Ermənilər Bakıya gəldilər

15-06-2014, 15:54   
Ermənilər Bakıya gəldilər
NATO-nun “Rose Roth” seminarında iştirak etmək üçün Ermənistandan üç nəfərlik nümayəndə heyəti bu gecə Bakıya gəlib. ANS PRESS-in məlumatına görə, Virtualaz.org saytı bu barədə erməni mənbələrinə istinadən xəbər verir.

NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda iyunun 16-dan 18-dək keçiriləcək. Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

“Cənubi Qafqaz. Çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda Ermənistan nümayəndə heyətinin iştrakı məsələsi son ana qədər dəqiqləşməmişdi. Azərbaycan tərəfi nümayəndə heyətinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu ifadə etsə də erməni tərəfi bildirdi ki. təhlükəsizlik təminatı olmadığından seminarda iştirak etməyə bilərlər.

Lakin daha sonra nümayəndə heyətinin təhlükəsizlik təminatı aldığı məlum oldu.

Tevan Poqosyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, seminarda müxtəlif mövzular, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Poqosyan deyib ki, erməni nümayəndə heyətinin üzvü olaraq susmaq niyyətində deyil və Ermənistanın mövqeyini seminar iştirakçılarına çatdıracaq.

“Bütün mövzular üzrə biz öz mövqeyimizi çatdıracağıq və imkan verməyəcəyik ki, bu seminar birtərəfli olaraq Azərbaycanın piarına çevrilsin” - deyə deputat bildirib.

Poqosyan təsdiq edib ki, seminara dəvət edən tərəf-NATO Parlament Assambleyası Azərbaycan hakimiyyətindən erməni nümayəndə heyətinin təhlükəsizliyinə təminat alıb. Belə təminatla Azərbaycan parlamenti çıxış edib.

Poqosyanın bildirdiyinə görə, NATO təhlükəsizlik təminatı almaq üçün Azərbaycanla “fəal işləyib”.

R.Kirakosyan isə deyib ki, seminarda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair məruzə ilə çıxış edəcək. Azərbaycan tərəfdən isə belə məruzə ilə xarici işlər nazirinin müavini Araz Əzimov çıxış etməyə hazırlaşır.

Kirakosyan Bakıdakı seminarda iştirak zamanı “Azərbaycanın ermənilərə münasibətini nəzərə alaraq” öz təhlükəsizliyindən narahat olacağını deyib.

“Lakin mən əlavə etməliyəm ki, NATO Parlament Assambleyası erməni nümayəndə heyətininin təhlükəsizliyinin təminatı üçün hər cür tədbir görüləcəyinə bizi əmin edir. Seminara ev sahibliyi edən tərəfdən bütün iştirakçıların təhlükəsizliyinə təminat almaq Assambleyanın vəzifəsidir” - deyə Kirakosyan bildirib.

Onun sözlərinə görə, erməni nümayəndə heyəti Bakıdan iyunun 19-da qayıdacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.