Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının gələn il pik həddə çatacağının anonsu verildi; 2018-ci ildə Dağlıq Qarabağ problemi qlobal güclərin xarici siyasət maraqlarının periferiyasına sürüşəcək - iddia...
Bitməkdə olan 2017-ci ilin növbəti ilə “proyeksiya” edəcək mühüm hadisələrindən biri də ABŞ-ın açıqladığı Milli Təhlükəsizlik Strategiyası oldu. Azərbaycanın təhlükəsizliyi üçün də təsirsiz ötüşməyəcək həmin sənəd Vaşinqtonun yaxın illərə hesablanmış “Yol xəritəsi” də adlandırıla bilər - doğuracağı bütün pozitiv və neqativ nəticələri ilə birgə.
Bu, bir gerçək ki, dünyada artıq yeni “soyuq savaş”ın küləkləri əsməyə başlayıb. Ötən həftə ABŞ-ın Ukraynaya ölümcül silahlar vermək haqda çıxardığı qərar, Gürcüstanı altdan-altdan silahlandırması, Şərqi Avropa ölkələrində özünün hərbi mövcudluğunu gücləndirməsi və raket hücumundan daha mükəmməl müdafiə sistemləri qurmağa davam etməsi, bütövlükdə sürətlə silahlanma yarışının yeni mərhələyə adlaması, Yaxın və Orta Şərqdə Rusiya ilə geosiyasi toqquşmanın yeni çalarları SSRİ-nin süqutundan sonra növbəti “soyuq savaş”ın əlamətləri sayıla bilər. Bu savaşdan ağır sanksiyalar altında olan, hərbi qüdrəti iqtisadi-maliyyə potensialı ilə ildən-ilə daha böyük təzad təşkil edən Rusiyanın qalib ayrılacağından danışmağa isə dəyməz.
*****
Bu arada Rusiyanın 2018-ci il üçün hərbi büdcəsi açıqlanıb. Şimal qonşumuz gələn il hərbi xərclərə 46 milyard dollar ayıracaq. Müqayisə üçün qeyd edək ki, 2018-ci il ABŞ-ın müdafiə büdcəsi təqribən 700 milyard dollar məbləğində nəzərdə tutulub ki, bu da Rusiyanın hərbi xərclərindən təxminən 15 dəfə (!!) çoxdur. Aradakı fərq özlüyündə çox şey desə də, belə görünür ki, Kremli arxayın salan yeganə amil Rusiyanın nüvə başlıqlarının sayına görə dünya birincisi olmasıdır - 8484 başlıq (ABŞ-da 7506, Çində 250 başlıq var).
“Rusiyanın potensial təhdidlərə qarşı reaksiya vermək kimi suveren haqqı və imkanları var”. Rusiya prezidenti Vladimir Putinin bu sözləri də yəqin ki, ən əvvəl ölkənin böyük nüvə potensialına olan arxayınçılıqdan irəli gəlir. Putin onu da deyib ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası hücum və aqressiv xarakter daşıyır. “ABŞ bütün işləri kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı yox etməyə doğru aparır. Rusiya öz nüvə gücünü inkişaf etdirməlidir”, - deyə o, böyük ehtimalla, elə əsas rəqibi ABŞ-ı nəzərdə tutaraq hədələyici tonda əlavə edib.
*****
Sadalananlar Rusiya ilə ABŞ arasında gərginliyin qarşıdakı illərdə artan xətlə güclənəcəyi ilə bərabər, gərginliyin digər strateji sahələrə, hətta nüvə təhlükəsizliyi sferasına yansıyacağının anonsu sayıla bilər. Rusiyaya münasibətdə ənənəvi sərt siyasət yürüdən respublikaçıların hakimiyyəti dönəmində Putin iqtidarına (hansı ki, gələn mart seçkilərində yəqin ki, daha 6 il hakimiyyətə qalmaq imkanı qazanacaq) münasibət hər halda, bundan yumşaq olmayacaq. Həm də o səbəbdən ki, nə Krım və Donbas məsələsində (Ukrayna), nə də Gürcüstana və digər “Yaxın xaric” ölkələrinə qarşı Moskvanın aqressiv siyasətində yumşalma, yaxud Qərblə, ABŞ və NATO ilə uzlaşma gözlənilmir. Əksinə.
Qeyd edək ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında bu məsələ “qırmızı xətt” kimi keçir, Rusiya Ukrayna və Gürcüstana birbaşa hərbi müdaxilə etməkdə ittiham olunur. Sitat: “Rusiya Gürcüstan və Ukraynaya soxulmaqla göstərdi ki, region ölkələrinin suverenliyini pozmağa hazırdır. Rusiya həmçinin, öz nüvə potensialını artırmaq və hücum silahlarını yerləşdirməklə öz qonşularını hədələrlə qorxutmaqda davam edir”.
Buradan çıxan əsas qənaət odur ki, Rusiyanın həmsərhəd postsovet ölkələrinə qarşı aqressiv siyasətinə ABŞ daha əvvəlki kimi seyrçi qalmaq niyyətində deyil. Bu da sözsüz ki, Moskvada adekvat qıcıq yaradacaq. Söhbət həm də hərbi xarakterli vasitələrdən gedir. Artıq qeyd olunduğu kimi, ABŞ-ın Ukraynaya ölümcül silahlar verilməyə başlaması, Gürcüstanı altdan-altdan ən müasir döyüş sistemləri ilə təchiz eləməsi buna sübutdur.
