Onlar vəzifədən mümkün qədər tez alınmalıdır
Azərbaycanda vəzifədən alınan, yaxud həbs edilən hər məmurun yüz milyonlarla, bəzi hallarda isə milyardlarla manat dövlət vəsaitini taladığı üzə çıxır. Son illərin cinayət xronologiyasına baxmaqla, dövlətdən, xalqdan talanan pulların məbləğini təsəvvür etmək olur.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması ilə onun rəhbərlik etdiyi nazirliyin yüksək çinli generalları vasitəsilə yüzlərlə məmur və biznesmenin soyulduğu üzə çıxdı. Məlum oldu ki, ölkənin, dövlətin təhlükəsizliyi kimi mühüm işi bir kənara qoyan “MTN generalları” əsasən imkanlı şəxsləri “ilişdirmək” və külli miqdarda pulunu alıb buraxmaqla məşğul olublar. Onların yalnız sabiq Metropoliten rəisi Tağı Əhmədovdan şantaj yolu ilə aldıqları pulun miqdarı 3 milyon manat təşkil edib. Cinayət işinin istintaqı zamanı üzə çıxan quldurluq faktları üzrə mənimsənilən vəsaitlərin ümumi həcmi isə bundan yüz dəfələrlə yüksəkdir.
MTN işindən az sonra başlanan “Rabitə işi” üzrə cinayət istintaqında Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki korrupsiyanın, dövlət vəsaitlərini mənimsəmənin miqyası üzə çıxarılmış oldu. Bu nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun istintaqa verdiyi ifadə bu baxımdan çox mühümdür: “Nazirlikdə aparat rəhbəri işlədiyim dövrdə nazir Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi Beytulla Hüseynova verdiyi tapşırığa əsasən Beytulla Hüseynov 2009-cu ildə mənə ayda 200.000 manat, sonradan birliyin gəlirləri artdığından 2012-ci ildə aylıq olaraq 300.000 manat, bəzi hallarda, yəni həmin ilin yanvar-fevral aylarında 500.000-600.000 manat məbləğində pul verib. Belə ki, hər ayın sonunda Beytulla Hüseynov Əli Abbasovun qəbuluna gələrək birliyin gəlirləri, verəcəyi pul barədə məlumat verirdi. Beytulla Hüseynov nazirin qəbulundan çıxandan sonra mənimlə görüşürdü və bildirirdi ki, birliyin baş mühasibi Anar Mustafayev mənimlə əlaqə saxlayacaq. Bir müddət sonra Anar Mustafayev mənim yanıma gələrək birliyin gəlirləri, yuxarıda qeyd edilən pul məbləğlərini və yazılı qeydləri mənə verirdi. Mən də onun gətirdiyi məlumat əsasında birliyin gəlir və xərclərini hesablayıb ümumi məbləğ tərtib edib Əli Abbasova verirdim. Aldığım pulu isə otağımdakı seyfdə saxlayırdım”.
Bundan başqa, V.Zeynalov ifadəsində göstərib ki, aylıq pul verənlər BTRİB və “Aztelekom” MMC olub. “Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən isə 220.000-240.000 manat məbləğində pul verilib. Bundan əlavə, qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib. BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50.000-100.000 manat pul qalıb. V.Zeynalov ifadəsində bildirib ki, qeyd olunan ödənişlərlə bağlı hər birliyin və idarənin rəhbəri nazirə əvvəlcədən məlumat verib və verəcəkləri pulun miqdarını onunla razılaşdırıblar. Onda toplanan pullar isə nazirin göstərişi ilə paylanılıb.
Nazirin tapşırığı ilə bir il yarım ərzində həmin puldan hər ay 50.000 ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi Teymur (MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev) adlı şəxsə onun sürücüsü, 2011-ci ildən başlayaraq isə hər ay 100.000 ABŞ dollarını nazirliyin kuratoru Sübahir (MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov-red.) adlı şəxsə sürücüsü vasitəsi ilə göndərib. Bundan əlavə, hər ay toplanan puldan 200.000-300.000 manat nazirin şəxsi işlərinə sərf olunması üçün onun özünə verib. 520.000 manat isə nazirliyin şöbə rəisləri vasitəsi ilə nazirliyin əməkdaşlarına paylanılıb. Təxminən 50.000 manat digər xərclərə, o cümlədən bayram şənliklərinə, qonaqlara hədiyyə alınmasına sərf edilib. Bundan, əlavə həmin puldan hər ay əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat onun özünə ayrılıb və ona verilib. Nazir müavinlərinə ayda əvvəllər 15.000-20.000 manat, son iki ildə isə hər birinə 30.000 manat verib.
Bu qədər talanan pullardan dövlətə qaytarılan yalnız 119 milyon 468 min manat oldu. Həmin pullar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin hamısından birlikdə alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilib.
E.Mahmudovun postdan getməsi ilə Azərbaycanda daha böyük, dövləti 20 milyard manata yaxın zərərlə üz-üzə qoyan maliyyə fırıldağının üstü açılmış oldu. Söhbət Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onun komandasının özlərinə götürdükləri, eyni zamanda kredit adıyla digər şəxslərə payladıqları milyardlarla manat vəsaitdən gedir.
Hansı ki, faktiki olaraq girov təminatı olmadan verilən həmin kreditlərə görə Beynəlxalq Bank batmaq təhlükəsi ilə üzləşdi, dövlət onun 10 milyarda manatlıq toksik aktivlərini, xarici kreditorlar qarşısındakı 3 milyard dollarlıq borclarını öz üzərinə götürmək məcburiyyətində qaldı.
2017-ci il ərzində vəzifəsini itirən 2 nazirin də külli miqdarda var-dövlət topladığı bildirilir. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun illər boyu nəqliyyat layihələrinə dövlət büdcəsindən ayrılan milyardlarla manatdan əldə etdiyi gəlirlər hesabına elə Azərbaycanda qurduğu biznesinin dəyəri yüz milyonlarla manata çatırdı. Daxildəki yatırımlardan əlavə oğlu və yaxınları vasitəsilə xaricə də böyük paralar çıxarmağa nail ola bilmişdi. Hazırda övladlarının həmin pullarla xaricdə dəbdəbəli həyat sürməyə davam etdiyi bildirilir.
Bu yaxınlarda kreslosundan məhrum olan sabiq vergilər naziri Fazil Məmmədovun gizli yolla ölkədən kənara çıxardığı vəsaitin 1 milyard dollar civarında olduğu deyilir.
Beləliklə, aydın olur ki, vəzifədən alınan, yaxud həbs olunan məmurların hamısı vəzifə səlahiyyətlərindən dövlətdən daha çox özləri, yaxınları naminə, varlanmaq, dövlətin vəsaitlərini mənimsəmək məqsədilə istifadə ediblər. Faktiki olaraq bu məmurların yırtıcı, canavar xisləti göz önündədir - təkcə varlanmayıblar, kor-təbii şəkildə dövləti talayıb, viran qoymağa çalışıblar. Bu isə onların aldıqları cəzaların qat-qat artığına haqq etdiklərini göstərir. Hakimiyyət öz sıralarını bu soyğunçu məmurlardan nə qədər tez təmizləyərsə, özü və dövlət üçün bir o qədər xeyir əldə etmiş olar, büdcə vəsaitlərinin talanmasının qarşısı alınar.
TURQUT,
“Yeni Müsavat”