“CTF” şirkətinin təsisçisi, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərova məxsus, ötən il faciə baş verən “Nabran Holiday Village” istirahət mərkəzində əl dəyişib. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbənin sözlərinə görə, bir müddət öncə sabiq deputat istirahət mərkəzinin fəaliyyətini yenidən bərpa etmək üçün obyektinin adını dəyişdirmək istəyib. Məlumatda deyilir ki, “Nabran Holiday Village”in yeni adı “Caspian Summer Beach” olacaqmış.
Sonuncu dəfə Xaçmaz Rayon İcra Hakimiyyətində olan Nizami İsgəndərova deyilib ki, yalnız yuxarı dairələrlə razılaşdırıldıqdan sonra istirahət mərkəzi yeni adla fəaliyyətə başlaya bilər. Mərkəzdə ayaqlarını itirən İmran Cəfərzadənin işi ilə bağlı məhkəmə prosesi gedən zaman sabiq deputat “Nabran Holiday Village”in yol kənarındakı reklam lövhəsini gecə ilə sökdürüb. Eyni zamanda istirahət mərkəzində bu adın yazıldığı bütün loqotip və yazılar silinib. Xaçmazdakı tikinti firmalarından biri ilə müqavilə bağlayan N.İsgəndərov istirahət mərkəzindəki mövcud binanın görünüşünü dəyişdirmək üçün layihə hazırlatdırıb.
Lakin məlumatlı mənbənin dediyinə görə, bir neçə gün öncə orada yenidənqurma işləri dayanıb. Tikinti firmasında çalışan işçilər evlərinə buraxılıblar.
Səbəb olaraq onlara deyilib ki, obyekt başqa adama satılıb və yeni sahib bir başqa tikinti firması ilə müqavilə bağlayıb. Sözgedən məkana baş çəkərkən reklam lövhələrinin söküldüyünün və bir neçə mühafizə postunun olduğunu müşahidə etdik. Mühafizəçilər bildiridlər ki, ərazidə tikinti işləri getdiyindən kənar şəxslərin bura daxil olması qadağandır.
Qapısına “İşləmir” elanı yazılan istirahət mərkəzinə vaxtı ilə Baş Prokurorluq tərəfindən vurulan möhür sökülmüşdü.
Tikintidə çalışan fəhlələr bildirdilər ki, ərazidə iki tikinti briqadası çalışır. Tikinti işləri əsasən gecələr aparılır.
Qeyd edək ki, bu ayın əvvəlində Xaçmaz Rayon Məhkəməsində ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
İmran Cəfərzadənin anası Nuridə Cəfərova ifadəsində bu işdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. N. Cəfərova ailəsinin və 3 yaşlı İmranın baş verən hadisə zamanı fiziki və İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.
Hadisə bağlı 4 nəfər Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində barələrində həbs qətiimkan tədbiri seçilib.
Xatırladaq ki, İ.Cəfərzadə ailəvi şəkildə istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.