İstər Suriyada, istərsə də Liviya Misir və digər Yaxın Şərq ölkələrində yaşanan “ərəb baharlarını” incələyəndə qarşımıza bənzər hadisələr çıxır: bütün bu ölkələrdə proseslər söyüş, heykəllərin təhqir olunması, siyasi liderlərin şəkillərinin yandırılmasıyla başlanıb.Özü də məlum proseslər xarici dövlətlərdə, xüsusilə Qərb ölkələrində yaşayan mühacirlər tərəfindən idarə olunub. Maraqlıdır ki, son zamanlar Azərbaycanda da söyüş kampaniyası başlanıb. Bizdə də Avropaya sığınan mühacirlər Azərbaycanın dövlət və siyasət adamlarını təhqir etməklə qalmır, onların şəkillərini yandırır, müxtəlif yerlərə yapışdırırlar. Üstəlik, məqsədlərinin Azərbaycanda çevriliş etmək olduğunu da gizlətmirlər. Hakimiyyət nümayəndələri də bu qüvvələrin arxasında xarici xidmət orqanlarının dayandığını və ölkəni qarışdırmaq istədiklərini etiraf edirlər. Bəs, siyasi texnologiya olaraq söyüş kampaniyası nədir və niyə bu cür metodlara əl atılır? Azərbaycanda da gedən bu proseslərin arxasında “ərəb baharları”nı hazırlayan qüvvələr varmı, yoxsa mühacirlər sadəcə ölkədən didərgin salınmalarının qisasını alırlar?
Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğluyla söyüş kampaniyası ətrafında söhbətləşdik.- Sərdar bəy, ümumiyyətlə, siyasi texnologiya olaraq söyüş kampaniyası nədir?- Siyasi təcrübələrdə hakimiyyətlərin imicinin aşağılanmasının bir neçə yolu var. O yollardan biri hakimiyyət nümayəndələri haqqında müxtəlif lətifələr düzəltməkdir. Adətən, haqqında lətifə hazırlanan hakimiyyətlər cəmiyyətdə ciddi kataklizmlər olmadan, dinc yolla devirilirlər. Biz bunun ən baris nümunəsini SSRİ dövründə gördük. Yadınıza gəlirsə, sovet hökumətinin son illərində Xruşşov, Brejnev, Qorbaçov, Çernenko və Andropov haqqında müxtəlif lətifələr uydururdular. Bu lətifələr də hakimiyyətin xalq üzərindəki qorxusunu aradan qaldırırdı. Digər bir yol isə söyüş kampaniyası, heykəl və şəkillərin təhqir olunmasıdır. Bu yol isə adətən qanlı konfliktlərə hazırlanan cəmiyyətlərdə həyata keçirilir. Suriyada, Misirdə və başqa ərəb ölkələrində məlum proseslərin söyüş kampaniyası ilə başlamasının səbəbi də bununla bağlıdır.İnqilabi dəyişikliklər və ya böyük təxribatlar öncəsi ortaya çıxan bu təzahürlər psixoloji müharibədir və cəmiyyətləri dəyişilmələrə hazıramaq üçün həyata keçirilir. Məşhur amerikalı alim var – Lloyd deMaus (Lloyd deMause). Psixo-tarix adlı yeni bir elmin əsasını qoyan alimin fikrincə, tarixi hadisələr əvvəlcə millətlərin psixologiyasında formalaşır, ondan sonra pratikada tətbiq olunur. DeMaus sübut edib ki, istər I, istər II dünya müharibələri, istərsə də Oktyabr inqilabı və digər sosial kataklizmlər ərəfəsində mətbuatda informasiyalar təqdimatı belə, məsələnin mahiyyətinə dəxli olmayan qeyri-adi başlıqlarla insanlara çatdırılır. Məsələn, deyək ki, hardasa bir ev partlayıb və ya dağılıb, mətbu orqanlar onu şişirdərək, böyük faciə - hansısa şəhərin dağılması kimi göstərirlər. Yaxud avtoqəza baş verir, bir nəfər ölür, mətbuat orqanları bunu dəhşətli fəlakət kimi təqdim edirlər. Bu gün Azərbaycan mətbuatını izləsəniz, eyni tendensiyanın bizdə də müşahidə olunduğunu görə bilərsiniz. Jurnalistlər bunu peşəkarlıq maraqları ilə, deyək ki, oxucu yığmaq metoduyla əsaslandırırlar. Amma bəlkə özləri də bilmədən ölkəni kataklizmlərə aparan ssenaridə yer alırlar psikotarixin qanunlarına uyğun şəkildə vətəndaşları daxili müharibələrə hazırlayırlar.Biz Paris Kommunasının tarixinə nəzər salsaq, görərik ki, hadisələr başlamışdan qabaq istər kral, istərsə də inqilabçılar bir-biri haqqında pamflet yarışına girmişdilər. Eləcə də Böyük Oktyabr inqilabı öncəsində Leninin məşhur pamfletləri var. Lenin çarla yanaşı, özüylə razılaşmayan bütün inqilabçılar barədə də küçə söyüşləriylə dolu pamfletlər yazırdı. Biz bütün bunlara tarixi-siyasi nəzəriyyələrin aspektindən baxsaq, görərik ki, Azərbaycan getdikcə vətəndaş müharibəsinə, qarşıdurmalara hazırlanır...
