ADNA terrorunu və Binəqədidə yanan “bina işi”ni yenidən araşdırmaq zərurəti var, amma...
Eldar Mahmudov vəzifədən çıxarılandan sonra MTN-də illərlə bağlı qalan cinayətlərin nəhayət ki, yenidən araşdırılacağına ümidlər yarandı. Az keçmədi ki, illərlə bağlı qalan, Eldar Mahmudovun qeyri-rəsmi tapşırıqları əsasında bir kənara atılmış cinayət işlərinin qovluqları tozlu arxivlərdən çıxarılaraq yenidən araşdırılmağa başlandı. Belə işlər sırasına “8-ci kilometr” bazarının yağmalanması və digər işləri də aid etmək olar. Amma Eldar Mahmudovun qeyri-rəsmi qadağa qoyduğu və bu gün də araşdırılmayan işlər də var.
Belə işlər sırasında sabiq nazirin keçmiş həyat yoldaşı Yana Mahmudovanın, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, Binəqədidə “yanan bina işi”ndən 10-15 gün əvvəl Nərimanov rayonunda Hərbi Prokurorluqla üz-üzə binanın qəsdən yandırılması, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror olayı və digər işlər də var.
Eldar Mahmudovun keçmiş həyat yoldaşı Yana Mahmudovanın ölüm işi uzun illər geniş ictimaiyyətdən gizlin saxlanılıb. Eldar Mahmudov vəzifəsini itirəndən sonra bu haqda mətbuatda xəbərlər yayılıb. Həmin xəbərlərdə iddia olunub ki, Yana Mahmudovanı hazırda həbsdə olan MTN generalı Akif Çovdarov qətlə yetirib.
Həmin xəbərdə deyilirdi: “Təxminən 2006-cı ildə mən bu cütlüyün (Eldar Mahmudovla Akif Çovdarov nəzərdə tutulur- E.H.) daha bir cinayətinin izinə düşdüm. Söhbət Eldar Mahmudovun ilk həyat yoldaşı, milliyyətcə ləzgi olan Yana Mahmudovanın qətlindən gedir. Yeri gəlmişkən, 1993-cü ildən onu heç kim axtarmır və Daxili İşlər Nazirliyində itkin düşmüş şəxslərin siyahısındadır. Amma dəqiq məlumat əldə etmişdim ki, Yana Mahmudova Akif Çovdarov tərəfindən qətlə yetirilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrim 2006-cı ildə bu məlumatı təsdiq etmişdi”.
Eldar Mahmudov vəzifəsini itirəndən sonra “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli işində irəliləyiş olacağına da inam yaranmışdı. Elmar Hüseynov qətlə yetiriləndən sonrakı illər ərzində Eldar Mahmudovun 11 ilə yaxın rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi bu qətl işi ilə bağlı əməli addım atmadı.
Halbuki qətldən sonra prokurorluq orqanları azad sözə yönəlmiş bu ağır cinayətin üstünün açılması üçün bir sıra mühüm addımlar atmışdılar. Qətldə dolayısı ilə iştirak etmiş Turqay Bayramov həbs edilmiş, killer dəstəsinin 2 üzvü müəyyən olunmuşdu. Lakin cinayət işi prokurorluqdan alındı və MTN-ə ötürüldü. Bundan sonra istintaq yerində saymağa başladı, cinayətin üstü açılmamış qaldı. Halbuki Elmar Hüseynova qarşı törədilən cinayətin iştirakçıları və təşkilatçısı haqda da bu günə qədər təkzib olunmayan, lakin araşdırılıb-araşdırılmaması bəlli olmayan faktlar ortadadır. Məsələn, A.Çovdarovun bu qətlin təşkilatçısı olduğunu 2010-cu ilin yayında o zaman həbsdə olan jurnalist Eynulla Fətullayev gündəmə gətirmişdi. E.Mahmudov işdən qovulandan, Akif Çovdarov da daxil olmaqla onun komandasının üzvləri həbs ediləndən sonra bu cinayətin araşdırılacağına ümidlər yaranmışdı. Elmar Hüseynovun qətlində icraçı kimi 5 Gürcüstan vətəndaşının adı keçir. Bunlar - Tahir Xubanov, Teymuraz Əliyev, Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişovdur. Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri bilinir. Onlar sonuncu dəfə Azərbaycanı 2005-ci il mart ayının 3-də səhər saat 8:24-də - Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri tərk ediblər. Təşkilatçılar və icraçılar haqda müfəssəl məlumatlar ortada ikən, baş redaktorun qətli niyə araşdırılmır? Bundan başqa, qətldən sonra üzə çıxan bir çox müəmmalar da araşdırılmamış qalıb.
