Hürrəm Sultanın paltarları “Laçın”da 100 manata kirayəyə verilir

14-06-2014, 19:06   

-Bu paltar Hürrəm sultanın paltarındandır.

-Ona görə belə bahadır?

-Siz nə danışırsınız? Bazarda bu paltarlardan bir-iki dənədir. İndi hamı Hürrəm sultanın paltarından sifariş edir. Qızlar xına gecələrində Hürrəmin paltarından geyinirlər. Hətta qız toyu üçün də bu paltardan kirayə götürənlər olur.

-Bu geyimlərin bir günlük kirayəsi neçəyə başa gəlir?

-35 manatdan başlayaraq 100 manatadək. Orucluq ayı gəlir, toylar azalır. Buna görə də endirimlər eləmişik...

Bu sözləri virtualaz.org saytının xanım müxbirləri ilə “alış-veriş sövdələşməsi” zamanı “Laçın” ticarət mərkəzinin satıcısı Anar Quliyev deyib.

Satıcı deyir ki, indi gənc qızlar milli geyimlərdən daha çox əcnəbi serial qəhrəmanlarının paltarına üstünlük verirlər. Üzərini toz basan milli geyimlər isə qapıdan asılı qalıb.

...İndi kirayə paltar bazarı Türkiyənin böyük populyarlıq qazanan “Möhtəşəm yüzil” serialının qəhrəmanları sultan süleymanların, hürrəmlərin geyim-kecimi ilə “bəzənib”. Hətta öz toyunda geyinmək üçün şahzadə Mustafanın geyimindən sifariş edən bəylərimiz də var. Kasıb zümrə şad günlərini kirayə bazarından götürülmüş sultan, xan, ağa geyimləri ilə yola verir, qaz vurub qazan doldurmağa alışmış işbazlar isə bundan da sui-istifadə edirlər...

Virtualaz.org saytının əməkdaşları bu faktları paytaxtın kirayə paltar bazarında araşdırma apararkən üzə çıxarıblar. O da bəlli olub ki, tamamilə nəzarətsiz qalan kirayə paltar bazarı əsl təhlükə mənbəyinə çevrilib.

“Hürrəmin paltarını sifarişlə gətirdik”

Satıcı Anar söylədi ki, seriala olan marağı nəzərə alaraq Türkiyəyə gedərək Hürrəmin paltarını alıb: “Bir ara digər əcnəbi serialların qəhrəmanları Hadinin aksessuarları, Amacinin yaylıqları dəbdə idi. Buna görə Hürrəmin paltarlarından aldım. Fikirləşdim ki, bunlar da dəbdə olar. Oldu da. Həmin paltarı bir günlüyə 100 manata kirayəyə verdim. Bundan sonra sifarişlər artdı. Daha paltarları Türkiyədən gətirmirəm, seriala baxıb dərzilərə özümüz sifariş edirik. Belə olanda paltar ucuz başa gəlir, biz də ucuz kirayəyə veririk”.

Hürrəmin paltarlarının kirayə qiymətləri 35 manatdan 100 manatadəkdir. Üzərində əl işləmələri, yəni daş-qaşlar düzülmüş geyimlər bahadır. Bundan əlavə, paltarların ölçüyə görə düzəldilməsi də qiymətlərə təsir edir.

“Laçın”da dərzilik edən Aytən xanım isə deyir ki, bəzən 52 ölçülü paltarı 38 ölçüyə uyğunlaşdırır: “Paltar müştərinin əyninə 4 dəfə böyük olur. Amma müştəri israrla bu paltarı istəyir. Təsəvvür edin ki, bir gündən ötrü paltarı böyüdüb-kiçildirik. Baxırsan ki, boyu Hürrəmin yarısındandır, amma Hürrəm olmaq istəyir. Biz də ki puluna minnət, ondan Hürrəm yaradırıq”.

Şahzadə Mustafa olmaq istəyən, gəl bəri...

Şahzadə Mustafanın paltarını kirayə verən satıcı isə adını açıqlamaq istəməsə də daha çox gənclərin bu geyimə maraq göstərdiyini dedi: “Şahzadə Mustafa öldürüləndən sonra bu paltarı aldım. Bir gənc sifariş vermişdi, öz nişan mərasimində geyinmək istəyirdi. Əvvəl daha çox klassik və ya ciddi geyimlərə üstünlük verirdilər, əsasən tünd rəngli geyimlər istəyirdilər. Amma son günlər qırmızı rəngli kostyumlar, seriallardakı paltarlardan sifariş edirlər”.

Şahzadə Mustafanın kostyumu 100 manata kirayə edilib. Satıcı söyləyir ki, bu paltardan bir dənə olduğu üçün qiymətində endirim etmək istəmir: “Bir-iki aya maraq öləcək. Buna görə də endirim etmək istəmirəm”.