- Qəribə bir hal müşahidə olunur. Sanki Azərbaycan hakimiyyəti də bu rəzilliyin davam etməsində maraqlıdır. Nədənsə, xaricdəki söyüşçülər öz kampaniyalarını səngidən kimi hakimiyyətdəki bəzi qüvvələr onlara cavab vermək zərurəti hiss edirlər, beləcə, söyüş kampaniyası yenidən vüsət almağa başlayır. Sizcə, ölkə rəhbərini söydürmək faktiki olaraq onun çörəyini yeyənlərə (hər halda özləri bunu dəfələrlə etiraf ediblər) nə üçün lazımdır?- Açığı, mən bu məsələdə hakimiyyətdəki bəzi qüvvələrin xaricdən direktiv aldıqlarını düşünürəm. Çünki pamfletlərin konfliktlərə aparması üçün qarşı tərəfin də həcvlərə, söyüşlərə sərt qarşılıq verməsi və öz basqı rejimini daha da kəskinləşdirməsi tələb olunur. Azərbaycanda da açıq şəkildə görünən budur ki, müəyyən qüvvələr ölkəni vətəndaş müharibəsinə sürükləməyə cəhd edirlər. Bu təxribat qrupunun bir hissəsi Azərbaycan iqtidarında, digər hissəsi isə müxalifət deyilən insanların sırasındadır. Mənim diqqətimi çəkən bir başqa məqam da var. Bu gün xaricdə oturub Azərbaycan siyasiləri barədə təhqir kampaniyasında iştirak edənlərin əksəriyyəti etnik azlıqların nümayəndələridir. Siz bilirsiniz ki, Rusiya Azərbaycanda bəzi separatçı qüvvələri gizli və açıq şəkildə dəstəkləyir. Əgər separatçı qüvvələrin arxasında Rusiya durursa, Azərbaycan hakimiyyətindəki ruspərəst qüvvələr bu söyüş kampaniyasının davam etməsində maraqlı tərəf kimi iştirak edirsə, deməli, sifariş də Moskvadan gəlib. Rusiya hər iki tərəfdəki qüvvələri hərəkətə gətirərək, öz istədiyi situasiyanı yaratmağa çalışır. Təsadüfi deyil ki, bütün bu ziddiyyətlərin kəskinləşdiyi bir zamanda Kremlin “dəli oğlanı” Jirnovski çıxıb Azərbaycanın Rusiyaya birləşdirilməsi, işğal edilməsi təklifini irəli sürür. Biz bu hadisələrə kompleks yanaşsaq, hər şeyin planlı şəkildə yürüdüldüyünü görərik. Söyüş kampaniyası, hakimiyyətin deqradasiyaya uğradılması, müxalif qüvvələrin olduqca radikallaşdırılması, eyni zamanda Azərbaycan üçün ən böyük təhdid qaynağı olan Rusiyadan işğal mesajlarının verilməsi, süarlarının səsləndirilməsi eyni planın tərkib hissəsi kimi görünür. Rusiya sanki bununla demək istəyir ki, Azərbaycanda ya dəyişiklik baş verməməlidir, ya da qanlı olmalıdır. Dəyişikliklər qanlı olarsa, mütləq xarici dövlətlərin orduları eynilə Suriyadakı kimi sülhpərvər missiya adı altında Azərbaycan torpaqlarına girəcək və bir tərəfdən Rusiya, bir tərəfdən də ABŞ bir-biriylə yerli tərəfdarlarının vasitəsilə savaşacaqlar. Azərbaycan poliqona çevriləcək. Açıq şəkildə görünür ki, Azərbaycanın başı üzərində qara buludlar dolaşır. Xalqımız bu məsələdə ayıq-sayıq olmalıdır. Müxalifət radikal ritorikadan imtina etməlidir.
