Tənha anaların sayı artır. Bəs dövlət qayğısı?

14-06-2014, 19:03   
Tənha anaların sayı artır. Bəs dövlət qayğısı?
“Yoldaşım altı aylığından uşağı qoyub gedib. Atıb gedib bizi, heç bir maddi kömək də eləmir”.

31 yaşlı Jalə Şirinovadanışır bunları. Övladı serebral iflicdən əziyyət çəkən Jalə xanım qardaşına sığınıb.

J.Şirinova deyir uşağa aldığı 67 manat pensiyadan savayı heç bir gəliri yoxdur: “O pula heç uşağın bezini çatdıra bilmirəm, iynə-dərman kənara dursun. Sosial yardım üçün müraciət etmişəm. Dedilər ki, qardaşımın himayəsində olduğuna görə düşmür. Əlil uşağım var, əlillik kağızı var, ancaq vermirlər.

Martda aparmışam xəstəxanaya. Girişə 45 manat vermişəm, 200 manat da müalicəsinə gedib. Hər ay reseptlə başqa dərmanlar yazırlar, imkanım çatmır almağa. Birini bu gün, digərini bir neçə gün sonra alıram”.

Jalə Şirinova keçmiş ərinin məhz övladı xəstə olduğu üçün yaxınlarının təkidi ilə ondan ayrıldığını deyir: “Yoldaşım dedi ki, uşağı atırsansa, təzədən ailə quraq. Qızımın 2 yaşı olanda gəlib gördü ki, müalicəsinə çox pul çıxır, yenə atıb getdi. “Mən bu uşağa baxa bilmərəm” söylədi. Kəbinlə ailə qurmuşam, ZAQS-ım olmayıb (rəsmi nikahı nəzərdə tutur-red.). Heç bir aliment də ödəmir. İndi məhkəməyə vermişəm ki, atalığı təyin olunsun və aliment kəsilsin”.

Kimə tənha ana deyilir?

Jalə Şirinova kimi tək analar az deyil. Kimisi uşağını qeyri-rəsmi nikahdan doğduğu, kimisi boşandığı, kimisi də ailə başçısını erkən itirdiyi üçün övladı ilə başbaşa qalır, həm maddi, həm də mənəvi çətinliklərini tək daşımalı olur.

Beynəlxalq sözlüklərdə himayəsində azyaşlı uşağı və ya uşaqları olan, dul qalmış, boşanmış və ya ailə qurmamış qadına tənha, tək ana deyilir. Bu tip ailələr “təkvalideynli ailələr” də adlanır.

Təxmini hesablamalara görə, Azərbaycanda tək anaların sayı 100 mindən çoxdur. 130 mindən çox ailə başçısını erkən itirib.

Üstəlik, yalnız 2012-ci ildə qeyri-rəsmi nikahdan 27 mindən çox uşaq dünyaya gəlib. Onlardan 8 min 643 nəfəri Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində tək ananın ərizəsinə əsasən qeydə alınıb.

Ailə başçısını itirən ailələrin hesabatını “Sənsiz” cəmiyyəti aparır. Belə ailələr təkvalideynlidir - ailə başçısını müxtəlif qəza və xəstəliklərdə, münaqişələrdə erkən itirib, öhdəsində azyaşlı övladları qalıb. Hər 100 təkvalideynli ailədən yalnız 2-3 faizinin kişilərin öhdəsində qaldığı bildirilir, yəni kişilər əksər hallarda uşağa baxa bilmədiyindən ailə qurur. Beləcə, təkvalideynlilər əsasən analardan ibarət olur.

“Sənsiz” cəmiyyətinin rəhbəri Zemfira Rəhimova yalnız ailə başçısını itirmiş ailələrin statistikasını aparmasını belə izah edir ki, boşanmış qadınlara aliment təyin olunur, qeyri-rəsmi nikahdan dünyaya uşaq gətirənlər isə bunu öz seçimi ilə edir: “130 min ailə uşaqları 18 yaşına çatmayanlardır. Uşaqları böyüdənləri siyahıdan çıxarırıq. 2000-ci ildə 100-110 min idi. Məktəblilərin 5-8 faizi təkvalideynli uşaqlardır. Ailə başçısını itirməyə görə 40-80 manat arası müavinət nəzərdə tutulub, bu da elə məktəb paltarına gedir. Valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla bağlı qanunvericiliyə dəyişikliklər üçün öz təkliflərimi vermişdim. İmtiyazlar valideynin birini itirmiş, digəri də I və II qrup əlil olan uşaqlara şamil olundu.

Onlar təhsilhaqqından azad edildilər və s. Ancaq mən təklif edirdim ki, iş yerlərində kvota ayrılsın. Həbsdə yatan yeniyetmələrdən çoxu təkvalideynli ailələrdəndir. Guya büdcəyə çox ziyan vurmaq istəmirlər. Bu, bilirsiniz nəyə bənzədi - paraya dəymə, bütövü də kəsmə, ancaq doğra, doyunca ye”.

