Azərbaycanda prezident seçkisi Ermənistanı qarışdırır

9-02-2018, 09:05   

Azərbaycanda prezident seçkisi Ermənistanı qarışdırır


Putin üz döndərir, ABŞ qucaq açır...; Düşmən ölkədə erkən seçki mövzusuna diqqət artır; erməni nəşrindən xəbərdarlıq: “Seçkidən dərhal sonra isə Putin müharibə üçün Bakıya “dobro” verəcək”; Vaşinqtondan İrəvana reverans...

Azərbaycanda erkən prezident seçkisi barədə qərar hələ də işğalçı Ermənistanda müzakirə mövzusudur. Erməni təhlilçilər məsələyə ən müxtəlif prizmadan baxmağa və bu qərarın arxasındakı əsas məramı tutmağa çalışırlar.

Ortaq rəy belədir ki, Azərbaycanda prezident seçkisinin 6 ay qabağa çəkilməsi Ermənistana yaxşı heç nə vəd eləmir, əksinə, Qarabağ zonasında müharibəni yaxınlaşdıra bilər. Səbəb belə göstərilir ki, apreldən sonra danışıqlarda pauza üçün artıq heç bir bəhanə qalmayacaq...

*****


“Əfsus ki, bizim yerli analitiklər Azərbaycandakı seçkilərin 6 ay qabağa çəkilməsi ilə bağlı tələm-tələsik nəticələr çıxarırlar - o cümlədən də iqtisadi planda. Ancaq biz etiraf eləsək də, eləməsək də, Azərbaycanda qlobal iqtisadi problemlər yoxdur. Bu harasıdır, üstəlik, təəssüflər olsun ki, Azərbaycanın iqtisadi inkişafı üçün olduqca ciddi perspektivi var. Və o ölkələr ki (Rusiya, İran - A.X.) onları biz uzun müddət sadiq müttəfiq sayırdıq, getdikcə daha çox Azərbaycanla əlaqələri inkişaf etdirməyə stavka edirlər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport erməni portalında gedən məqalədə bildirilir.



“Yekun etibarilə indi eşidirik ki, Tehran, Bakı və Moskva üçtərəfli görüş keçirib və onun gedişində Astara-Moskva sərnişin qatarının işə düşməsi haqda danışılır. Bundan əlavə, martda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun açılış mərasimi olacaq, həmçinin Astara-Rəşt dəmir yolunun tikintisinin təməli qoyulacaq. Bu layihə üçün Azərbaycan İrana yarım milyard dollar kredit ayırıb. İran tərəfi, ümumiyyətlə, bəyan edir ki, Qara dənizi Fars körfəzi ilə birləşdirəcək ”Cənub-Şimal" nəqliyyat nəhəng əhəmiyyət daşıyır. Həmin dəhliz vasitəsilə yüklər Polşa, Ukrayna və Gürcüstandan keçəcək. Biz yenə də təcrid ediləcək, böyük gəlirlərdən məhrum olacağıq. Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividentlər qazanacaq. Bütün bunların fonunda iddia eləmək ki, Azərbaycan ciddi iqtisadi problemlər yaşayır, ifrat sadəlövhlük olardı", - deyə nəşr qeyd edir.

Məqalədə daha sonra deyilir: “Biz nə qədər inanmaq istəsək belə, rəsmi Bakıya real siyasi təzyiqlər də yoxdur. Əksinə, Avropada Azərbaycanın enerji daşıyıcılarının ixracatçısı kimi mühüm ölkə olmasından tez-tez və daha ucadan danışmağa başlayıblar. Bu xüsusda İlham Əliyevin Davos İqtisadi Forumundakı görüşlərin səviyyəsini yada salmaq yetər. Üstəgəl, İlham Əliyev Vladimir Putinlə də isti münasibətlərə malikdir. Rusiya və Azərbaycanın neft-qaz bazarında rəqib olmaları nəzərə alınarsa, bu, paradoksal görünə bilər. Di gəl, hər şey biz deyən kimidir. Şübhə edənlərə bunu da xatırlatmaq istərdim ki, Rusiya telekanallarında Azərbaycanın ünvanına bircə tənqid belə olmayıb. Bu ölkəni heç kim aşağılamayıb. Ermənistan isə tez-tez təhqirlərə və hücumlara məruz qalır. Kremin baş ruporu Vladimir Solovyovun, Aleksandr Proxanov və Aleksandr Duqinin Bakı səfərlərini də yada salma lazımdır - hansılar ki, daima bizim ölkə tərəfindən ”ərazi güzəştləri"ndən danışırlar (dırnaqlar bizimdir - A.X.) Bütün bunlar Kremlin açıq-aşkar Serj Sərkisyandan narazı olduğuna dəlalət edir".