- Bizdə bir çox siyasilər Azərbaycan xalqının tolerantlığına və şiddətə meylli olmamasına çox arxayındırlar. Hesab olunur ki, yüzillərlə ən müxtəlif etnik yapılara, dini-məzhəbi düşüncələrə malik toplumun birgə yaşadığı vətəni kimi formalaşan ölkəmizdə Suriyada və ya İraqdakı kimi qarşıdurmalar yaşana bilməz. Halbuki, biz xüsusilə Suriyanın timsalında görürük ki, hibrit müharibələrinin həyata keçirilməsi üçün həmin ərazidə yaşayanların əlinə silah alıb bir-birini qırmalarına, planlaşdırılan vətəndaş müharibələrində iştirak etməsinə belə, ehtiyac yoxdur. Bir çox hallarda həmin ölkələrdə döyüşənlər xaricdən gətirilən legionerlər olurlar və onların başlatdığı müharibədə sağ qala bilmək üçün yerli vətəndaşlar da silaha sarılırlar. Məsələn, istər Suriya, istərsə də İraqda İŞİD-in böyük hissəsini xaricilər təşkil edirdi. Bunlar arasında Şimali və Cənubi Qafqazdan (Azərbaycan), Orta Asiyadan, hətta Avropadan, Çindən gedənlər də az deyildi. Nəzərə alsaq ki, bu qüvvələrin bir çoxu müxtəlif ölkələrdəki döyüşlərdə sınaqdan çıxarılıb və xüsusi yetişdiriliblər, onların yarada biləcəkləri təhlükə xeyli qorxunc ola bilər. Siz isə Azərbaycan xalqını ayıq-sayıq olmağa çağırırsınız. Amma bir çox suriyalının silaha sarılmaması, problemin tezliklə həll olunacağını gözləməsi sonrakı proseslərdə zəif tərəf kimi məğlubiyyətiylə nəticələndi. Tolerant türkmənlərin fəlakətlə qarşılaşması bunun ən bariz sübutudur. Yəni demək istədiyim odur ki, Allah qorusun, əgər belə bir plan varsa, Azərbaycan xalqının ayıq-sayıq olması belə, özünü təhlükədən sığortalamır...- Fikrinizdə qismən haqlılıq payı var. Əgər Azərbaycan xalqı və hakimiyyəti proseslərə eynilə Suriyadakılar kimi yanaşacaqsa, ölkəmiz bənzər taleyi yaşayacaq. Suriyada proseslərin indiki həddə gəlib çıxmasına rəsmi Dəməşqin sərt siyasətindən imtina etməməsi səbəb oldu. Əgər Suriya hakimiyyəti vaxtında demokratikləşmə prosesinin başlatsaydı, insanların öz fikirlərini ifadə etmək, hakimiyyətdə ədalətli təmsil olunmaq hüquqları tanınsaydı, xaricdən başlayan diversiya hərəkatları da nəticəsiz qalacaqdı. Narazı insanlar öz fikirlərini hakimiyyət nümayəndələri qarşısında sivil formada və məkanda qaldıracaq, məsələlər parlamentdə, digər dövlət orqanlarında öz həllini tapacaqdı. Xaricdən ölkəyə təlqin edilən inqilabi ideyalar üçün şərait də ortadan qaldırılacaqdı. Türkiyə prezidenti R.T.Ərdoğan da məhz buna görə öz suriyalı həmkarını demokratik islahatlara çağırır, artıq zərurətə çevrilən dəyişiklik prosesinin dinc yolla həyata keirilməsini istəyirdi. Orda da Rusiya eynilə bizdəki kimi Bəşər Əsədin bu cür addım atmasına mane oldu. Bu mənada hər hansı xalqın və hakimiyyətin xaricdə hazırlanan təxribat ssenarilərinə qarşı gücsüz olduğu fikriylə razılaşmaq mümkün deyil. Əksinə, hakimiyyətlər məhz bu cür təhlükələrin qarşısını almaq üçün mövcuddurlar və öz siyasətlərini də buna görə nizamlamalıdırlar.Fikrinizin yalnız o hissəsiylə razılaşmaq olar ki, Suriyada və İraqda sınaqdan çıxarılmış diversiya qruplarının Azərbaycanda təxribat törətmək ehtimalı istisna deyil. Bilirsiniz ki, Prezidentin köməkçisi Əli Həsənov söyüş kampaniyasında iştirak edən mühacirlərin bu fəaliyyətini “virtual İŞİD-cilik” adlandırdı. Həqiqətən, Suriyada da, İraqda hər