Ötən gün Bakı metrosunun "İnşaatçılar” stansiyasında özünü relslərin üstünə ataraq "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayan gənclə bağlı yeni məlumatlar üzə çıxıb.
BakuPost xəbər verir ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan indiyədək bir neçə dəfə intihara cəhd edib. Sonuncu belə hadisə yanvarın 20-də yaşanıb. Belə ki, Tamerlan Ələsgərov həmin gün özünü Xırdalan şəhərində 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib.
Yaxınlarının dediyinə görə, T.Ələsgərov bu yolla yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz edib. İntihara cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.
Yaxınları iddia edir ki, T. Ələsgərov bundan 5 gün sonra yenidən intihara cəhd etmək qərarına gəlib. Bu dəfə isə o, ölmək üçün bina damını yox, yerin altını – metronu seçib.
Gəncin yaxınlarınən sözlərinə görə, əgər Tamerlan Ələsgərov təcrid olunmasa və psixoloji reabilitasiya tədbirləri görülməsə, yaxın gələcəkdə bir daha özünü öldürmək istəyə bilər. Tanışları T. Ələsgərovun özünü öldürməyə cəhd etməsinin videosunu da saytımıza göndərib. Həmin görüntüləri təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=-z9YakVpH8o]
Xatırladaq ki, yanvarın 25-i axşam saat 18:50 radələrində bir nəfər "İnşaatçılar" stansiyasında platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb. Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb. Həmin şəxs saxlanılıb və məlum olub ki, o, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzimi Paşayev hadisənin intihara cəhd olmadığı barədə açıqlama vermişdi.
BakuPost