Bərdə DYP rəisi prezidentin “köməkçisi”ni təhdid edir: daha bir jurnalistə basqı - Prezidentə Müraciət

7-03-2018, 09:09   
 
Prezident İlham Əliyev beynəlxalq konfranslarda çıxışlarında, müşavirələrində, son olaraq Davos Forumunda Azərbaycanda söz və mətbuat azadlığının olduğunu bildirib.
Dövlət başçısı ötən ilin yayında Mətbuat Günü jurnalistlərlə görüşündə də qeyd eləmişdi ki, media nümayəndələri onun köməkçiləridir və qüsurları, nöqsanları, məmurların özbaşınalıqlarını ictimailəşdirməklə onun işinə yardımçı olurlar.
İ.Əliyev ictimai nəzarətin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdı. Əfsus ki, bu tezisləri bəzi məmurlar eşitməzlikdən gəlirlər, qulaqardı edirlər.
Onlardan biri elə Bərdə Rayon Dövlət Yol Polis Bölməsinin rəisi Anar Cəlilovdur. A.Cəlilov ötən gün saytımızda rayon sakinlərinin şikayətini, narazılıqlarını ictimailəşdirdiyimiz üçün təhdidə keçib.
anaxeber.info-ın baş redaktoru Azər Talıbovu hədələyən DYP rəisi deyəsən prezidentin çıxışlarına diqqətlə qulaq asmayıb. Belə olmasaydı, seçkiqabağı jurnalistə, mediaya təzyiq göstərməzdi.
DYP rəisinin təhdidi ilə əlaqədar prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət edən A.Talıbov bildirib ki, A.Cəlilov onu prokurorluğa şikayət etməklə hədələyib.
Baş redaktorun sözlərinə görə, yaşadığı rayonuna valideynini ziyarət etməyə gedib. Bərdədə olarkən görüşdüyü insanlar arasında bir qrup yerli sürücü ondan DYP əməkdaşlarının qanunsuz hərəkətlərini ictimailəşdirməyi xahiş ediblər.
Onlar təzyiqlə üzləşmək təhlükəsi olduğu üçün adlarını açıqlamayıblar və A.Talıbov bir jurnalist kimi sayt vasitəsi ilə vətəndaşların problemini Daxili İşlər naziri Ramil Usubova çatdırıb.
Amma yazıdakı məqamları aradan qaldırmaq, nizam-intizam yaratmaq əvəzinə A.Cəlilov baş redaktoru prokurorluğa şikayət etməklə təhdid edib.
O, jurnalistdən şikayət edən sürücülərin adlarını açıqlamağı tələb edib. Bu isə “KİV haqqında qanun”a tamamilə ziddir və jurnalistin belə bir öhdəliyi yoxdur.
Əgər dövlət və ordu ilə bağlı sirr deyilsə, jurnalist məhkəmədə belə mənbənin kimliyini açıqlamağa borclu deyil.
A.Talıbov qeyd edir ki, A.Cəlilov baş redaktoru belə hədələyə bilirsə, o halda sürücülər adlarını mətbuatda açıqlasaydılar, görün onların başına nə oyun açacaqdı:
“Bərdənin yol polisi rəisi jurnalistlə hədə leksikonunda danışırsa, sürücülərin adlarını açıqlamadan qorxmaları başadüşülən haldır.



Rayonda hansı vəziyyət hökm sürdüyü bu məqalədən sonra aydınlaşdı. Mən jurnalist kimi vətəndaşların problemlərini işıqlandırmışam.
Prezident də bildirib ki, ictimai nəzarət güclənməlidir. Bu nəzarətin bir qolu da mətbuatdır. Biz jurnalistlər də insanların şikayətlərini yuxarı insatansiyalar qarşısında qaldırırıq.
Amma Anar Cəlilov məni təhdid edir, seçkiqabağı hakimiyyətin siyasətinə xələl gətirir, jurnalistə təzyiq, basqı göstərir, ölkəni seçki ərəfəsində beynəlxalq təşkilatların, dünyanın qarşısında tənqid hədəfinə çıxarır.
Məhz belə məmurların ucbatından Azərbaycanın adı mətbuat azadlığı olmayan ölkələrlə bir cərgədə çəkilir”.
A.Talıbov İ.Əliyev və M.Əliyevaya, o cümlədən DİN rəhbəri R.Usubova müraciət edərək məsələni nəzarətə götürmələrini xahiş edib.
Onun sözlərinə görə, DYP rəisi A.Cəlilov yazıdakı faktlarla bağlı mənbənin kimliyini açıqlamağı tələb edir, prokurorluğa verərək jurnalistə cinayət işi açdıracağı ilə təhdid edir:
“Jurnalistin mənbəni açıqlamamaq hüququ var. Bu, qanunda nəzərdə tutulub. İkincisi, mənbə Bərdədəki sürücülər, yük maşını, taksi şoferləri və s. avtomobili olan insanlardır.
Onlar rayonda yol polis işçilərinin qanunsuz, əsassız saxlamalarından cana doyublar.ı Mənim də vəzifəm jurnalist kimi bunu cənab nazirin nəzərinə çatdırmaq olub. Amma Anar Cəlilov məni hədələyir.
Deyəsən, prezidentlərin söylədiklərini unudub. Yadından çıxıbsa, xatırladım ki, dövlət başçısı jurnalistlərin onun köməkçiləri olduğunu söyləyib.
Amma DYP rəisi prezidentin köməkçisinə təzyiq göstərir. Onu da deyim ki, saytımızda siyasi hakimiyyətdə təmsil olunan yüksək nüfuzlu məmurlar, nazirlər barəsində dəfələrlə tənqidi məqalələr dərc olunub.
Ona görə mən cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab nazir Ramil Usubova üzümü tuturam, onların məsələyə reaksiya verəcəyinə inanıram”.
Ancaq bu tənqidlərə görə məni sıxışdırmaq, şantaj eləmək, hədələmək olmayıb. Çünki tənqid normaldır və mətbuatın işi də nöqsanları göstərməkdir.
Anar Cəlilov kimi bir rayonda bölmə rəisi olan şəxs isə özünü nazirlərdən, Prezident Administrasiyasında yüksək postlar tutan vəzifəli şəxslərdən üstün sayaraq mətbuata qarşı hücuma keçib, hökumətin media siyasətinin əleyhinə gedən addımlar atır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.