şey söyüş, kin-küdurət kampaniyasından başladı və sonra İŞİD meydana çıxdı. Yəni bayaq dediyim psixo-tarix elminin nöqteyi-nəzərindən proseslərə baxsaq, əvvəl İŞİD-çilik üçün psixolji zəmin hazırlandı və sonra bu həyata tətbiq olundu. Üstəlik, Suriyadan və İraqdan çıxarılan İŞİD-in Azərbaycana sızdırılması ehtimalı da məni narahat edir. Yadınızdadırsa, hələ söyüş kampaniyası bu dərəcədə vüsət almamışdan əvvəl sizə verdiyim müsahibədə İŞİD-in ölkəmizə və İranın Əfqanıstan sərhəddinə nəql olunacağı barədə ciddi informasiya aldığımızı bildirmişdim. Yaşanan sonrakı hadisələr də mənim bu informasiyalarımı təsdiqləyir. Söhbət təkcə Əli Həsənovun “virtual İŞİD-çilik” adlandırdığı psixoloji hazırlıqdan - söyüş kampaniyasından da getmir. Bu yaxınlarda Türkiyə rəsmən bəyan etdi ki, Suriyada İŞİD-çilərin böyük qismi yoxa çıxıb. Onların hara aparıldığı barədə məlumat yoxdur. Mümkündür ki, həmin qüvvələr aldığımız məlumatlarda qeyd olunduğu kimi, İran – Əfqanıstan sərhədlərinə və Azərbaycana göndərilsin. Bizə verilən məlumatlara görə, bu iki ərazidə daxili konfliktlər yaratmaq üçün geopilitik və iqtisadi əsaslar da var. Çünki İran Çinin Sincan əyalətinə neft və qaz kəməri çəkmək istəyir. İranın bu planının qarşısını almaq üçün həmin marşrutun keçdiyi ərazidə konfliktlər yaratmaq lazımdır. Həmin planın tərkib hissəsi kimi ilk növbədə İran-Əfqanıstan sərhədinin seçilməsi bu mənada təsadüfi deyil. Azərbaycana gəlincə, aldığımız qeyri-rəsmi məlumatlara görə, artıq İŞİD-çilər cənub regionlarımıza yerləşdirilib və yatmış hücrələr kimi əmr gözləyirlər. Bu əmr, komanda gələn kimi hərəkətə keçəcəklər...
- Sərdar bəy, əgər İŞİD-çilər Azərbaycana və İran-Əfqanıstan sərhədlərinə yerləşdirilibsə, bu təxribatların Rusiya tərəfindən hazırlanması ehtimalı azalır. Çünki Rusiya istər Çinlə, istərsə də İranla regional müttəfiqdir. Digər tərəfdən, hər iki ərazi Çinin 2013-cü ildə rəsmən bəyan etdiyi “İpək yolu” layihəsinin cənub ayağında yerləşir. Bildiyimiz kimi, Azərbaycan da bu layihədə özünəməxsus yer almağa çalışır. Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, İrandan Rusiyaya açılan Cənub-Şimal dəhlizi məhz bu ərazilərdən keçir. Xüsusilə Cənub-Şimal dəhlizi Rusiyanın iqtisadi maraqlarına uyğundur. Bu xətlərin çəkilməsi, ümumiyyətlə tarixi İpək yolunun yenidən bərpası ABŞ-ın maraqlarına ziddir. Çünki son zamanlar iqtisadi böyümə tempi ilə ABŞ-ı haqlayan, hətta keçən Çinin İpək yolu proyektləriylə daha da böyüyəcəyi təxmin olunur. Beləcə, ABŞ-ın iqtisadi sahədə dünya hegemonluğuna son qoyula bilər və bu mənada Vaşinqtonun nigarançılığı başadüşüləndir. Nəzərə alsaq ki, İŞİD də ABŞ-ın əlində alətdir, bəhs etdiyiniz həmin təxribat planlarının əsl müəllifi ortaya çıxır. Siz niyə onda ABŞ-ı yox, Rusiyanı əsas təhdid mənbəyi kimi görürsünüz?