Son vaxtlar intiharlar ölkənin kabusuna çevrilib.Hər gün mediada intihar xəbərləri alırıq. Hətta gün ərzində 3 intihar xəbərini eşitmək adiləşib.
İntihara niyə meyillənirik?
Nədir intihara meyililik?Çıxış yolu tapmaqda bu qədərmi acizik?
Bəzən düşünürük ki, bəlli bir yaşda, dərrakədə olan insan intihar həddinə çatsa da, vəziyyətdən çıxış nöqtəsi tapmaqda aciz qala bilməz.Amma son müşahidələr bunun əksini göstərir.Doğrudan da yaşından, ağlından asılı olmayaraq intihar həddinə çatan və özünə qəsd etməyi bacaranlar var. İntihara səbəb ilk növbədə insanın özünə aqressiv münasibətinin yaranmasıdır.Bu son nöqtədir.Aqressivlik halını dəyişmək mümkündür, ancaq bəzən insan buna gecikir.Bunun üçün uzun zaman psixoloq yardımından istifadə etmək lazım olur.Yalnız psixoloq intihar etmək niyyətində olan insanı bundan çəkindirə bilər.
Zaman-zaman psixoloq, mütəxəsiss rəylərindən oxuyuruq ki, intihar təkcə xüsusi problem olanda baş vermir.Hətta olduqca şən, sakit, xoşbəxt görünən insanlar da intihar edirlər.
Amma son statistikalara nəzər salsaq, intiharın daha çox yeniyetmələr, uşaqlar arasında baş verdiyini görərik.Psixoloqların sözlərinə görə intihar hadisələrinin qarşısını almaq üçün profilaktik tədbirlər görülmür.Sadəcə, valideynlərə müəyyən tövsiyyələr verilir və övladlarına görə diqqətli olmağa çağırılır.
Azərbaycanda uşaqların və yeniyetmələrin intihar etməsi ilə bağlı müxtəlif tədqiqatlar aparılıb.Məlum olub ki, ölkədə uşaq və yeniyetmələrin intihar cəhdlərinin əsasən qorxu, qəzəb, özünü, yaxud ətrafdakıları cəzalandırmaq hissindən yarandığı bildirilir.Həmçinin, müxtəlif yaşda olan uşaqların müxtəlif səbəblərdən özünəqəsd etdiyi də qeyd edilir.
Uşaqların intihar səbəbi...
Ekspertlərin fikrincə, uşaqlar çox hallarda özlərini cəmiyyətdə göstərə, arzularını reallaşdıra bilmədiklərinə görə intihara əl atırlar.İlk növbədə hər şey ailə çərçivəsində, ailə mühitində özünü göstərir.Yeniyetmələrin 12 yaşdan etibarən müstəqil həyata atılmaq cəhdləri, özlərini cəmiyyətdə şəxsiyyət kimi göstərməyə olan meyilləri ailə və cəmiyyət tərəfindən yetərincə dəstək almadıqda həmin yeniyetmələrdə psixoloji böhran halları baş qaldırır.
Təbii ki, ailədə və əhatə olunan ətraf arasında sevgi və hörmət görməyən yeniyetmə özünə qapanmağa meyillənir.Xüsusilə, də azyaşlılar arasında intihar hallarının artmasında kompyüter oyunları, internet və bəzi filmlərin də rolu böyükdür.Televiziyada zorakılıq faktlarının yer aldığı filmlərin nümayişi də təsirsiz ötüşmür.Bəzi anlarda öz dostları və sevgililəri tərəfindən mənəvi zorakılıq görənlər bir növ intihar etmə depressiyası yaşayırlar.Bu halda onlar intiharın bir addımlığında olurlar.
Bu günlərdə Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqladı.Nazirlik Azərbaycanda intihar etmiş uşaqların sayının elə də yüksək olmadığını bildirib. Qurum qeyd edib ki, ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı.Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intiharetmə halları müşahidə edilir.Münaqişəli ailələrdə uşaqlar daha çox əziyyət çəkir.Məsələn, ata övladını döyür.Uşaq isə intihara əl atır.Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır. Nazirliyin açıqlamasına görə 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000 - 5000 nəfər müraciət edir. Demək ki, Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında da xeyli artım var. Bununla belə nazirlik heç də vəziyyətin təhlükəli olmadığını hesab edir.
