Masallıda keçirilən III Beynəlxalq Folklor Festivalı çərçiəsinə rayonun Heydər Əliyev parkında festival iştirakçılarının konserti keçirilib.
Tədbirdə daha böyük coşqu və alqışlarla qarşılanan Ağcabədi təmsilçilərinin çıxışı olub. Bakıda keçirilən VI Muğam Müsabiqəsinin qaliblərindən biri Ramiq Bayramovun ifası meydana toplaşmış insanları göz yaşlarına qərq edib.
"Qarabağ şikəstəsi"ni ifa edən R.Bayramovun çıxışı rayon rəhbərliyinin də sürəkli alqışları ilə qarşılanıb. Masallının icra başçısı Rafil Hüseynov Qarabağ həsrətinin yanğısı ilə oxuyan gənc ifaçının şikəstəsi qarşısında göz yaşlarını saxlaya bilməyib. Kövrəldiyini gizlədə bilməyən R.Hüseynov bu bənzərsiz ifanı ayaq üstə alqışlayıb. Onunla bir sırada əyləşmiş xarici ölkə səfirləri, xarici qonaqlar da R.Bayramovun ifasını böyük maraq və heyranlıqla qarşılayıblar.
Gənc ifaçı R.Bayramov konsertdən sonra “AzerFax”a verdiyi açıqlamada ifası ilə böyük bir meydanı sirkələməsinin yaratdığı təəssüratdan danışıb: “Əlbəttə, bu məni çox fərəhləndirdi. Mən çalışdım ki, torpaq itkisinin, Qarabağsızlığın nə qədər ağır dərd olduğunu orada iştirak edən xarici qonaqlara çatdırım. Həmin vaxt mən özümdə deyildim. Gözümə heç nə görünmürdü. Ancaq oxuyurdum, içimdə bir təlatüm var idi. Hətta arada özüm də hiss etdim ki, ağlamaq istəyirəm. Hər "Azərbaycan", "Qarabağ" dedikcə izahı olmayan bir hiss boğurdu məni. Amma özümü saxladım və oxudum”.
R.Bayramov ifasını başa vurandan sonra səhnənin arxasına keçərək özü də ağlayıb: “Başqa cür ola bilməzid. Mən səhnədə özümü saxladım, amma içimə yığılanları çıxarmalı idim. Səhnənin arxasına keçib ağladım və yalnız bundan sonra bir qədər rahatlıq tapdım. Bilirsiniz, muğam elə bir möcüzədir ki, onun, xüsusən ifaçının özünə bağışladığı təsir çox ağır olur. Elə "Qarabağ şikəstəsi"nin özünün gücü də izaholunmazdır. O, həm adamı kövrəldir, həm də mübarizə ruhu yaradır. Məsələn, məni həmin vaxt qəhər boğsa da eyni zamanda içimdə bir intiqam hissi qaynayırdı, Qarabağımızı işğal edən ermənilərə qarşı nifrətim daha da artırırdı”.
R.Bayramov özünün sənətlə bağlı arzularından da danışıb. İfaçı Azərbaycanı xarici ölkələrdə təmsil edib, onun muğamını, folklorunu təbliğ etməyə hədəfləndiyini bildirib: “Allah mənə bu səsi qismət edibsə, mən bundan ancaq öz xalqım, dövlətim naminə istifadə etməliyəm. İndi şükürlər olsun ki, bizə bu şərait yaradılıb və biz indi Azərbaycanın hüdudlarından çox-çox uzaqlara gedə və ölkəmizi təbliğ edə bilirik. Dövlətimiz və ələlxüsus da Heydər Əliyev Fondu muğamın təbliğ olunmasına böyük maraq, gənc ifaçıların inkişafına diqqət və qayğı göstərir. İnşallah, Azərbaycanı təmsil etmək, onun muğamını dünyaya çatdırmaq mənə də qismət olar”.
R.Bayramov bu səviyyəyə gəlib çatdığına görə müəllimi, xalq artisti Mənsum İbrahimova təşəkkürünü bildirib.