Buna səbəb “Albert Rıjıy”ın onları titulundan məhrum etməsidir
Bir neçə gündür ölkə mediası Türkiyənin Ədirnə şəhərində azərbaycanlı “qanuni oğru”lar Nadir Səlifov (“Lotu Quli”) və Əli Heydərov (“Albert Rıjıy”) tərəfdarları arasında atışma haqda yazır.
Ziddiyyətli olan bu məlumatlarda bir türk polisinin də öldürülməsi hadisələri daha da dolaşdırıb.
Sankt-Peterburqun yerli fontanka.ru saytı yazır ki, bu şəhərdə yaşayan “Albert Rıjıy” polisi kimin öldürdüyünü deyərsə o, azadlığa buraxılacaq. Əks-halda isə həbs müddəti uzadılacaq. Ə.Heydərov isə iddia edir ki, o sadəcə bu hadisənin şahididir və atışmaya aidiyyəti yoxdur. Sayt yazır ki, Ədirnədə baş verən atışma Peterburqdan olan “qanuni oğrular” arasında olub. “Albert Rıjıy”nin qardaşı və yerli biznesmenlərdən biri ilə əyləşdiyi otelin restoranına 15 nəfər daxil olur. Dəstəyə rəhbərliyi isə peterburqlu, 40 yaşlı Aleksey Qudina və “qanuni oğru” Lexa İrkutskiy edib. Hadisə yerində olan türk polis əlini tapançasına atmaq istəsə də, qarşı tərəf daha cəld tərpənərək Hüseyn İmraqı ürəyindən vurur.
Əslində, burada söhbət bir adamdan gedir. Çünki Aleksey Qudinanın kriminal ləqəbi “Lexa İrkutskiy”di. Amma bu xəbəri inandırıcı edən ciddi səbəb də var ki, bu barədə bir qədər sonra...
“Albert Rıjıy” ilə “ Lotu Quli” arasında savaş Rusiya mətbuatının yazdığına görə, bu ilin mart ayının 18-də başlayıb. Rusiya mənbələrinin iddiasında deyilir ki, martın 18-də axşam saat 10 radələrində iki killer “Albert Rlıjıy”ı öldürmək məqsədi ilə onun yaşadığı evin ətrafında pusqu qurublar. Moskva nömrəli “Audi A8"də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. ”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib.
Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.
Həbs edilənlər deyiblər ki, azərbaycanlı “vor zakon”un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilir. Kommersant.ru saytı qeyri-rəsmi mənbələrə istinadən “Hamlet”in Səlifov qardaşları ilə qohum olduğunu iddia edib. “Qeyr-rəsmi xəbərə görə, ”Hamlet" Nadir və Namiq Səlifov qardaşları ilə yaxın qohumdur. Namiq Səlifov hazırda Türkiyədə məskunlaşıb. “Lotu Quli” kimi tanınan Nadir Səlifov isə uzun müddətdir ki, Azərbaycanda həbsdədir"deyə, kommersant.ru-nun xəbərində deyilir.
Bəs, “Albert Rıjıy” kimdir və onun qətlini kim sifariş verə bilər? Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub.
“Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ilin payızında Aslan Usoyanın dəstəyi ilə alıb. “Ded Xasan” klanında yer alan “Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib. “Ded Xasan” ın qətlindən sonra da( “Ded Xasan” 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalan “Albert Rıjıy” yerini kimsəyə güzəştə getmək fikrində deyil. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də “Albert Arxangelsk” kimi də tanınır.
İndi qayıdaq Ədirnədə baş verən atışmada 40 yaşlı Aleksey Qudinanın adının keçməsinə. Məsələ ondadır ki, may ayının 11-də “Albert Rıjıy” Piterdə “sxodka” keçirib və Aliksey Qudına(“Lexa İrkutski”) və 31 yaşlı Besik Kvinixidze( “Beso Rustavski”) “qanuni oğru” titulundan məhrum edilib. Məlumatda o da deyilirdi ki, “Lexa İrkutski” “Albert Rıjıy”ın öldürmək istəmələri ilə bağlı xəbərlərə və bu işdə həmyerlisi “Quli”nin adının hallanmasına etiraz edirmiş. Qudına iddia edirmiş ki, sui-qəsd məsələsini “Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.