Atamın başına nəşə bir iş gəlsə…
“…Hər kəs bilsin ki, onun qatıl Malik Mirzəyev olacaq!”
Məmur şikayətçini təhqir edib: “Get, kimə şikayət edirsənsə elə. Onlar sənin şikayətini mənim üstümə yollayacaq, mən də arxamı onunla silib atacam”
Norveçdə yaşayan jurnalist İdrak Abbasovun həyat yoldaşı Yeganə Abbasova Facebook statusunda Lerikdə yaşayan xəstə atasına qarşı edilən qanunsuzluqlardan yazıb. Həmin yazını təqdim edirik:
“Şəkildəki kişi mənim atam, Lerik şəhər sakini Ağayev Yunus Hilal oğludur. Zəhmətkeş atam 16 yaşından dövlət üçün işləyib. Ötən ildən isə ağır xəstəliyə, xərçəngə tutulub və əmək fəaliyyətini itirib. Bilənlər bilir ki, xərçəngdən əziyyət çəkən xəstələrin xərci həddindən artıq çoxdur. Hər dəfə şua və başqa prosedurları keçməsi üçün xeyli xərc tələb olunur.
Atamın yaxşı təsərrüfatı, mal qarası da var idi. Mal-qarasını da sataraq müalicəsinə sərf edib. Qısası, 6-7 ay bundan əvvəl atam dövlətin onun kimi ağır xəstələr üçün nəzərdə tutduğu pensiya hüququndan istifadə etmək istəyib və buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müvafiq sənədlərlə müraciət edib. Amma şöbədə süründürməçilik və biganəliklə üzləşib. Səbəbini soruşduqda isə şöbənin müdiri Malik Mirzəyev birbaşa deyib ki, pensiyaya çıxmaq və yaxşı pensiya almaq istəyirsənsə, əlin cibində olsun və atamdan 3 min manat pul istəyib. Atam da deyib ki, mənim nə qədər ömrüm qalıb ki, o qədər pulu sənə borc-xərc edib verim. Elə o pulum olsa, özümə xərcləyərəm. Bu Malik Mirzəyev də deyib ki, oğlunun qoyunları var, get sat gətir ver. Kişi də deyib ki, onun da bir çətən külfəti var, onsuz da o da mal-qarasını mənə görə satır, məni müalicə elətdirir.
Qeyd edim ki, 3 qardaşım da var. Onların da heç birinin işi yoxdur. İkisi Bakida günəmuzd fəhləlik edir. Kiçik qardaşım isə rayonda təsərrüfatla məşğudur. Nə isə… Sonunda atam məcbur qalaraq Bakıya – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gedib. Bundan sonra sənədlərini rayon şöbəsi qəbul edib. Atamın Bakıya şikayətə getməyindən hiddətlənən Malik Mirzəyev atası yaşında olan atamı təhqir də edib ki, “işverənsən”, “demaqoqsan” və s. Amma sənədlər göndərilib. Buna baxmayaraq sənədlərdən bir xəbər də gəlməyib. Atamın şöbəyə çoxsaylı müraciətlərinə də “hələ kağızlar gəlməyib”, deyə cavab verilib. Atam məcbur qalaraq yenə Bakıya şikayətə gedib və məlum olub ki, sənədlər çoxdan göndəriib, amma müdir sadəcə sənədləri gizlədib.
Nəhayət, iş gəlib pensiya məbləğinin təyinatına çatıb. Müdir deyib ki, pul verməsən sənə ən az məbləği təyin edərik və bu dəfə 2000 AZN rüşvət istəyib. Müdir deyib ki, bu məbləğ verilsə, atama 300 manatdan artıq pensiya təyin olunacaq. Sözsüz, yarıcan və kasıb atamda pul yoxdur ki, məmura rüşvət verə. Nəticədə atama cəmi 103 manat, yəni ömründə bir gün belə işləməyən adam kimi pensiya təyin olunub. Atam nə qədər yalvar-yaxar eləsə də, hətta ona bir qoyun gətirib verəcəyini də boyun olsa da, müdir ağa buna razı olmayıb və atam yenidən Bakıya şikayətə gedib. Bakıdan məktub göndərilib ki, adama pensiyası rəsmi staji 28 il doqquz aya uyğun təyin edilsin.
Qeyd edim ki, atam Bakıya şikayətə yalnız Onkoloji Mərkəzdə prosedurlar keçəndə gedib, yəni xüsusi olaraq şikayətə də getməyib. Son sənəd məsələsindən isə bərk hiddətlənən Malik Mirzəyev bü gün atamı ağır şəkildə təhqir edib. Görün bu qudurğan nələr söyləyib: “Sən ölsən də 103 manatdan artıq pensiya görməyəcəksən. Nə buynuz çıxarıb ora-bura vurnuxursan? Sənin ağlın olsaydı, Bakıya şikayətə qaçmazdın, pulu tapıb gətirib verərdin. Sən bilmirsən ki, mən burda elə-belə oturmamışam. Mən də yuxarıya, yuxarı da lap yuxarıya haqq verir. Get, kimə şikayət edirsənsə elə. Hamımız bir-birimizə bağlıyıq. Onlar sənin şikayətini mənim üstümə yollayacaq, mən də arxamı onunla silib atacam”.
Bu harın insan yarıcan atamı döymək də istəyib və hədələrini də davam edib: “Sən Altay Mirzəyevi eşitməmisən. O mənim müstəntiq qardaşımdır və o qədər sənin kimilərini gedər-gəlməzə yollayib ki… Səni də, oğlanlarını da basdıraram, nəslini kəsdirərərm” və s.
Qeyd edim ki, xəstəlik atamın boğazındadır və onu əsəbləşdirəndə boğazı təmiz tutulur, nəinki danışa, heç su da içə edə bilmir. Bunu görən və bilən Allahsız məmur isə atama birbaşa qəsd edib. Hazırda vəziyyəti çox ağırlaşıb. Bəyan edirəm ki, atamın başına nəşə bir iş gəlsə, hər kəs bilsin ki, onun qatıl Malik Mirzəyev olacaq!”
P.S.Yazıda adı hallanan məmurun da mövqeyini dərc edə bilərik.
anaxeber.info