Övladını tək böyüdən qadınlara qanunvericilikdə heç bir müavinət nəzərdə tutulmayıb. Hüquqşünas Namizəd Səfərov belə statusun müəyyənləşdirilməsini və müavinət təyin olunmasını vacib sayır: “Himayəsində olan bir və daha çox uşağı saxlayan qadın işləyə bilməz. Azyaşlı və yetkinlik yaşına çatmamış uşağı taleyin hökmünə buraxmaq olmaz. Dövlət həmin uşaqların normal yetişməsində maraqlı olmalıdır.

Nə tək qadının, nə də işləməyən ailə başçısının saxladığı uşaqlarla dövlətin maraqlanması, onlara aylıq müavinət ayrılması barədə hələ eşitməmişəm. Ancaq ailə başçısını itirməyə, 3 yaşadək uşağa qulluğa görə müavinətlər var. Bu kateqoriyadan olan qadınlar müəyyənləşdirilməli və dövlət qayğısı görməlidirlər”.

150 manat aliment alırsa...

Vəkil Fariz Namazlı isə diqqəti qanunla müəyyənləşmiş müavinətlərin simvolik olmasına, ən xırda ehtiyacları belə ödəməməsinə yönəldir: “Ailənin gəliri ehtiyac meyarından aşağıdırsa, ünvanlı sosial yardım haqqında qanuna əsasən yardım kəsilir.

Yeni qəbul olunan “Sosial xidmət haqqında” qanun var. Tənha qadın həmin meyara uyğun gəlirsə, uşağın sağlamlıq imkanı məhduddursa, sosial təhlükəli vəziyyətdədirsə, qadının yaşayış yeri yoxdursa, bu halda sosial xidmət göstərilə, o, xüsusi müəssisəyə yerləşdirilə, dərmanla təmin edilə bilər. Ancaq müavinətlərin məbləği çox azdır. Məsələn, çoxuşaqlı, amma işləməyən qadın sosial xidmətdən də kənarda qalır. Tutaq ki, 2 nəfərlik ailədir, ana-balanın gəliri 186 manatdan az olmamalıdır. 150 manat aliment alırsa, 186-dan 150 manat çıxılacaq və 36 manat ödənəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin müdiri Taliyə İbrahimova ölkə qanunvericiliyində “tənha qadın” anlayışı olmasa da yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən valideynlər, yəni əslində analara bəlli təminatların nəzərdə tutulduğunu vurğulayır: “Bu cür şəxslərlə əmək müqaviləsinin xitamı qadağandır. Yetkinlik yaşına çatmayan uşaq böyüdən valideyn üçün işəgötürənin üzərinə öhdəlik qoyulur.

Kvota müəyyənləşdirib, onları işə götürməlidir. Boşanmış qadınlara aliment nəzərdə tutulub. Qeyri-rəsmi nikahdan doğulan uşaqla nikahdan doğulan uşaqların hüquqları eynidir. Atalıq təyin olunursa, uşağın aliment almaq hüququ var. Statistikanı konkret göstərmək mümkün deyil. Tək anaların statusunun müəyyənləşdirilməsi aktual məsələdir. Araşdırma aparılmalıdır, ondan sonra qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlana bilər”.

Rusiyada tək ana olmaq...

Rusiyada tənha ana nikahdankənar uşaq doğmuş analara deyilir. Bu halda atalığın müəyyənləşdirilməsi üçün valideynlərin birgə ərizəsi olmur, “ata” sözünün yerində ya xətt çəkilir, ya da anaya istinadla məlumat yazılır.

Övladlığa uşaq götürmüş qadın da tənha qadın sayılır. Bu qadınlar üçün bir sıra müavinət və güzəştlər nəzərdə tutulub. Övladı 14 yaşından kiçik olan tənha qadının işlədiyi müəssisədə ştatlar ixtisara düşürsə, onu işdən çıxara bilməzlər. Müəssisə ləğv olunanda həmin qadına mütləq iş yeri tapılmalıdır.

Xəstə uşağına baxmalı olan qadına müavinət verilir. Stasionar müalicə zamanı bu müavinətin həcmi ananın əmək təcrübəsindən asılıdır. Ambulator müalicədə isə tənha anaya müavinət ilk 10 gün ərzində tam məbləğdə, daha sonra əməkhaqqının yarısı həcmində ödənir. 5 yaşınadək uşağı olan tənha ana gecə növbəsində işə cəlb edilmir.

Himayəsində bir və daha çox uşağı olan, yaşı 35-dən az qadına mənzil də verilə, həmin qadın 2011-2015-ci illər üzrə mənzil proqramına qatıla bilər. Tənha anaların övladları məktəbəqədər təhsil müəssisələrinə növbəsiz qəbul olunur və uşağın həmin müəssisələrdə saxlanmasına 50 faiz endirim edilir. Həmin qadınlar ildə bir dəfədən az olmayaraq övladlarına uşaq sanatoriyalarına yollayış ala bilərlər.

Bundan əlavə, Rusiyada tənha qadınlara ərzaq bahalanarkən və həyat səviyyəsinin yüksəlməsinə görə kompensasiya və digər ödənişlər nəzərdə tutulub
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.