Bu haqda ötən yazılardan birində qeyd etmişdik. Bir daha yazdıqlarımıza nəzər salaq: “Məsələn, Elmar Hüseynova mənzilinin girişində açılan atəşlərdən sonrakı dəqiqələrdə onun evində telefon işləməyib. Yaxınlarının istifadəsində olan mobil telefonlardan da zəng etmək mümkün olmayıb. Bu məsələ qətldən 2 gün sonra AzadlıqRadiosunun efirində müzakirə olunub. Müzakirədə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, ”Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və o dövrdə “Monitor” jurnalının redaktor müavini olan Eynulla Fətullayev iştirak ediblər. Müzakirədə baş prokurorun müavini Ramiz Rzayevə istinadən bildirilib ki, istintaq ancaq mərhumun atası və xanımının qətl törədilən vaxt işıq, mobil və şəhər telefonunun qəsdən kəsilməsi barədə iddialarını araşdırıb. Həmin müzakirədən sitat: “Cənab Rzayevin sözlərinə görə, mobil və şəhər telefonu daim işləyib. Müstəntiqlər uzağı 4-5 dəqiqə rabitədə nasazlıq olduğunu ehtimal edirlər. Şəhər telefonu isə ancaq otaqlardan birində, xətt qırıldığı üçün işləməyib”. Bundan başqa, qətlə yetirilən baş redaktorun həyat yoldaşı Ruşaniyyə Hüseynova da müsahibələrində telefonların işləmədiyinə diqqət çəkib. Maraqlıdır ki, qətllə bağlı digər məqamlar araşdırılsa da, telefonların işləməməsi diqqətdən kənar qalıb. Necə olub ki, rabitədə 4-5 dəqiqəlik nasazlıq yaranıb? Bu, bir təsadüfdür, yoxsa yaxşı hazırlanmış qətl planının tərkib hissəsidir? Elmar Hüseynov öldürüldüyü gün onu yaşadığı binaya “Monitor” jurnalının kommersiya direktoru Zakir Rzayev gətirib.
“Yolda Elmar mağazadan oğluna yoqurt aldı. Sonra binalarının qarşısında avtomobildən düşdü. Avtomobildən düşərkən ”Zerkalo" qəzetinin müxbiri İbrahim (İbrahim Bayandurlu 2010-cu ildə vəfat edib) zəng etdi. O, İbrahimlə telefonla danışa-danışa binaya daxil oldu", - deyə qətldən sonra Zakir Rzayev bildirib. Deməli, Elmar Hüseynovun telefonu binaya daxil olana qədər işləyib. Qətldən dərhal sonra isə telefon sadəcə, ümumi şəbəkədən 5-6 dəqiqəliyə ayrılıb. Həmin 5-6 dəqiqədə killer dəstəsi ərazidən uzaqlaşıb. Sonradan telefonlar işləməyə başlayıb və çağırışla əraziyə təcili yardım, hüquq-mühafizə orqanları gəliblər. Hadisə yerindən 150 metr aralıda papaq və tapança aşkar edilib ekspertizaya təhvil verilib. Amma heç bir əl izləri olmayıb. Deməli, baş redaktorun qətlində təsadüfi heç nə olmayıb. Qətl və ondan sonra baş verənlər telefonların nasazlıq üzündən işləməməsi versiyasına çox ciddi şübhələr yaradır.
Image result for ADNA-dakı terror
Yana Mahmudovanın, Elmar Hüseynovun, Binəqədidə bina yanğını zamanı dünyasını dəyişənlərin, ADNA-dakı terror olayı zamanı öldürülən və yaralananların qanı yerdə qalmamalıdır. Ən azından ona görə ki, gələcəkdə belə cinayətlər təkrar edilməsin...
E.HÜSEYNOV