Aprelin 9-da Sərkisyanın prezident səlahiyyətlərinin bitəcəyini xatırladan nəşr sonda yenidən Azərbaycandakı erkən prezident seçki mövzusuna qayıdaraq yazır: “Əgər Azərbaycanda seçki qabağa çəkilməsəydi, danışıqlarda pauza az qala, bir il uzanacaqdı. Amma artıq olmayacaq. Bu, o anlanma gəlir ki, Bakı pauzanın yaranmasına imkan verməyəcək - özü də yalnız öz ölkəsində seçkiləri qabağa çəkməklə yox. Məsələ ondadır ki, martın 18-də Rusiyada da prezident seçkisi olacaq. Onun nəticəsinə heç kim şübhə eləmir. Amma real təhlükə var ki, Putin prezident seçiləndən dərhal sonra Qarabağda eskalasiya artacaq, Rusiya müharibə üçün Bakıya ”dobro" verəcək və hətta ola bilsin, onu dəstəkləsin də. Yekun etibarilə təkcə Serj Sərksyanın deyil, bütövlükdə “Qarabağ klanı”nın siyasi səhnədən getməsi labüd olacaq".

*****

Maraqlıdır ki, bu qəbildən ehtimallar fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ işğalçı Ermənistana xoşməramlı reverans edib. Belə ki, ölkənin maliyyə naziri Stiv Mnuçin bəyan edib ki, Vaşinqton Ermənistana qarşı ikiqat vergi ödənməsi haqda sazişi ləğv etməyə hazırlaşır. “Yeni Müsavat”ın “Amerikanın səsi” radiosunun erməni redaksiyasına istinadən verdiyi xəbərə görə, bu barədə nazir ötən çərşənbə günü Nümayəndələr Palatasının Maliyyə xidmətləri komitəsində çıxış zamanı bildirib.

“Yeni saziş Amerika-erməni investorları və iş adamlarına işgüzar əlaqələri gücləndirmək üçün bütün maneələri götürən hüququ baza yaradacaq. Bu da ABŞ-la Ermənistan arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək. Eyni zamanda erməni və amerikan xalqlarının dostluğu möhkəmlənəcək, Ermənistanı Qərbə daha yaxın edəcək. İrəvana strateji seçim və müstəqillik üçün daha böyük imkanlar açacaq”, - deyə maliyyə naziri əlavə edib.

*****


Ancaq Rusiyaya qarşı sanksiyaları get-gedə daha da sərtləşdirən ABŞ-ın forpost Ermənistana, Sərkisyan rejiminə bu “yaxşılığı”, faktiki, ona qucaq açmaq istəyi, habelə ABŞ maliyyə nazirinin yuxarıdakı mesaj-açıqlaması Amerikaya qarşı qəzəbli olan Kremlin nəzərindən çətin ki, qaçsın. Hər necə olmasa, ABŞ uzaqda, Rusiya isə lap yaxında, hətta Ermənistanın içindədir.

Odur ki, son illər “iki stulda” oturmağa çalışan Sərkisyan rejimin sevinməsi üçün əsas görünmür. Üstəlik, erməni ekspertlərinin də etiraf elədikləri kimi, Rusiyaya qarşı iqtisadi-maliyyə və hərbi xarakterli sanksiyaların “küləyi” Ermənistanı da vuracaq. Özü də yetərincə güclü şəkildə...

“Yeni Müsavat”, analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.