''Deputatlar 2000 manat maaş alıb Milli Məclisdə yatırlar'' - “Hökumət artıq vətəndaşı saymır“-VIDEO
3-02-2018, 08:50
Dondurulmuş maaşlarını ötən ilin yanvarından ala bilməyən məcburi köçkünlər məhkəməyə üz tutublar. Məcburi Köçkünlər bununla bağlı Nazirlər Kabinetinə sorğular göndərsə də, cavab ala bilməyiblər. Odur ki, Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi verilmiş sorğuya cavab verilməməsi ilə bağlı 1 saylı inzibati-iqtisadi məhkəməsinə müraciət edib. Fevralın 2-də şikayətə baxış keçirilib.
“Bizim sadəcə maaş tələbimiz yoxdur. Torpaqlarımızı geri qaytarsınlar, bizi işlə təmin etsinlər. Öz haqqımızı tələb edirik. Nə dilənçiyik, nə də sədəqə yığırıq. Əvvəl xəbərdarlıq etməlidirlər, işlə təmin etməlidir. Camaat bu dövrdə nə ilə yaşasın? Onlar hazırda Azərbaycanın vəziyyətini bilirlər. Hər dəfə də bizə deyirlər ki, büdcədə pul yoxdur. Necə olur, Siyavuş Novruzov Milli Məclisdə deputatların maaşlarını tələb edə bilir, biz aldığımız 180 manatı tələb edə bilmirik?! Ayda 2 min manat pul alırlar. Nə edirlər? Milli Məclisdə yatırlar, yuxulayırlar”.
“Tapdalanmış hüquqlarımızın bərpası üçün bura yığılmışıq. Bu konstitusiyanın qanunlarına zidd olan, bizə vurulan ən ağır zərbədir. İnsanların maddi vəziyyəti ağırdır. Mən də başsızam, ikinci qrup əlil anasıyam. Onlara baxıram. Vəziyyətim həddindən artıq ağırdır. Çöllərdəyik, ev yox, eşik yox”.
“Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi”nin koordinatoru Əlövsət Sadıqlının sözlərinə görə, pulun yolunu gözləyən 6951 köçkün var. Nazirlər Kabinetinin 1994-cü ildə qəbul edilmiş qərarına əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və torpaqlarını itirdikdən sonra iş yerlərindən də olmuş köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı verilməlidir. Qurum hər ilin əvvəli qərarın ikinci bəndinə uyğu olan əlavə qərar verib, köçkünləri kompensasiya ilə təmin etsə də, bu 2017-ci ilin yanvarından dayandırılıb.
“Hökumət artıq vətəndaşı saymır, onun problemləri ilə məşğul olmaq istəmir. Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, “Qaçqınkom”a dəfələrlə müraciət olunub. Ancaq bu qurumlar bir şeyi deyirlər ki, artıq 2017-ci il 1 yanvardan bunu məsləhət bilmədik. Sual yaranır, qərar qüvvədədir ləğv olunmur, amma deyirlər ki, verməyi məsləhət bilmirik. Sual olunur ki, bu ölkə məsləhətlə idarə olunur ya qanunlarla?” Məhkəmə köçkünlərin iddiasını geri qaytarıb. Hakim qərarını bununla əsaslandırıb ki, köçkünlər Nazirlər Kabinetinə sorğu ilə yox, ərizə ilə müraciət edə bilərlər. Bundan sonra onların iddiasına məhkəmədə baxıla bilər.
“Bizim ərizədə sorğunu yazmaq imkanımız yoxdur. Amma biz onlara sual verib ona cavab almaq istəyirik. Lakin nə hökumət, nə də Nazirlər Kabineti suallarımızı cavablandırır.İstənilən halda məhkəmə bu məsələni müzakirə edə bilərdi.”
Şikayətlə bağlı Nazirlər Kabinetindən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmağımızı söylədilər. Komitədənsə öncə cavablayacaqlarını bildirsələr də, daha sonra zənglərimizi açmadılar.
Dövlət qurumlarından cavab eşitməyən məcburi köçkünlərsə 1 aydan sonra növbəti dəfə məhkəməyə müraciət edəcəklər.