Qaçqınlar İraq ordusunu şəhəri İŞİD-ə verib qaçmaqda ittiham edirlər
İraqda "İraq Şam İslam Dövləti"nin silahlıları Mosul şəhərini ələ keçirdikdən sonra şəhəri tərk edən sakinlər Ərbil şəhəri ilə sərhəddə qurulan çadır düşərgəsində məskunlaşıblar. Peşmərgə kürd birlikləri tərəfindən formalaşdırılan nəzarət-buraxılış məntəqələrinə gələn mosullular burada qeydiyyatdan keçdikdən sonra çadırlarda yerləşdirilir. Onlara ilkin humanitar yardım paylanılıb.
Qaçqın düşənlər İraq əsgərlərini Mosul şəhərini İŞİD-ə heç bir müqavimət göstərmədən buraxıb qaçmaqda ittiham ediblər. "Hamısı qaçıb getdi. Kiçik bir qrup şəhəri böyük bir ordunun əlindən aldı. Burada oynanılan oyunları dərk edirik. Evimizdən didərgin düşdük. Pərişan vəziyyətdəyik" - Mosuldan qaçqın düşən sakinlərdən biri belə deyir.
Bu arada, Mosul şəhərində İŞİD silahlıları tərəfindən türk vətəndaşı olan TIR sürücülərinin qaçırılması hadisəsi bölgədəki digər TIR sürücülərinin narahatlığına səbəb olub. Türk vətəndaşı olan sürücülər qorxu içində işlədiklərini, lakin işləməyə məcbur olduqlarını bildirirlər. Sürücülər İraq hökumətindən onların təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.