ABŞ VƏ AVROPA RUSİYAYA QARŞI NİYƏ BİRLƏŞDİ?- Diplomatik savaş: Putini hansı sürprizlər gözləyir?

28-03-2018, 10:27   

22 ölkə "Skripal işi"nə görə rusiyalı diplomatları ölkələrindən çıxaracaqlarını bəyan edib. Artıq Britaniya prosesə start verərək rus diplomatları ölkədən uzaqlaşdırıb. Daha 15 ölkə, həmçinin ABŞ, Kanada, Norveç, Albaniya, Makedoniya və Ukrayna Londonla həmrəylik nümayiş etdirərək analoji qərar qəbul edib. Son məlumatlara görə, ümumilikdə 140 rusiyalı diplomat tezliklə ölkəsinə qayıtmalı olacaq. Onların böyük hissəsi (60 nəfər) ABŞ-ın payına düşür. Birləşmiş Ştatlar eyni zamanda Sietldəki Rusiya konsulluğunun qapadılmasına da qərar verib.

Amerikalı müşahidəçilərin fikrincə, Tramp Kremlə təzyiqi artıraraq göstərməyə çalışır ki, Rusiyanın ABŞ-ın Qərbdəki müttəfiqlərinə qarşı yönəlmiş düşməncəsinə addımları cavabsız qalmayacaq.

Ağ Evin rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırlaşdığına dair məlumatlar bir neçə gün əvvəldən gündəmə gəlmişdi. Lakin Birləşmiş Ştatların 60 rusiyalı diplomatı ölkədən çıxarmaq barədə qərarı Kremlin amerikalı tənqidçilərinin də gözləmədiyi qədər kəskin oldu. 

 

İki ölkə arasında bu tip ən sərt qərarı 1986-cı ildə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan qəbul etmişdi. Həmin vaxt Reyqan Rusiya diplomatik missiyasını təmsil edən 55 nəfəri Birləşmiş Ştatlardan çıxarmışdı. Tramp isə bir qədər də irəli gedərək Rusiyanın Sietldəki baş konsulluğunun fəaliyyətinə son qoydu. 

Bu qərarın qəbulunda Ağ Evin əsas məqsədi Rusiyanın ABŞ-dakı kəşfiyyat şəbəkəsinə zərbə endirməkdir. Məlumata görə, ölkədən çıxarılacaq 60 nəfərdən 12-si Rusiya xüsusi xidmət orqanlarının əməkdaşıdır.  

Sietldəki konsulluğun isə yerləşdiyi ərazinin güdazına getdiyi bildirilir. Konsulluq ABŞ-ın atom sualtı qayıqlarının Sakit okeandakı yeganə bazasının və " Boeing" zavodunun yaxınlığında yerləşir. 

"Bu qərar ABŞ-ın təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Həmçinin Rusiyanın amerikalılara qarşı casusluq etməsi, məxfi əməliyyatlar həyata keçirməsi imkanlarını məhdudlaşdırır", – deyə Ağ Evin məsələ ilə bağlı bəyanatında bildirilir.

Trampın mətbuat katibi Sara Sanders qeyd edib ki, bu qərar Rusiyanın Britaniya ərazisində kimyəvi silahdan istifadəsinə verilmiş cavabdır.   

Qeyd edək ki, ötən ilin yayında Rusiyanın ABŞ-dakı diplomatik missiyasında ixtisarlar aparılmışdı. Lakin həmin vaxt Tramp administrasiyası Moskvayla qarşıdurmanı dərinləşdirmək istəmədiyini nümayiş etdirmişdi. Bu dəfə isə Kremlə açıq mesaj göndərilir ki, davranışlarını dəyişməsə, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını gözləməsin.  

 

Ağ Evin bəyanatında o da bildirilir ki, ABŞ münasibətlərin yaxşılaşmasına hazırdır. Amma bu, Rusiyanın öz hərəkətlərini düzəltməsindən sonra baş verə bilər. 

Ekspertlər deyir ki, Tramp administrasiyasının bu qərarı Kremlə açıq siqnaldır. Və Moskva təxribat xarakterli addımlarına son qoymalı olduğunu anlamalıdır. 

