Azərbaycan səhiyyəsinin köklü problemləri haqqında hər gün yazılsa da,bitib tükənən deyil. Mətbuatda vaxtaşırı həkim günahı üzündən həyatını itirən insanlar haqqında xəbərlər gedir. Ölkə səhiyyəsinin bu acınacaqlı duruma düşməsinin kökündə bir çox məsələlər dayansa da, əsas problem, sözsüz ki, peşəkar kadrlarla bağlıdır. Azərbaycanda onlarla dövlət tibb müəssisələri və demək olar ki, onlar illərdir komplektləşdirilmiş bəlli həkim heyəti ilə işləyir. Amma son illər bu müəssisələrin sırasına onlarla özəl klinikalar da qoşulub. Bəs sayı arta-arta gedən bu tibb ocaqlarının kadr ehtiyatı necə həll olunur? Doğrudanmı, ölkədə bu qədər müəssisəni təmin edəcək qədər peşəkar həkim kadrları var? Əslində, bu məsələ ilə bağlı narahatlıq boşuna deyil. Əlimizdə paytaxt klinikalarında uyğun tibbi ixtisası olmadan çalışan şəxslərlə bağlı bir sıra faktlar var. Birinin BDU-nu bitirdiyi halda, özəl klinikada UZİ “mütəxəssisi”, heç bir tibbi biliyi olmadan anestezoloq və ya tibb bacısı işlədiyini təsəvvür edirsinizmi? Xatirinizdəsə, bənzər bənzər bir fakt da yaxınlarda sosial şəbəkədə yayılmışdı. Tanınmış şairin qohumu daxili orqanlarını müayinə etdirmək üçün xəstəxanaların birində UZİ-dən keçmişdi. Müayinədən keçən pasiyent təqdim olunan nəticələr siyahısında dalağın normal vəziyyətdə olduğunu görüb həkimə xatırlatmışdı ki, onun dalağını on beş il öncə kəsib çıxarıblar. Həm də elə onun özü- UZİ müayinəsindən keçirən həkim kəsib çıxarıb. Məlum olmuşdu ki, adam tanınmış cərrahdır. Sadəcə, UZİ-ni yaxşı bilmir, acgözlüyündən xəstəni UZİ-ni bilən həkimə göndərmir ki, qazanc özünə qalsın.
Məsələ bu qədər acınacaqlıdır və biz də özəl klinikaların kadr ehtiyacını necə həll etdiyinə aydınlıq gətirmək üçün həkim Elnur Yusubovun fikirlərini öyrəndik. Elnur həkim deyir ki: “Özəl klinikaların kadr ehtiyatı, əsasən, dövlət müəssisələrində işləyən kadrlar hesabına ödənilir. Orda işləyənlərin 90%-i dövlət işində də işləyir. Yəni 3-4 saat ordakı işini yola verir, sonra çağırış əsasında gedir başqa kliniklara. Həkimlər var ki, 4-5 klinikada işləyir, xüsusən cərrahlar. Bir məsələ də var ki, son vaxt dövlət tibb müəssisələrində həkimlərin sayını azaldırlar. Tutaq ki, bir ixtisas üzrə iki həkim varsa, birini ixtisar edib, birini saxlayırlar. Bunun hesabına da əlavə kadr ehtiyatı yaranır və onlar da özəl klinikalarda özlərinə iş tapmağa çalışırlar.” Tibbi ixtisası olmadan klinikalarda işləyənlərlə bağlı məsələyə münasibətdə E. Yusubov deyir ki, belə hallara çox az rast gəlmək olar. “Belə faktlar bəlkə 5% ola bilər. Tutaq ki, kiminsə tibbi ixtisası olmadan kursa gedib, klinikada işə düzəldiyi haqda mən də eşitmişəm. Amma əsas heyət, dediyim ki, əsas etibarı ilə dövlət müəssisələrində işləyən həkimlərdən ibarətdir.” Başqa bir həkim Asim Həmidli də məsələ ilə bağlı həmkarının dediklərini təsdiqləyir. Asim həkim deyir ki, səhiyyəmizin problemi kadr çatışmazlığı deyil, bu sistemdəki monopoliya və kök salmış özbaşınalıqlardır. “Ölkədə peşəkar, savadlı, yaxşı həkimlər az deyil, amma görün onların birinə şəxsi klinikasını açmağa imkan verərlərmi? O klinikalar niyə çox halda savadsız və ixtisassız adamları işə götürür, çünki yaxşı həkim gəlib onlardan yaxşı məvacib tələb edəcək. O klinika sahiblərinin çoxunu isə insan həyatı deyil, ancaq və ancaq pul maraqlandırır. O üzdən də son illər nə qədər savadlı həkim ölkədən çıxıb gedib. Elə indi də kimin imkanı var, başını alıb, Türkiyəyə, Almaniyaya gedib, orda özünə iş tapır”.
azadliq.info