- Əvvəla, bu mən ABŞ-ın təhdid mənbəyi olduğunu istisna etmirəm. Yaxın Şərqdə ABŞ-ın yürütdüyü siyasətlər, ərəb inqilablarının arxasında Vaşinqtonun dayanması indi heç kimə sirr deyil. Sadəcə demək istəyirəm ki, yaxın coğrafiyamıza, o cümlədən Qara dəniz-Xəzər hövzəsinə sahiblik uğrunda iki dünya gücünün arasında mübarizə gedir və biz bu iki təhlükə arasında Rusiyaya ərazi olaraq daha yaxınıq. Yaxın təhlükə isə daha qorxulu olur. Nə yazıq ki, Azərbaycan hakimiyyətinin bəsirətsizliyi də Rusiyanın imperialist maraqlarını reallaşdırmağa imkan verir. Moskva ABŞ-ın regiona sahiblənməməsi üçün Azərbaycan hökumətinin apardığı yarıtmaz siyasətdən istifadə edib ölkəmizdə vətəndaş qarşıdurması yaratmaq, müstəqilliyimizi təhülkə altında saxlamaq, bizi daha ağır şərtlərlə özündən asılı vəziyyətə salmaq istəyir. Söyüş kampaniyasında iştirak edən hər iki tərəf də ya şüurlu, ya şüursuz şəkildə bu prosesə qoşulublar. O ki qaldı Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin kimin xeyrinə olmasına, bu arqumentinizlə də razılaşmıram. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ABŞ-dan çox, Rusiyanın maraqlarına ziddir. Məhz bu səbəbdən də həmin marşrut planlaşdırılandan 10 il gec çəkildi. Bilirsiniz ki, BTQ layihəsi 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin birgə imzaladığı müqavilə əsasında ərsəyə gətirilib. Həmin müqaviləyə görə, dəmir yolu xətti 2008-ci ilin axırında tamamlanmalıydı. Hardasa, 900 km-ə yaxın uzunluğu olan həmin dəmir yolu yalnız 2017-ci ilin sonlarında tamamlandı. Düz, 9 il sonra. Əsas səbəb isə Rusiyanın 2008-ci ilin ortalarında Gürcüstanın bəzi ərazilərini işğal etməsilə bağlıdır. Rusiya həmin vaxt BTQ dəmir yolu xəttinin bir neçə km-liyinə qədər gəlib çıxmışdı. Gürcüstan-Rusiya arasında konfliktin yaranması layihədarların öz işini dayandırmasıyla nəticələndi. Hətta bəzi ekspertlər məhz bu faktı əsas gətirib Rusiyanın Gürcüstan torpaqlarını ilhaq etməsinin əsas səbəbini BTQ xəttinə maneçilik yaratmaq istəyiylə izah etmişdilər. Bu xətdə bir də işlərin başlanması Rusiya-Türkiyə arasındakı münasibətlərin yaxşılaşdırılmasından sonralara təsadüf edir. Amma Rusiyanın təcavüzkar təhdidləri BTQ-nin bundan sonra da effektli fəaliyyət göstərməsinə mane olacaq.Rusiyanın BTQ-nin çəkilməsini arzulamamasının bir çox səbəbləri var. Başlıca səbəblərdən biri də yeni İpək yolunun Rusiyadan keçməsi perspektividir. Bu gün faktiki olaraq həm Əfqanıstanda, həm də Azərbaycanda İŞİD-in gücləndirməsi bu mənada Rusiyanın maraqlarına qulluq edir. Çünki hər iki ərazidə konfliktlərin baş verməsi faktiki olaraq tarixi İpək yolu marşrutunun dəyişməsinə səbəb olacaq. Çində istehsal edilən məhsullar Qazaxıstana, ordan isə Rusiyaya keçməklə Qərbə çatdırılacaq. Qazaxıstan rəsmiləri bu il İpək yolundan ən azı 5 milyard dollar qazanacaqlarını və hər il bu qazancın artacağını etiraf edirlər. Azərbaycan və ya İpək yolunun cənub ayağının bağlanması nəticə etibarilə həmin malların Rusiyadan keçərək Qərbə nəqlini şərtləndirəcək. İtirən isə İran, Türkiyə və Azərbaycan olacaq.Digər tərəfdən Azərbaycanda ara qarışarsa, təkcə Rusiya ölkəmizə hərbi təcavüz etməyəcək. Rusiyanı bəhanə gətirən ABŞ da öz qoşunlarını ölkəmizə yeridəcək. Yəni Azərbaycanda vəziyyətin qarışması hər iki imperialist qüvvənin işinə yarayır. ABŞ Rusianı bir neçə cəbhədə konfliktə çəkməklə zəiflətmək, Rusiya isə öz tarixi imperiya sərhədləri arasında gördüyü əraziləri əldən vermək istəmir.
- Haqlısınız. Məni bir məsələ də düşündürür. Bir halda ki, Azərbaycanda aranın qarışması Rusiyanın maraqlarına uyğundur, həmin söyüş kampaniyasının bir qanadının Avropaya sığınmasına niyə “qoca qitə” icazə verir?Ardı var
Söhbətləşdi: Heydər Oğuz, “Hürriyyət”