Narkoloji Mərkəz büdcədən ayrılan böyük pulları hara və necə xərcləyib?

4-03-2018, 16:34   


Mərkəzdə müalicə alan insanlara qarşı qeyri-insani davranış…

Respublika Narkoloji Dispanserində 25 nəfərin ölümünə səbəb olmuş yanğınla bağlı istintaq davam etsə də, ilkin versiyaları budur ki, hadisə binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib. Başqa sözlə, istismar müddətini uzun illər öncə başa vurmuş köhnə binanın yararsız elektrik şəbəkəsində qısa qapanma yaranıb və yanğın baş verib. Bina da taxta konstruksiyalı olduğundan sürətlə yayılıb. Qapıları, pəncərələri dəmir barmaqlıqlı olan binada qaçıb can qurtarmaq çox çətin olduğundan tələfat da çox olub.
İndi isə məlum olur ki, Narkoloji Mərkəzin təkcə kommunal və kommunikasiya xidmətlərinə dövlət büdcəsindən təkcə iki il ərzində 30 min manata qədər pul ayrılıb. Bəs hara gedib bu qədər böyük pullar?

Kommunal xidmətlərə 30 min…

“Azadliq.info”ya daxil olan məlumata görə, Respublika Narkoloji Mərkəzi 2015-cı ildə kommunal və kommunikasiya xidmətlərinə 19 min 44 manat pul xərcləyib. Bu xidməti də “Qradus” adlı bir şirkət həyata keçirib. Növbəti 2016-cı ildə isə Mərkəz yenə eyni xidmətdən ötrü dövlətin 9 min 993 manat pulunu xərcləyib. Bu dəfə “Navella” MMC vasitəsilə. Tender haqda rəsmi məlumatda satınalma müqaviləsinin predmeti dəqiq göstərilmədiyindən Mərkəzin xərclədiyi bu pullar müqabilində oranın elektrik şəbəkəsi ilə bağlı hansısa iş görülüb-görülmədiyi məlum deyil.

42 minlik mühafizə hara yox oldu?

2017-ci ildə də büdcədən bu Mərkəzə kifayət qədər böyük pul ayrılıb. Mərkəz ötən il 81 min 674 min manatlıq satınalma əməliyyatı həyata keçirib. Bu məbləğin də 42 min manatı, yəni yarısından çoxu təkcə mühafizə xidmətinə xərclənib. Bəs niyə yanğın zamanı həmin mühafizə xidmətinin işi heç görünmədi? Niyə bu qədər adam diri-diri yandı?
Rəsmi sənədlərə inansaq, Narkoloji Mərkəz mühafizə xidməti göstərmək üçün 42 min manatı “TİİM” MMC-yə verib. Yeri gəlmişkən, bu şirkətin Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox mərkəz və xəstəxanalarla müqaviləsi var. Söhbət ümumilikdə 44 xidmət müqaviləsindən gedir. Səhiyyə Nazirliyi həmin 44 müqavilə üzrə adıçəkilən şirkətə 1 milyon 920 min pul verib.

Qeyri-insani davranış…

Narkoloji Mərkəzdə müalicə alan xəstələrin yaxınları bildirir ki, onlar bir çox hallarda çarpayıya bağlanmış vəziyyətdə saxlanılırlar. Meyitlərin fotolarından da deyilənlərin doğru olduğu görünür. Ölü sayının çoxluğunda sözsüz ki, bu amil də böyük rol oynayıb. Əl-qolu çarpayıya bağlı olan adamlar necə qaça bilərdi axı?!
Hüquqşünas Samirə Ağayeva deyir ki, Narkoloji Mərkəzdə müalicə alan insanların əl-qolunun bağlanması qeyri-insani davranış hesab olunur. Hüquqşünasın sözlərinə görə, dünyada narkomaniyanın müalicə metodu kimi, bu cür davranışdan istifadə olunmur. S.Ağayeva Azərbaycanın da qoşulduğu İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü maddəsini yada salır: “Həmin maddədə deyilir ki, heç kəs işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Narkoloji Mərkəzdə müalicə olunan şəxslərə qarşı bu davranış isə qeyri-insani rəftar kimi qiymətləndirilir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.