Kremlin Xəzərdə donanmasını gücləndirməsi qərarı Xəzəryanı dövlətlər, o cümlədən rəsmi Bakı üçün risklidir; Qərbdə sıxışdırılan Rusiya indi hər şeydən və hamıdan şübhəlidir...
Aprelin 2-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspiysk şəhərinə köçürüləcəyini rəsmən elan edib. Virtualaz.org xəbər verir ki, nazir hazırda Kaspiyskdə sahil infrastrukturunun və hərbçilər üçün mənzillərin inşa edildiyini bildirib.
“Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib. Orada hazırda nəhəng tikinti gedir, liman, xidmət məntəqələri, mənzillər və s. tikilir. Donanmada zabitlərimizin və hərbi qulluqçularımızın sayı dəfələrlə artırılacaq” - Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə zamanı deyib.
Rusiyanın Xəzər donanmasını Mahaçqala yaxınlığındakı Kaspiysk şəhərinə köçürəcəyi barədə məlumatlar əvvəldən var idi. Bu qərar ötən ilin avqustunda Müdafiə Nazirliyinin kollegiyasında qəbul edilib. Bundan bir ay sonra müdafiə nazirinin müavini Ruslan Tsalikov Kaspiyskə gedərək yeni bazanın tikilməsi üçün nəzərdə tutulan əraziyə baxış keçirmişdi.
Müdafiə Nazirliyinin planına görə bazanın tikintisinin birinci mərhələsi gələn il yekunlaşacaq. Yaxın iki ildə Kaspiysk sahillərində dənizin dibinin dərinləşdirilməsi, gəmilərin lövbər salması üçün qurğular və digər yerüstü infrastruktur tikiləcək. 2020-ci ildə isə Kaspiyskdə hərbi hospital, hərbçilər üçün kazarma, zabitlər üçün mənzillər hazır olacaq. Hərbi baza hər cür mümkün təbii fəlakətlərdən və düşmən hücumundan müdafiə olunacaq.
Kaspiyskdə bundan əvvəl də Rusiyanın Xəzər donanmasının qüvvələrinin bir hissəsi dislokasiya olunub. Burada donanmanın beş hərbi bölməsi - 106-cı sahil mühafizə briqadası, 250-ci qvardiya gəmi diviziyonu, 242-ci gəmi desant diviziyonu, 410-cu əlahiddə dəniz piyada batalyonu, əlahiddə radiotexniki mərkəz yerləşir. Mahaçqalada isə sualtı diversiya dəstələrinə qarşı mübarizə üzrə 137-ci xüsusi təyinatlı dəstə dislokasiya olunub.
Rusiya onsuz da son illərdə Xəzər donanmasını durmadan gücləndirirdi. Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilən ən yeni raket gəmiləri ilk növbədə Xəzər donanmasına verilirdi. Qeyd edək ki, sovet dövründə Xəzər donanmasının bazası Bakıda yerləşirdi. 1992-ci ildə bazanın qərargahı və qüvvələrinin əsas hissəsi Həştərxana daşındı.
Ehtiyatda olan general, Rusiya silahlı qüvvələrinin ehtiyatda olan zabitlər Milli Assosiasiyasının direktoru Vladimir Boqatıryev isə “Sputnik”ə açıqlamasında deyib ki, bazanın yerinin dəyişməsi silahlı qüvvələrin inkişafı planının bir hissəsidir.
“Xəzər donanması müəyyən vaxtdan etibarən bu regionda operativ hərbi-dəniz birləşməsi kimi çox mühüm rol oynamağa başlayıb. Bundan əlavə, Xəzər hövzəsi ”Kalibr" raketlərinin imkanları sayəsində Yaxın Şərq, Qara dəniz, Orta Asiya və digər istiqamətlərdə strateji rol oynaya bilər" - Boqatıryev deyib.
