Başqa nə yazmısız ki? Həmişə Yazıçılar Birliyinin əleyhinə olmusuz da. Biz kiminlə konfliktə giririksə, siz onun tərəfində olursuz. Hökumət adamı ilə konfliktdə oluruq, onun tərəfində durursuz. Ermənilərlə, ermənipərəstlərlə konfliktə giririk, onların tərəfində olursuz.
- Biz nə zaman sizə qarşı olmuşuq? Bu gərginliyə nə səbəb var?
- Gərginəm, çünki məni çilədən çıxarır bu suallar. İndi mən sənlə danışıram, çünki sənlə haqq-salamımız var, ona görə də telefonuna cavab verirəm. Amma gündə neçə dəfə zəng edirlər, ancaq tikanlamaq, zəhərləmək, sözdən söz çıxarmaq üçün. Nə istəyirlər bu yazıçılardan, bu birlikdən?