Baş vermiş son intihar rəqəmlərindən belə məlum olur ki, özünəqəsdlərin “qəhrəmanları” kişilərdi.Özlərini həyatdan məhrum edən kişilər çətin dolanışıqdan, sosial problemlərdən və borclardan yaxa qurtarmaq üçün bunu edirlər.Canlarına qıymaqla bütün problemlərdən, həyatdan qurtulmaqla əslində özlərini xilas etmiş olurlar.Amma bütün hallarda bu durumdan çıxış yolu deyil.Maraqlıdır ki, intiharların çoxu payız aylarında baş verir.Çünki bu fəsil insanları depressiyaya salır, onların psixologiyasına mənfi təsir edir.Onsuz da çıxılmaz durumda olan şəxs bir qədər də payız depressiyasının qurbanına çevrilir.
13 gündə 9 intihar...
Təkcə bu ilin oktyabr ayında 7, noyabr ayında 11, dekabrın 13-nə olan məlumata görə isə 9 intihar hadisəsi olub.Rəqəmlərdən görünür ki, intihar hadisələrin sayı getdikcə artmaqda davam edir.13 gündə 9 intihar olayının yaşanması heç də ürəkaçan mənzərə deyil.Bu artıq ciddi siqnal deməkdir ki, ekspertlər bununla bağlı həyəcan təbili çalır.
Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9.7, Ermənistanda 8.6, Rusiyada 32, Azərbaycanda isə 5.3 intihar halı düşür. Avropada ən aşağı rəqəmlər Azərbaycandadır.Hər halda bu sözügedən qurumun açıqlamasına görə belədir.Amma fakt bunun əksini deyir.Ümumiyyətlə, son illər borclara görə intiharların sayı artıb. Ekspertlərin rəyinə görə hər il ölkəmizdə 500-dək intihar hadisəsi baş verir ki, bunun 200-220-si qadınların payına düşür.
Qeyd edək ki, ötən il Azərbaycanda 327 intihar hadisəsinin qeydə alındığı deyilir. Qeyd olunur ki, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub.Onların sayı isə 470-dir. 2015-ci ildə isə bu rəqəm 515 olub.Daxili İşlər Nazirliyindən isə bildirmişdilər ki, ötən ilin təkcə 9 ayında ölkədə özünü öldürmə həddinə çatdırmaqla bağlı 500 cinayət işi açılıb.
İslamda intihar...
İntihar şəriətdə günah sayılır.İntihar insanı cəhənnəm atəşinə düçar edən kəbirə günahlardan sayılır.İnsanın hər bir şeyi Allaha məxsusdur və Onun malikiyyətidir.Ona görə də insanın haqqı yoxdur ki, Allahın malikiyyətinə qıysın və əl qaldırsın.Belə bir günaha düçar olan, hətta Əhli-Beyt (ə) davamçısı cəhənnəm odunda yanar.Ola bilsin ki, bəlkə etdiyi kəbirə günaha görə cəzasını çəkdikdən sonra bağışlana bilər. Peyğəmbər (s) buyurur:
“Mənim şəfaətim ümmətimin kəbirə günahına düçar olmuşlar üçündür”. Başqa yerdə buyurur: “İntihar etməyin. Allah sizə qarşı mehribandır. Hər kim bu əməli təcavüz və zülm üzündən yerinə yetirər, onu tezliklə atəşə daxil edəcəyik”. İmam Sadiq (ə) buyurur: “Hər kim özünü bilərəkdən öldürərsə, cəhənnəmim cavidan atəşində olar”. İmam Baqir (ə) buyurur: “Mömin mümkündür ki, hər bir bəlaya düçar olsun və hər cür ölsün. Ancaq heç bir zaman intihar etməz”.
Alçina Amilqızı
Cebhe.info