Prezident İlham Əliyev faciə baş verən əraziyə getdi, hadisəni nəzarətə götürdü; Dövlət Komissiyası yaradıldı
2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda dəhşətli yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08.30-da yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşını və 160 nəfər şəxsi heyəti cəlb olunub.
APA-nın məlumatına görə, yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub, istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun (012)441-59-77, Daxili İşlər Nazirliyinin (012)590-93-31, Fövqəladə Hallar Nazirliyinin (012)512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur.
Yanğın söndürüləndən az sonra Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib. Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, prezidentlə yanaşı hadisə yerində daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, baş prokurorun müavini Rüstəm Usubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da olublar.
Prezident İlham Əliyev yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.
Prezident Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Komissiyanın sədri
Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirin müavini
Komissiyanın üzvləri:
Daxili işlər naziri
Fövqəladə hallar naziri
Baş prokuror
Səhiyyə naziri
Maliyyə naziri
Əmək və əhalinin sosial müdafiəsi naziri
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı.
Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, habelə görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.
Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
Həyata keçirilən tədbirlər prezidentin şəxsi nəzarətindədir.
***
Yanğın başlayandan az sonra müsavat.com-un əməkdaşları hadisə yerinə yollanıblar. Yanğın baş verən ərazi ciddi nəzarətə götürüldüyündən jurnalistlər ora buraxılmayıb. Həmçinin, hadisənin miqyası böyük, yananların çoxu tanınmaz hala düşdüklərindən Narkoloji Mərkəzdəki yanğında dünyasını dəyişənlərin yaxınları bir neçə saat məlumat ala bilməyib.
Meyitlər ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna gətirilib. Yaxınlarından məlumat ala bilməyənlər buraya toplaşıb.
***
Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə isə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib: “Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.
***
“Respublika Narkoloji Mərkəzində yanğın binanın daxilindəki elektrik xətlərində olan problem nəticəsində baş verib”.
Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, “Azərişıq” sayğaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır: “Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra yanğının dəqiq səbəbi bilinəcək”.
***
Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
“Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur. (APA)
Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland da Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.
“Report” xəbər verir ki, T.Yaqland bəyanatında Bakıda baş verən yanğın nəticəsində ölən insanların olması ilə bağlı faciəvi xəbərlərdən sarsıldığını bildirib.
“Öz adımdan və Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Bu faciəli anda Avropa Şurası Azərbaycan xalqının yanındadır”, - bəyanatda deyilir.
Türkiyə baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
B.Yıldırımın məktubunda deyilir: “Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik”.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani və digər dövlət başçıları da faciə ilə bağlı başsağlıqlarını çatdırıblar.
Musavat.com