*****
ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasından yuxarıda gətirdiyimiz sitat postsovet ölkəsi kimi Azərbaycana və onun maraqlarına da birbaşa dəxli var. Ən azından ona görə ki, Rusiya illərdir Ermənistanla birgə ərazilərimizin 20%-nin şərikli işğalçısıdır. Bu və digər səbəblərdən iki qlobal geosiyasi güc arasında budəfəki qütbləşmə, “soyuq savaş” region ölkələrin taleyinə də izsiz ötüşə bilməz.
O sırada Azərbaycan kimi ölkələrin siyasi düşərgələrin hansında yer almasından dolayı seçimlə üzləşməsi istisna deyil. Ölkəmizin coğrafi mövqeyi, onun ABŞ-ın əsas təhlükə elan elədiyi Rusiya ilə İran arasında “sıxılması” bunu bir qədər də qaçılmaz edır. Doğrudur, son vaxtlar Türkiyə ilə Rusiya arasında ciddi yaxınlaşma baş verib. Yəni qardaş ölkə bu xüsusda Azərbaycan üçün müəyyən “straxovka”, “bufer” rolu oynaya bilər. Hərgah, yeni “soyuq savaş”ın ruzigarları Ankaranın özünü də seçimlə üzləşdirə biləcəyindən, məsələ sadə görünmür.
Bütün hallarda rəsmi Bakı üçün kritik bir il, seçim ili yaxınlaşır - “soyuq savaş” seçimi. Politoloqların bu yöndə fikirləri qənaətimizi möhkəmləndirir.
*****
“Mən əminəm ki, ABŞ-ın qəbul elədiyi yeni Milli Təhlükəsizlik Strategiyası ilə dünya artıq ”soyuq savaş" dönəminə girib. Bu strategiya xaricdə ABŞ maraqlarını irəli aparmaq üçün “güc mövqeyindən sülh” yanaşmasına üstünlük verəcək. Əsas düşmən qismində isə artıq Rusiya müəyyən edilib - hansı dövlət ki, sənəd müəlliflərinə görə, Amerikanı yeni nəsil silahlarla hədələyir".
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ADA) politologiya kafedrasının dosenti Yelena Qasımova rusdilli vesti.az nəşrinə müsahibəsində deyib:
“Əlbəttə ki, Amerika strategiyası İrandan da yan keçə bilməzdi - hansı dövlətə qarşı ki, Vaşinqton hesab edir ki, bütün Yaxın Şərq məkanında mübarizə aparmaq vacibdir, üstəlik, o məkanda ki, orada Tehranın təsiri 2017-cin ildə əhəmiyyətli ölçüdə güclənib. Vaşinqtonun baxışına görə, istənilən coğrafi nöqtə ABŞ üçün təhlükə mənbəyi ola bilər. Demək, oranın ”qaynar nöqtəyə" çevrilməsi üçün bütün şansları var - əgər Ağ Evin müvafiq qərarı olarsa. Beləcə, Barak Obamanın çox sevdiyi “yumşaq güc” taktikası tədricən unudulmağa doğru gedəcək, nüvə dövlətlərinin artan qarşıdurması isə bütün səviyyələrdə - geosiyasi, hərbi, informasiya, sosial-mədəni, idman və s. sahələrdə özünü göstərəcək. Əlbəttə ki, biz Koreya yarımadası, İran, Suriya və şübhəsiz ki, Ukrayna ətrafında və ehtimal ki, başqa istiqamətlərdə gərginliyin artmasını görəcəyik. Ancaq düşünürəm ki, dünya 2018-ci ildə qlobal hərbi toqquşmadan qaça biləcək. Hər halda, Amerika artıq effektli silah kimi sanksiyalar üsuluna yiyələnib və təbii ki, ondan imtina etməyəcək" - politoloq bildirib.
Onun sözlərinə görə, belə şərtlər altında Azərbaycanın əvvəlki balanslı siyasəti davam etdirməkdən savayı yolu qalmır. “Bakının bu siyasəti İrəvanın ”ya-ya", yəni “həm Rusiya, həm Qərb” siyasətindən köklü şəkildə fərqlənir. Qərb istiqamətində rəsmi Bakı üçün manevr sahəsi olduqca məhduddur. Səbəbləri çoxdur. İlk növbədə Azərbaycanın İran və Rusiya arasındakı coğrafi mövqeyi göstərilə bilər. Moskva və Tehran isə ABŞ-a qarşı Obama dönəmi ilə müqayisədə daha güclü dirənişə hazırlaşır", - politoloq vurğulayıb.
Qarabağ böhranının həll perspektivinə gəlincə, politoloq hesab edir ki, gələn il Moskva və Vaşinqton üçün bu problem xarici siyasət maraqlarının periferiyasına sürüşəcək və danışıqlar prosesi tədricən dayanacaq: “Böyük oyunçularda sülh danışıqlarına maraq yalnız qəfil, fors-major vəziyyətlərdə (müharibə - red.) təzədən yarana bilər”, - deyə o, əlavə edib.
“Yeni Müsavat”ın analitik xidməti