Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbəri olduğu qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
SİAM.Az -ın araşdırmalarına görə, komitə rəhbəri ehtiyatlı danışıb. O, 2017-ci ilin yekunlarına dair hesabat konfransında qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi müstəqil ekspertlərin öz fikridir:
“Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. Azərbaycanda isə müstəqil fəaliyyət göstərir.
Buna hökümət özü müəyyənləşdirib qərar verməlidir. Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik”.
A.Əliyevin bu açıqlaması kifayət qədər tərəddüdlü, narahat və sakitdir. Komitə rəhbəri birmənalı şəkildə təkzib etməyib ki, DGK ayrıca işini davam etdirəcək.
Belə görünür ki, özünün də hansısa proseslərin getməsindən xəbəri var. Söhbət Bakı qruplaşmasının Vergilər Nazirliyini götürməsindən sonra Gömrük Komitəsini də öz kurasiyasına əlavə eləmək planlarından gedir.
Ona görə də hakimiyyət daxilindəki islahatçı qruplaşma gömrüklə verginin təmərküzləşməsi və birləşdirilməsi təşəbbüsünü irəli sürüblər.
Naxçıvan qruplaşmasının ana ürəyi olan gömrük sahəsinin əldən çıxması isə hakimiyyətin tamamilə təslim edilməsi anlamına gələcək.
A.Əliyevin “Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik” deməsi hansısa məlumatlara malik olmasından, hökumətin planlarından xəbər verir.
Amma gömrük sahəsi Azərbaycan iqtisadiyyatının ikinci büdcəsi hesab olunur. İllərdir ki, fövqəladə hallar naziri Kamaləddin Heydərovun nəzarəti altında Naxçıvan qruplaşmasının əsas bazarı olan gömrüyün Vergilər Nazirliyinə birləşdirilməsi K.Heydərov üçün də finalın başlanğıcı ola bilər.
Məlumatlar və proseslər göstərir ki, Bakı qruplaşmasının götürdüyü Rabitə Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi, iki agentliyin də ona birləşdirilməsi, supernazirlik yaradılması analoji qərarın gömrük-vergi sistemində də tətbiq olunacağı ehtimalı yaradır.
SİAM.Az xəbər verir ki, seçki ilində Gömrük Komitəsi K.Heydərov və onun təmsil olunduğu Naxçıvan qruplaşmasının nəzarətindən çıxarsa, artıq islahatçı qanadın 2018 seçkilərindən sonra iqtidarı götürəcəyi deməkdir.
Son üç ildə struktur islahatları sahəsində Azərbaycan hökuməti bir çox işlər görüb. Bu sıraya bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvini, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsini görmüşük.
Vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativ halları aradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin ASAN xidmətə ötürülməsini, əhaliyə pullu xidmət göstərən bəzi qurumların publik hüquqi şəxslərə çevrilməsini, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranmasını aid etmək olar.
Lakin qarşıda struktur islahatlarının daha mühüm bir mərhələsinə keçmək qədər ciddi bir proses durur.
Vergi və rüsumların toplanması ilə bilavasitə məşğul olan Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birləşdirilməsi mümkündür və bura Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vergi yığmaqla məşğul olan qanadının da daxil etmək lazımdır.
Belə birləşmədən sonra bu qurumlarda mövcud olan aidiyyatı xidmətləri maksimum ASAN xidmətə ötürülməsi də yaxşı olardı.
Maliyyə Nazirliyinin tərkibindən isə Dövlət Xəzinədarlığı Agentliyini ayırıb birbaşa Prezidentə tabe olan bir struktura çevirmək lazımdır.
Bir nazirliyin həm büdcə xərclərini proqnozlaşdırması və həm də onun icrasını həyata keçirməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin azalmasına yol açan bir hal kimi dəyərləndirilməlidir.
Bütün hallarda, xərclərin proqnozlaşdırılması Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir, lakin müstəqil bir qurum olaraq Dövlət Xəzinədarlığı Agentliyi də bu məsələdə öz mövqeyini ortaya qoya bilər ki, bu da çox mühüm bir şərtdir.
Bir sözlə, gəlir və xərc proqnozlarının müəyyən olunmasında heç bir qurumun monopoliyasına imkan vermək olmaz.
Belə monopoliya proqnozların müəyyən edilməsində subyektiv meyllərin artmasına gətirib çıxara bilər. Beləcə, daha bir monopoliya olan qurum - gömrük komitəsi məmur caynağından qurtula bilər...
Siam.az
Şamxal