Qudaların “ikinci başı” da həbsə gedir - Eldar Mahmudov üçqat atəş altında

19-01-2018, 09:38   
Qudaların “ikinci başı” da həbsə gedir - Eldar Mahmudov üçqat atəş altında

Cahangir Hacıyevin yaxın adamlarından hesab olunan Emin Sadiqin saxlanılmasından sonra, sabiq nazirin ortağının da həbsi xəbəri yayıldı; Eldar Mahmudov üçün əcəl zəngi...

Son bir neçə gündə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun həbsdə olan qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin adı ətrafında yeni hərəkətlilik başlayıb.

Belə ki, bir neçə milyardın ölkə xaricinə daşınması və Beynəlxalq Bankın talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. Doğrudur, bu adamın adı geniş oxucu kütləsinə o qədər də tanış deyil, üstəlik, hələ ötən il də onun həbsi ilə bağlı xəbərlər yayılmışdı. Amma bu xəbərlər rəsmi şəkildə nə təsdiqləndi, nə təkzib edildi.

Virtualaz.org hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğunu bildirib. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.



Bildirilir ki, Cahangir Hacıyev “Hafka” kimi tanına biznesmen Hafiz Məmmədova məxsus “Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətinin idarəçiliyini Emin Sadiqə həvalə edib. E.Sadiqin həbsi xəbəri təsdiqlənərsə, bu, həm Beynəlxalq Bank talançılığında, həm də digər maliiyyə maxinasiyalara yeni yön verə bilər.

Yanvarın 17-də isə hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər. Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur.



Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb (virtualaz.orğ). İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.

E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.


“İkibaşlı maxinasiya əjdahaları” olan qudaların işi üzrə həbslər C.Hacıyev üçün o qədər də təhlükəli deyil. Çünki o, artıq həbsxana həyatına öyrəşməyə başlayıb. Amma E.Mahmudov üçün isə bu, artıq “əcəl zəngi” hesab oluna bilər.

Rəsmi olaraq dekabrın 15-də üçüncü dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verən sabiq nazirin onsuz da vəziyyəti yaxşı deyildi. Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur. Sonuncu dəfə isə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləğinin 1 milyard dollardan artıq olduğu deyilir. İndi E.Mahmudovun həm köməkçisi, həm oğlunun işi üzrə dindirilməsinin ardından ortaqlarından biri Sahib Ağayev həbs edilib.

Bütün yollar E.Mahmudova aparır, bəs Eldar Mahmudov hara aparıIacaq?

“YM”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.