İşdən qovulan nazirlə bağlı alovlu xəbər; Sabiq nazirin imarətini bir anda alov bürüdü; sauna kompleksi kül oldu; hadisə yerindən özəl fotolar
Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun çevrəsində çaxnaşma düşdüyü, böyük biznes imperiyasının dağılmaq ərəfəsində olduğu, dövlətdən oğurladığı pulları geri qaytarması tələb olunduğu bir vaxtda sabiq nazirin dəbdəbəli, son dərəcə təmtəraqlı imarətlərindən birində dəhşətli yanğın baş verib. Olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində baş verib. “Yeni Müsavat”ın əməkdaşları sabiq nazirin imarətində yanğın xəbərini Göygöldə reportaj hazırlayarkən alıblar və hadisə yerinə yollanıblar.
Üçtəpənin girişinə yaxın hissədə böyük bir həyət var. Qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət göz oxşayır. Göygöl rayonunun bu kəndinin sakinlərinin əksəriyyəti Rusiyada ticarətlə məşğul olduqlarından yerli sakinlərin maddi imkanları haqda əfsanələr dolaşır. Amma imkanlı kənd sakinlərinin dəbdəbəli evləri Fazil Məmmədova, onun müavini və qudası olan Namiq Əliyevə məxsus imarətlərlə bəhsə girə bilməzlər. Ərazisinin nəhəngliyi baxımından da üçtəpəlilərin həyət-bacaları qudaların malikanələrinin sahəsi ilə müqayisəyə gəlməz. Zarafat deyil, Fazil Məmmədov 17 il vergilər naziri postunu tutub, qudasının da vergi orqanlarında iş stajı Rusiyanın çöllərinə pul qazanmaq üçün yollanan üçtəpəlilərin alver etdiyi illəri üstələyir. Nə olsun ki, onlar bizneslə, Fazil Məmmədov məmur olaraq pul qazanıb?
Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünürdü. Sanki iri bir ot tayası yanırdı. Sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirdi. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalırdı. Kənd sakinləri də yanğınsöndürənlərə kömək edirdi. Yanğın 2 qoşa imarətin həyətində yerləşən, ucu-bucağı olmayan sauna kompleksində meydana gəlmişdi. Yanğınsöndürənlərin səyləri, onlara qarışan kənd camaatının və imarətlərin mühafizəçilərinin dəstəyi də alovu ram etməyə, qarşısını almağa yetmirdi. Ərşə qalxan alov “dillərinin” üzərinə yanğınsöndürən maşınlarının çənlərindən böyük təzyiqlə vurulan su şırnağı dəryaya düşən damla kimi görünürdü. Alovla 3-4 saatlıq mücadiləyə bütün kənd tamaşa edir, imarətlərin qarşısındakı yol insanlara qarışan maşınların sıxlığı ilə yarıkeçilməz vəziyyətə düşmüşdü. Hər kəs vəzifəsindən alınan Fazil Məmmədovun imarətində yanğının səbəbini soruşurdu.
O tərəf-bu tərəfə qaçan yanğınsöndürənlər qaç-qovda çiyinlərini çəkməklə işlərini davam edirdilər. Sauna kompleksi isə Binəqədidə 2015-ci ildə yanan çoxmərtəbəli bina kimi qəfil alışmışdı, söndürmək, qarşısını almaq olmurdu. Belə təəssürat yaranırdı ki, alovu ram etmək mümkün olmayacaq. 10-a yaxın yanğınsöndürən maşının çənləri boşaldı, amma Fazil Məmmədovla onun qudası Namiq Əliyevə məxsus olduğu deyilən qoşa imarətin sauna kompleksini yanaraq məhv olmaqdan xilas etmək mümkün olmadı. Yanğınsöndürənlər Gəncə çayının sahilində yerləşən, arx və kanallarla əhatələnən sabiq nazirin imarətindəki yanğını söndürməyə su da tapmırdılar. Kanala, çaya nasos qurğuları qoyub kompleksdəki yanğını aradan qadırmağa çalışsalar da, kompleksdə alovun qarşısını almaq mümkün olmadı, obyekt külə döndü. Sabiq nazirin milyonlar xərcləməklə inşa etdirdiyi sauna kompleksi bir neçə saatın içində məhv oldu, xərclənən milyonlar alovdan şahə qalxan tüstü dümanının içində itib-batdı.
Kənd sakinləri kimi bizi də düşündürən suallar isə ortadadır. Fazil Məmmədovun vəzifədə olduğu illərdə onun çoxsaylı mal-mülklərindən hansındasa yanğın baş verməsini eşidən olmayıb. Bu il dekabrın 5-də 17 illik postunu itirəndən cəmi 20 gün sonra onun və qudasının, hansının ki, adı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul” söhbətinə qarışıb, imarətlərində yanğın olur. Və bu yanğının hansısa qısaqapanmadan baş verməsi müəmmalı görünür. Hər halda, iri bir sauna kompleksi inşa etdirən nazir, onun müavini yanğın təhlükəsizliyi sistemlərinin orada quraşdırılmasına pul əsirgəməzdilər. Deməli, ortada yanğına səbəb ola biləcək əsas versiya qəsdən yandırılma da ola bilər.
“Yeni Müsavat”ın Reportyor qrupu