“Semaşko”da töhmət də heç nəyi dəyişmir...

14-06-2014, 19:07   
“Semaşko”da töhmət də heç nəyi dəyişmir...
“1 saylı Kliniki Tibbi Mərkəzin şüa-diaqnostika şöbəsində xəstələrə laqeyd yanaşılır, onlara dəqiq diaqnoz qoyulmur”.

Bunu virtualaz.org saytına ünvanlanan şikayətdə xəstə Şahin Zeynalovun yaxınları bildiriblər.

Şikayətçilər deyir ki, Şahin Zeynalov iyunun 7-də başındakı kəskin ağrılarla xəstəxananın IV korpusuna aparılıb. Xəstəni müayinə edən qəbul şöbəsinin növbətçi həkimi Ş.Zeynalovu rentgen və şüa-diaqnostika müayinəsinə göndərib: “Həkim dedi ki, diaqnoz qoyulması üçün xəstənin başı rentgen müayinəsindən keçirilməlidir. Biz də həkimin göndərişi ilə xəstəni IV korpusda yerləşən şüa-diaqnostika şöbəsinə apardıq. Həkimin göndərişi ilə Şahin Zeynalov rentgen müayinəsi edildi. Qəribədir ki, şöbənin rəhbəri rentgen müayinəsinin cavabını yazmadan xəstəni təkrarən həkimin yanına göndərdi. Növbətçi nevropatoloq isə müayinənin dəqiq aparılmadığını, xəstəliyin təyin edilmədiyini əsas gətirərək diaqnoz qoymaqda çətinlik çəkdiyini dedi”.

Şikayətçilər deyirlər ki, kəskin ağrılarla şöbələri gəzən xəstəyə digər xəstəxanaya müraciət etməyi tövsiyə ediblər: “Müraciət etdiyimiz özəl (adını reklam olunmasın deyə çəkmirik-red.) xəstəxanadakı həkim isə bildirdi ki, rentgen şəklində sağ və sol tərəflərini təyin etmək üçün heç bir işarə qoyulmayıb. Xəstənin alın nahiyəsi tam çəkilməyib, müayinə səthi aparılıb. Buna görə də diaqnoz qoymaq mümkün deyil. Diaqnoz qoyulmadan isə müalicə aparmaq çətindir”.




İndi xəstənin yaxınlarını yalnız bir şey düşündürür - xəstələr müayinə üçün özəl klinikalara gedəcəklərsə, dövlət xəstəxanalarında milyonlarla manata başa gələn aparatların quraşdırılmasına nə ehtiyac var?

Yada salaq ki, bu, “Şemaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı ilk belə şikayət deyil. Bir müddət öncə də həmin tibb ocağında xəstələrə biganə münasibət göstərilməsi ilə bağlı başqa bir məlumat da yayılmışdı. Xəstə yaxınları onda da şüa-diaqnostika şöbəsindən şikayətçi idilər. Həmin şikayət mətbuata çıxarılandan sonra 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirildi ki, səhlənkarlığa yol vermiş həkim cəzalandılrılıb, ona töhmət verilib. Amma görünür, bunun da xeyri olmayıb. Yoxsa daha belə şikayətlər olmazdı...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.