“Laçın” ticarət mərkəzində milli geyimlərin qiyməti də müxtəlifdir. Burada 15 manatdan 50 manatadək milli geyim kirayə etmək olar. Üzərində taxta xəncər saplanmış rəqs paltarı diqqətimizi çəkir.

Adının Nigar olduğunu söyləyən satıcı dedi ki, bu geyimi “Ləzginka” rəqsi həvəskarları kirayə edirlər. Paltarın bir günlük kirayəsi 20 manatdır.

Məşhur “Naz eləmə” rəqsi üçün də xüsusi kirayə paltarlar var. Bunun üçün 30 manat ödənilir: “Bəzən toyda qız, ya oğlan evi rəqs hazırlayır. Toylarda əsasən “Naz eləmə” rəqsi üçün paltar istəyirlər. İki-üç gün əvvəl xına mərasimi üçün 20 milli geyim sifariş verilmişdi. Biz də məcbur olub dərziyə sifariş verdik. Qız və ətrafı milli geyimdə idi. Belə mərasimlər daha maraqlı olur. Bir neçə paltar götürəndə endirim də edirik”.

Toy və bayramlarda paltar kirayəsinə gəldikdə isə bazarda 20 manatdan 80 manatadək geyimlər var. Üzərinə qaş düzülmüş uzun paltarlar daha bahalıdır.

Satıcı Nisə xanım hazır paltarların baha kirayə verildiyini söylədi: “Bu paltarlar kataloqla gətirilir. Onların qiyməti 200 manatdan bahadır. Paltar yeni olanda baha veririk, 3-4 aydan sonra qiymətlər düşür”.

Satıcının sözlərinə görə, əvvəllər qısa paltarlara üstünlük verirdilər, indi isə uzun, amma açıq rəngli geyimləri istəyənlər çoxdur: “Əvvəl qısa və gen paltarlara daha çox sifariş alırdıq. İndi isə mavi, sarı və narıncı rəngli dar və uzun geyimlər dəbdədir. Paltarlar arasında arxası açıq, qarşısı qısa, arxası isə uzun modellər var”.

“Paltarı ləkələmisən, 5 manat ver”

“Paltarların götürülməsi zamanı bütün satıcılar mülayim və anlayışlı olur. Amma qaytaranda həmin münasibəti görmürük” - bunu isə paltar geri qaytaranda satıcı ilə mübahisə edən qadın deyir.

Sonra da əlavə edir: “Paltarı götürəndə yalvara-yalvara verirsiniz. Amma qaytaranda minbir fırıldaqdan çıxırsınız”.

Mübahisəyə ətrafdakı satıcılar da müdaxilə edirlər.

-Aparıb səliqə ilə geyinin. Bəs biz neyləyək? Sizin cırdığınız yeri dərzi təmir edir. Pulu cibimizdən verək?

Alıcı isə dad-aman edir ki, paltarı elə beləcə, yəni çirkli və ləkəli halda götürüb.

Mübahisədən sonra alıcıdan nə baş verdiyini soruşuruq. Qadın deyir ki, paltar alanda üstündə ləkə görüb, amma əhəmiyyət verməyib. Satıcı da ona deyib ki, problem deyil, görünməyən yerdədir. Amma qaytararkən satıcı ləkəyə görə əlavə 5 manat istəyib: “Keçən dəfə də belə olmuşdu. Qadın paltarları şöbəsində hər gün davalar olur. Hələ bu satıcı yaxşı idi. Bəzən polis işə qarışır. Baxırsan ki, gəlinliyin ayağından azacıq sökülüb, dalaşıb əlavə pul istəyirlər”.

Kirayə paltarlar bazarının kişi şöbəsində isə sakitlikdir. Burada kirayə verilən kostyumlarının qiymətləri də fəqlənir. Nizami adlı satıcı dedi ki, kostyumların icarə qiyməti 35 manatdan 200 manatadəkdir.

Onun sözlərinə görə, bahalı kostyumlar yenidir və Türkiyədən gətirilib: “Bahalı kostyumlar 2014-cü ilin dəbdə olan kostyumlarıdır. Baxın, bu geyimlər kataloqdan seçilib və fabrikdə tikilib. Amma 35 manatlıq kostyumlar da var, artıq 2 ildir kirayə verilir. Bəziləri istəyir ki, toyda paltarı ilk dəfə o geyinsin. İlk dəfə kirayə verilən paltarın qiyməti baha olur”.