Amerikalı ekspert Metyu Rojanski baş verənlərlə bağlı bir neçə faktora diqqət çəkir: "Rusiyanın təxribat xarakterli hərəkətləri ciddi şəkildə artıb. Fikrimcə, Tramp administrasiyası buna son verilməli olduğuna dair açıq mesaj verir. İkincisi, Vaşinqtonda hamı getdikcə daha çox anlayır ki, bu real münaqişədir. Dialoq üçün açıq qapı saxlamığımız vacib olsa da, təhlükəsizliklə bağlı boşluqları azaltmalıyıq. Qərb dövlətlərində rusiyalı əməliyyatçıların mövcudluğu bu sahədəki boşluqlar kimi qəbul olunur. Aydın məsələdir ki, ABŞ Rusiya tərəfdən cavabın verilməsinə, hətta konsulluğunu itirməsinə hazırdır. Bu kədərli mənzərədir. Amma münaqişənin aktiv fazaya keçməsi ilə hər iki ölkənin hökumətinə mənzərə aydınlaşarsa, bu, qarşıdurmanın səngiməsinə, hər iki tərəf üçün qəbul edilən şərtlərin müzakirəsinə gətirib çıxara bilər".  

Corc Vaşinqton Universitetinin professoru Robert Orttunq  ABŞ-ın bu "cəza" tədbirindən sonra Rusiyanın üzrxahlıq edib fərqli davranacağına şübhə ilə yanaşır: "Bu, ancaq danışıqlar nəticəsində baş verə bilər. Kremlin bu durumdan çıxarmalı olan yeganə nəticə odur ki, Qərb dövlətləri Rusiyanın hərəkətlərində təhdid görürlər və bunu neytrallaşdırmaq üçün birgə fəaliyyətə hazırdılar".

 

Professor Orttunq deyir ki, Ağ Evdəki və ABŞ siyasi mühitindəki xaotik vəziyyətə baxmayaraq, Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri birgə addım atmaq bacarıqlarını qoruyub saxlayıblar: "Avropa ölkələrinin əksriyyəti və Birləşmiş Ştatlar Rusiyaya münasibətdə vahid kəskin mövqedən çıxış edirlər. Halbuki ABŞ və Avropanın bu ittifaqını dağıtmaq Rusiyanın xarici siyasətindəki iki əsas hədəfdən biri idi. Biz Rusiyanın bu cəhdlərinin boşa çıxdığını və Amerika ilə Avropa arasında ciddi fikir ayrılıqlarının olmadığını gördük".  

Trampın Rusiyaya qarşı gözlənildiyindən daha sərt tədbirə əl atmasına gəlincə, Orttunq bildirib ki, Vaşinqton Kremlə bu siqnalı vermək məcburiyyətində idi: "ABŞ Moskvaya göstərməli idi ki, bu cür addımlar nəticəsiz ötüşməyəcək". 

Keçmiş Pentaqon rəsmisi Deniel Qure Kremlə qarşı təzyiqlərin artan xətt üzrə gedəcəyini bildirir: "Bu, Putin danışıqlar masasına oturmağa razılıq verənədək davam edəcək. Mən buna Trampın Putinlə "ticarəti"  kimi baxıram. Sadəcə Putinin bunu niyə başa düşmədiyini anlaya bilmirəm. Zənnimcə, biz tezliklə Kreml üçün xoşagəlməz sanksiyalara şahid olacağıq. Ehtimal ki, ABŞ Maliyyə Nazirliyi rusiyalı oliqarxların xaricdəki pulları və bu pullardan nə qədərinin Putinə məxsus olması ilə bağlı məlumatlar toplayır. Putin başa düşməlidir ki, sanksiyaların sərtləşdirilməsi prosesinin hələ əvvəlidir. Bunu dəqiq başa düşmədiyindəndir ki, öz oyununu davam etdirə bilcəyini düşünür. Sonda Putin böyük və gözlənilməz bir sürprizlə qarşılaşacaq. Vladimir Putin ABŞ-ın Krımın Rusiya tərəfindən ilhaqına dair reaksiyasını yumşaq hesab edib və hələ də ABŞ və müttəfiqlərinin niyyətinin ciddi olduğuna inanmır".
 
Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.