Rusiya Hərbi Dəniz Donanmasının keçmiş qərargah rəisi, admiral Viktor Kravçenko açıqlaması isə rəsmi Moskvanın planlarına daha dəqiq işıq salır. “Bizim Xəzərdə güclü yumruğumuz olacaq. Bütün qüvvələr bir yerdə cəmləşəcək və donanma hava şəraitindən asılı olmayacaq” deyə, admiral bildirib.
Rusiyanın Xəzərdə donanmasını gücləndirməsi qərarı əlbəttə ki, Xəzəryanı dövlətlər, o cümlədən rəsmi Bakı üçün arzuedilən deyil. Doğrudur, Rusiya illərdir ki, Xəzərdə özünü söz sahibi hesab edir və İranı nəzərə almasaq, buradan hətta dünyaya meydan oxumağa meyllidir. Məsələn, 2015-ci ildə Suriyada İŞİD mövqelərini Xəzərdən “Kalibr” qanadlı raketləri ilə vurulmasını xatırlatmaq kifayətdir. Baxmayaraq ki, Rusiya özü sözdə Xəzəri barış hövzəsi elan etsə də, buradakı hərbi potensialını və gücünü göstərməkdə daima maraqlı olub. Bu, xüsusilə 2009-2010-cu illərdə ABŞ-ın Xəzərə marağının artmasından sonra daha qabarıq özünü göstərdi. Yada salaq ki, bu illərdə ABŞ Xəzər təhlükəsizliyi ilə bağlı xüsusilə Azərbaycanla intensiv əməkdaşlıq edirdi. Bu əməkdaşlıq çərçivəsində ABŞ Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verdi, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak etdi. Birləşmiş Ştatlar Buş administrasiyası dövründə bu əməkdaşlığı genişləndirərək Xəzərdə enerji infrastrukturlarının mühafizəsi adı altında “X-Band” tipli radar kompleksi də yerləşdirməyi planlaşdırırdı. Lakin sonradan Azərbaycanla ABŞ arasında münasibətlər xeyli korlandı, Rusiya da Xəzərdə təhlükəsizlik məsələsində ABŞ-ın cəlb olunmasına imkan verməmək üçün Bakıya təzyiqlər göstərdi, eyni zamanda yeni Amerika administrasiyasının regionla bağlı prioritetləri dəyişdi.
2010-cu ildə Bakıda keçirilmiş Xəzər sammitində isə imzalanan sazişdə dənizdə təhlükəsizlik məsələsinin ancaq sahilyanı ölkələrin səlahiyyətində olduğu razılaşdırıldı.
ABŞ-ın Xəzərə maraq göstərməsi təkcə Rusiyanı deyil, İranı da narahat edirdi və bu səbəbdən rəsmi Bakının bu əməkdaşlığı genişləndirmək istəyi xeyli riskli görünürdü. Həm Obama dövründə, həm Donald Trampın bir illik hakimiyyətində ABŞ-ın Xəzərdə fəallığı olmadı.
Ötən il ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Cənubi Qafqaz Beynəlxalq Arenada: Region və Ətrafında Əməkdaşlıq və Rəqabət” konfransında maraqlı açıqlama vermişdi. Onun sözlərinə görə, ABŞ-ın əvvəldən də Xəzər regionunda marağı o qədər güclü olmayıb: “Düzdür, burada ABŞ şirkətləri var idi, amma bizim Bakı-Tiflis-Ceyhan neft boru kəmərini dəstəkləməyimizin səbəbi regionda enerji axınının təmin edilməsidir”.
Bundan əlavə, o bildirib ki, Qafqaz regionundakı məsələlərin həll edilməsində ABŞ-ın mövqeyi hazırda zəifdir, çünki yeni administrasiyanın regionla bağlı konkret mövqeyi yoxdur.
Dünyada sıxışdırılan Rusiya indi hər şeydən və hamıdan şübhəlidir. Üstəlik, özünü qorumaq üçün indi ancaq hərbi potensialına arxayındır. “Bizim Xəzərdə güclü yumruğumuz olacaq” deyən, admiral Vladimir Komodoyev də buna açıq işarə edib.
“YM”