“Respublikanski” xəstəxanada tibb bacısından nazirədək uzanan rüşvət sistemi – VİDEO

16-01-2018, 17:02   


Azərbaycan nın ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Bu rüşvət piramidasının ən bariz nümunəsi isə cumhuriyyet.az olaraq M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə bağlı apardığımız araşdırmada üzə çıxdı.
Ötən ilin sonlarında dekabrın 29-da Saatlı rayon sakini Həsənova Sara Malik qızı səhhətində yaranan problemlə əlaqədar rayon Mərkəzi Xəstəxanasına üz tutub və orada müayinə olunduqdan sonra, Bakıya – Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına MRT müayinəsi üçün göndərilib. Şikayətçi cumhuriyyet.az-a bildirir ki, paytaxtdakı səhiyyə müəsisəsində ondan müxtəlif bəhanələrlə pul tələb ediblər: “Əvvəl müayinənin həmin gün mümkün olmadığını və mütləq psixoterapiya şöbəsində xəstə kimi yatmağımı bildirdilər. Əlacsızlıqdan soyuq və şəraitsiz palatada bir gün qalmağa razı oldum. Daha sonra guya mənə rəhmləri gəldiyindən (əslində mənim bu təklifə razı olmayıb onlara “hörmət” edəcəyimi gözləyirdilər) müayinənin həmin gün olacağını bildirdilər. Mən müayinə otağına salınana, MRT aparatına yerləşdirilənə qədər bu və ya digər işarələr olsa da heç kim məndən açıq şəkildə pul istəmədi. Aparatın içində olarkən məni müayinə edən həkim Şamil Əliyev mütləq mənə hansısa iynənin vurulmasını dedi. Elə bu zaman həkimə yardım edən Esmira adlı tibb bacısı iynənin vurulmasının qiymətinin 40 manat olduğunu bildirdilər. Maraqlı situasiya yaranmışdı: sən demə iynə vurulmasa (demək həm də 40 manat verməsəm) mən həmin aparatdan çıxa bilmərəm. Mən deyilən məbləği verdim və bu günə qədər də adı, mənşəyi mənə məlum olmayan iynə vurulduqdan sonra MRT müayinəsi keçirildi”.
İş bununla bitmir. Şikayətçinin cumhuriyyet.az-a təqdim etdiyi sənəddən də görünür ki, göndərişlə gələn xəstənin MRT müayinəsində soyadı düzgün göstəeilməyib. Bu isə müayinə nəticəsinin ona aid olub olmadığına çübhə yaradır. Bu bir yana. Müayinədən sonra xəstə S.Həsənova Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək baş verənlər və ondan pul tələb olunması haqda məlumat verir. Ortada açıq aşkar korrupsiya, pulsuz tibbi xidmət qaydasının pozulması olduğu halda qaynar xətt əməkdaşı şikayətçinin telefonuna az sonra zəng edərək yenidən həmin şöbəyə getməsini məsləhət görür. Əsl tragikomediya isə burda baş verir. Pulu alan Esmira adlı tibb bacısı deyinə deyinə vətəndaşı Şamil Əliyevin yanına gətirir və sonuncu onun pulunu qaytarır…
Tibb bacısı Esmiranın aldığı pul bir müddət sonra həkim Şamil Əliyevin cibində olubsa, eyni məntiqi ardıcıllıqla bu pul bir neçə saat sonra da baş həkimdə olacaqdı. Bəs sonra? Həm səhiyyə nazirliyinin qaynar xəttinin “operativ” müdaxiləsi, həm də mediada yer alan və rəsmən təkzib olunmayan iddialara əsasən cumhuriyyet.az olaraq bu suala belə cavab verə bilərik: “M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov səhiyyə naziri Oqtay Şirəliyevə hər rübdə “hesabat” verir. Baş həkim üç aydan bir nazirin “haqqı”nı çatdırır”.
Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir. Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 10 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir.
Bütün bu “kriteriyalar” çərçivəsində işləyən Respublika Kliniki Xəstəxanada insanların vəziyyəti həqiqətən də klinikdir. Xəstəxanadakı real durumu isə nia24.info olaraq aşağıdakı video görüntü ilə diqqətinizə çatdırırıq:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.