Satıcı kostyumların qaytarılması zamanı yaranan problemə də münasibət bildirdi. Onun sözlərinə görə, kostyuma hər hansı bir səbəbdən xələl gətirən müştəri əlavə pul ödəyir: “Bir də görürsən kostyumun üstünə siqaret düşüb, yandırıb və ya ləkələnib. Buna görə dərzini çağırırıq, baxır, təmirin neçəyə başa gəldiyini deyir. Biz də ona görə müştəridən əlavə pul istəyirik. Daha çox rəngli kostyumlarda problem olur. Çünki rəngli kostyumlar tez ləkə götürür”.

Bu bazarda paltarları gec qaytardığına görə davalar da yaşanır. Satıcılar deyir ki, paltar səhəri gün saat 11-dək geri verilməlidir: “Bəzən bir paltar iki gün sifarişdə olur. Müştəri səhəri gün gəlib, paltar yoxdur, behini geri istəyir. Biz də cəriməyə düşürük. Buna görə də paltarı gec qaytarandan cərimə alırıq”.

Müğənnilər də paltarlarını kirayəyə verir

Sən demə, bu bazarda kirayə verilən paltarların əksəriyyəti müğənnilərin toylara geyindiyi paltarlardır.

Bunu da satıcılar deyir: “Baxın, bu paltarı bir müğənni gətirib, kirayə verir. Özləri bir-iki dəfə geyinirlər, sonra bizə kirayə vermək üçün göndərirlər. Bazarda əsasən toy müğənnilərinin tikdirdiyi paltarlardan var”.

Kirayə paltarlardan danışmışkən uşaq geyimlərini də qeyd edək. Uşaqlar üçün də “prokat” geyimlər var. Qiymətlər də 10 manatdan 30 manatadəkdir. Uşaq geyimləri arasında gəlinlik və milli geyimlər üstünlük təşkil edir.

Sünnət toyu üçün geyim isə 20- 40 manat arasında dəyişir. Bu geyimlər Bakıda, yerli dərzilər tərəfindən tikilir.

Kirayə bazarının “bəzəyi” gəlinlik paltarlarına gəldikdə isə qiymət 150 manatdan başlayaraq 350 manatda bitir. Qiymət fərqinə baxmayın, gəlinlik kirayəsi üçün də şərtlər eynidir. Bir günlük kirayə üçün şəxsiyyət vəsiqəsi girov qoyulmalı, paltar toyun səhəri günü saat 11-dək gətirilməli, ləkə və ya dəymiş zərərə görə cərimə ödənilməlidir.

Türkiyədən gətirilən və satıcıların dediyi kimi kataloqlardan seçilən geyimlər bahadır. Azərbaycanda dərzi tərəfindən sexdə tikilən gəlinliyi 130-150 manata əldə etmək mümkündür.

Kirayə bazarında ayaqqabı, bəzək, aksessuarlar və süni saçlar da var. Ayaqqabılar 5, sırğa-üzük dəsti 20-50, süni saç isə 6-10 manatdır.

Kirayə bazarı - xəstəlik mənbəyi

Kirayə bazarında diqqətimizi çəkən əsas problem isə natəmizlikdir. Paltarlar, ayaqqabı və digər aksessuarlar təmizlənmədən, dezinfeksiya edilmədən kirayəyə verilir.

“Geyimlərdən virus embrionlarının insandan-insana keçmə ehtimalı yüksəkdir” - bunu virtualaz.org saytının həkim Nailə Əfəndiyeva dedi.

Onun sözlərinə görə, kirayə verilən paltarlar hər geyimdən sonra dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. Çünki bu geyimlərdən dəri xəstəliklərinin yayılma ehtimalı böyükdür. Bundan əlavə, çirklənmiş, uzunmüddət istifadə edilən geyimlər də təhlükəlidir.

“Kirayə bazarlarında Çindən gətirilən parçalardan tikilmiş paltarlar var. Bu parçalar uzunmüddətli istifadə üçün yararlı deyil” - Nailə Əfəndiyeva deyir.

Respublika Dəri-Zöhrəvi Dispanserinin həkimi Azər Qocayev isə özgənin paltarını geyinməyin gigiyenik cəhətdən düzgün olmadığını vurğuladı: “Bu cür paltarlardan müxtəlif xəstəliklər - qotur, göbələk və vərəm yoluxa bilər. Ona görə də bunları geyinmək təhlükəlidir”.

“Əgər bu paltarlar hər dəfə kirayə verildikdən sonra kimyəvi təmizləməyə göndərilərsə necə?” - sualına həkim “o zaman xəstəliyə yoluxma təhlükəsi aradan qalxır” deyə cavab verdi.

Satıcıların paltarları kimyəvi təmizləməyə göndərmələri ilə bağlı dedikləri ilə gördüklərimiz fərqlidir.

İndi seçim sizindir: yaraşıqlı, gözəl, zövqlü görünmək üçün özgə paltarlarını geyməyə dəyərmi? Həm də sağlamlığınızla bağlı ciddi təhlükə varsa...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.