Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” HADİSƏ YERİNDƏN

19-12-2017, 20:48   


Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvanda köhnə evlərin bir qismi sakinlər köçmədiyi halda dağıdılıb, yaşanmaz hala gətirilib. Dekabrın 19-na keçən gecə yatmağa hazırlaşan sakinlər səs-küyə küçəyə çıxıblar, bəlli olub ki, evlərin damı uçurulur. Söküntünü aparan fəhlələr deyiblər ki, narahatçılığa əsas yoxdur, divarlar şirkətlə sakinlər razılığa gələndən sonra uçurulacaq. İndi sakinlər söküntüdən qəzalı vəziyyətə düşmüş evlərində qorxu altında yaşayırlar.

Həmin evlər Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə evlərin sökülərək yerində yenil yaşayış binalarının tikintisini nəzərdə tutan, “pilot layihə” adlandırılan proqram çərçivəsində sökülür. Sakinlərə yeni mənzillər hazır olana qədər kirayə mənzillərdə qalmağı təklif edirlər. Lakin sakinlərin bir qrupu bu təkliflə razı deyil, kompensasiya və ya hazır mənzil tələb edirlər.

Virtualaz.org saytının əməkdaşları narazı sakinlərlə görüşüb, onların şikayətini dinləyiblər.



Sakinlərdən Sara Poladova deyir ki, söküntünü aparan “Dönüş 1” MMC-nin rəhbəri Əli Həsənovu əvvəllər dəllal kimi tanıyıblar. Həmin şəxs bir neçə il əvvəl Qurban Abbasov küçəsində 13 evin yerləşdiyi məhəlləni satın alıb. İlk söküntü də həmin məhəllədən başlayıb. virtualaz.org araşdırıb ki, həmin MMC Milli Məclisin deputatı Adil Əliyevə bağlıdır.

“Evimizin sağında və solunda yaşayan sakinlər köçürülüb, dərhal da söküntü aparılıb. İndi 8 ev ortada qalıb. Bu evlər elə tikilib ki, bünövrəsi, sütunları bir-biri ilə birləşir. Söküntü aparılarkən evlərin hamısına zərər dəyib, dərin çatlar yaranıb”, -şikayətçi deyib.



Söküntü aparılarkən işıq, su xətti də kəsilib. Sakinlərin şikayətindən sonra elektrik enerjisinin verilməsi bərpa edilsə də, su vaxtlı-vaxtında gəlmir. Söküntü aparılan evlərin tör-töküntüsü daşınmayıb, elə məhəllənin ortasına atılıb. Sakinlərin evlərinə gediş-gəlişi çətinləşib. Şikayətçilər hesab edirlər ki, qəsdən belə şərait yaratmaqla onlara təzyiq edirlər, onları evlərini tərk etməyə məcbur etməyə çalışırlar.

Sakinlərdən biri isə əlavə edir ki, Səbail rayon İcra Hakimiyyətinə şikayət ediblər. Bundan sonra icra başçısının birinci müavini Abid Əliyev məhəlləyə gəlib. Amma sakinlərin şikayətlərini dinləmədən söküntü əmrini verib: “Dedi ki, guya şirkət rəhbərindən fantastik məbləğ istəmişik. Bildirdik ki, sizə yalan məlumat verilib, bizə ümumiyyətlə kompensasiya təklif olunmayıb. Əliyev onunla narazı tonda danışmaqmağımıza əsəbləşdi, “evləri sökün” əmrini verib getdi”.



Sakinlərdən Minayə Məmmədova isə deyir ki, gəlini yolka bəzəyirmiş, birdən ev sirkələnib, zəlzələ olduğunu düşünüb küçəyə qaçıblar. Məlum olub ki, qonşu evi sökürlər, bunların evinin də damını uçurublar. Söküntüyə polis əməkdaşları nəzarət edir, hətta əşyaları da çevik polis alayının əməkdaşları daşıyır. Sakinlərin mətbuata şikayətindən sonra Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov da məhəlləyə gəlib, şikayətlərin araşdırılacağını vəd edib. Amma hələ də onlarla danışıq aparan yoxdur. İndi sakinlər qəfildən evlərinin başlarına uçuracaqlarının qorxusu ilə gecə-gündüz küçədə növbə çəkirlər....








Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.