Qaradağın rəhbəri Süleyman Mikayılov Lökbatandakı kolxoz bazarını qanunsuz özəlləşdirib; rayon barıt çəlləyinə dönüb.Quba qiyamından ibrət dərsi götürən icra başçılarının davranışlarında müəyyən qədər loyallıq müşahidə olunmaqdadır. Belə ki, Salyanda icra başçısı əhali ilə görüş keçirir, Sabirabadda daşqınlardan əziyyət çəkənlərin şikayətləri dinlənilir. Ancaq deyəsən, bütün bunların Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılova dəxli yoxdur. Çünki Mikayılovun əməlləri ilə bağlı redaksiyamıza şikayətlərin ardı-arası kəsilmir.Qeyd edək ki, korrupsiya və maxinasiyalarda ən çox adı hallanan icra başçılarından biri də məhz “Çakır” ləqəbli S.Mikayılovdur. Onun yarıtmaz fəaliyyəti və sahibkarları sıxışdırması nəticəsində Qaradağ rayonu barıt çəlləyinə dönüb. Bu gedişlə Qaradağda sosial partlayış olacaq. Çünki S.Mikayılov rayona rəhbərlik etdiyi gündən əhalinin narazılığı azalmır. Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Özü də bunu “uğurla” həyata keçirib, nəticədə bazarda obyekti olan sahibkarlardan 3 nəfər məhkəməyə müraciət ediblər. Bunlar Şamil Şamilov, Mirzəkərim və Elnur adlı sahibkarlardır. Hər üç iş adamı icra başçısının haqsızlığı ilə üzləşmiş və məhkəmə çəkişməsinə qədər gedib çıxmışlar. Məlumatda bildirilirdi “Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib. Baxmayaraq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin 1994-cü il, 14 sentyabr tarixli sərəncamı ilə tikilmiş mağazanın yeri 2000-ci il, aprelin 14-dəki sərəncamla sahibkara verilmişdir. Məlumata görə, sahibkarlartın xəbəri olmadan bazar özəlləşdirilib. Belə ki, əvvəllər heç vaxt bu bazarda işləməmiş və obyekti olmamış Hüseyn Qasımovun adına keçiriblər. Bu obyekt Süleyman Mikayılovun təşəbbüsü ilə həmin adamın adına özəlləşdirilib". Digər məlumata görə isə, 2010-cu ildə Qaradağ RİH-in şöbə müdiri sözügedən sahibkarlardan 3-6 min manat arası pul yığıb: “Həmin vəsaitlə mağazaların fasadını təmir etdirdi. Məlum oldu ki, küçə dövlət vəsaiti hesabına təmir edilib və bizdən yığılan pullar rayon rəhbərliyinə çatıb”. “Satışa çıxarılan bazarın ümumi sahəsi 3223 kvadratmetrdir. ”Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin apardığı monitorinqlər nəticəsində məlum olub ki, bazarın hər kvadratmetri bazar qiymətilə 1570 manatdır. Bu halda 3223 kvadratmetr sahənin qiyməti 4 milyon, 800 min manat edir. Ancaq alqı-satqı müqaviləsində göstərilib ki, bazar 238 min 500 manata satılıb. Bu, ondan xəbər verir ki, qalan vəsait başçının cibinə gedib".