“Birinci vitse-prezident varsa, Nazirlər Kabineti ləğv olunmalıdır”

23-01-2018, 11:25   

Heydər Əliyevin sabiq köməkçisi:“Birinci vitse-prezident varsa, Nazirlər Kabineti ləğv olunmalıdır” – MÜSAHİBƏ Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov Amerikanın Səsinə müsahibəsində ölkədə idarəetmə islahatlarından danışıb.

Siam.az müsahibəni oxucularına təqdim edir:



– Azərbaycanda idarəetmə islahtları sahəsində aparılan işləri necə xarakterizə edərdiniz?

– Bu haqda çoxlu sayda müzakirələr gedir, çoxlu sayda bəyanatlar verilir. Müzakirələrin və bəyanatların əsas istiqamətləri məni qane edir. Söhbət ondan gedir ki, ümumiyyətlə bürokratik aparatı azaltmaq lazımdır. Azərbaycanda dünya standartlarından üç dəfə çox məmur var. Ona görə, düzgün istiqamətdə düşünürlər, düzgün istiqamətdə müzakirələr aparırlar. Ancaq atılan addımlar hələ çox ləngdir. Hesab edirəm ki, islahatları daha sürətlə və daha sərt üsullarla aparmaq olar. İqtisadi durum bunu diqtə edir. Azərbaycan gərək bu islahatları 2006-cı ildən əvvəl keçirə idi. Böyük neft pulları Azərbaycana gəlməmişdən əvvəl islahatlar keçirilməli idi, yüz milyardlarla dollar Azərbaycanın büdcəsinə daxil olanda, onların üzərində nəzarət olsun, onlardan səmərəli istifadə edilsin. Çox təəssüfedici bir haldır ki, bu islahatlar aparılmadı. Artıq neft pullarının əsas həcmi Azərbaycana gələndən sonra və o pullardan o qədər də səmərəli istifadə olunmayandan sonra bu haqda düşünməyə, bu haqda müzakirə etməyə və müəyyən kiçik addımlar atılmağa başlandı.

– Bir sıra ekspertlər Nazirlər Kabinetinin formalaşmasında Gürcüstan modelini daha effektli hesab edir. Siz necə düşünürsünüz?

– Gürcüstan modeli deyəndə, bu, parlament tipli respublikanın modelidir. Orada əsas iqtisadi bloka prezident deyil, baş nazir nəzarət edir. Ancaq mən daha radikal addımın tərəfdarıyam. Mən ümumiyyətlə Nazirlər Kabinetinin ləğvini istəyərdim. Təqribən, ABŞ-da olan model, onsuz da nazirləri prezident təyin edir, onlar prezident qarşısında hesabat verir. Prezident Aparatında nazirlərlə, nazirliklərlə işləmək üzrə müxtəlif strukurlar, şöbələr var. Ona görə də Nazirlər Kabineti ümumiyyətlə Sovet sistemindən qalan və indi heç bir effektiv funksiya daşımayan bir quruma çevrilib. Xüsusən, nəzərə alsaq ki, Azərbaycanın konstitusiyasına dəyişiklilər edildi və artıq prezident səlahiyyətlərini icra edə bilməyəndə onu baş nazir yox, birinci vitse-prezident əvəz edir. Biz birinci vitse-prezident institutu yaratmışıqsa, prezident də bütün nazirlərə rəhbərlik edir, nazirlər də prezident qarşısında hesabatlıdırlarsa, Nazirlər Kabinetinin ümumiyyətlə ləğvi haqqında düşünmək lazımdır.

– Son dövrlər bir sıra dövlət qurumları birləşdirilərək bir nazirliyin idarəçiliyinə verilir. Bu sahədə atılan addımları effektiv adlandırmaq olarmı?

– Formal olaraq, bəli. Kəmiyyət baxımdan bəli, məmurların sayı azalır. Ancaq keyfiyyət baxımından o artıq başqa məsələdir. Həmin sahədə idarəçilik prinsipləri yenidən qurulacaqmı? Şəffaflıq təmin olunacaqmı? İndi də vergilər, maliyyə nazirliklərinin və kömrük komitəsinin birləşdirilməsi haqqında müzakirələr gedir. Mən bu addımların tərəfdarıyam. Azərbaycan kimi ölkədə bu qədər nazirlik, komitələr olmalı deyil. Bu qədər məmur ordusu olmalı deyil. Ona görə, onların birləşdirilməsi düzgün addımdır. Ancaq onların işinin yenidən qurulması, onların effektivliyinin, şəffaflığının təmin edilməsi məsələsi artıq, bu, başqa məsələdir. Bunun üzərində də ciddi işləmək lazımdır.

– Ölkədə idarəetmə sahəsində daha hansı strukturların birləşdirilməsinə, ləğvinə, yeni institutların yaradılmasına ehtiyac duyulur?

– Birincisi, mən dedim, Nazirlər Kabinetinin Azərbaycan idarəçilik sistemində rolunu görmürəm. Onun ləğvi haqqında düşünmək lazımdır. Azərbaycanda hakimiyyət qolları arasında balansı təmin etmək üçün geniş islahatlar lazımdır. O cümlədən düzgün idarəetmə üçün, iqtisadiyyatı inkişaf etdirmək üçün Azərbaycanda müstəqil məhkəmə sistemi qurulmalıdır. Azərbaycanda ərazi-idaretmə sisteminə yenidən baxılmalıdır. Bu qədər sayda rayonların olması, hər rayonda ştata görə böyük miqdarda məmurların təyin olunması, bu, nəyə lazımdır? Ona görə də islahatlar üçün geniş bir sahə var. Bütün idarəçilik sistemini yenidən qurmaq lazımdır. Mən belə hesab edirəm.

– Yəni həm qanunverici, həm icraedici, həm də məhkəmə sistemini?

– Hakimiyyətin qolları arasında balans deyəndə, mən həm qanunvericilik, həm məhkəmə hakimiyyətini, həm də icra strukturlarını nəzərdə tuturam. Onun balansına yenidən baxılmalıdır. Parlamentin rolu da güclənməlidir, yerli özünüidarəetmə strukturlarının da rolu, səlahiyyətləri artmalıdır. Eyni zamanda, dünya standartlarından üç dəfə çox olan məmur ordusuna da yenidən baxılmalıdır. Bu qədər məmur Azərbaycana lazım deyil.

Amerikanın Səsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.