Lənkəranski “izi”: Piter Elçinin qardaşına 24 atəş...

4-04-2018, 15:59   




Kriminal aləmdə "Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu qətlə yetirməkdə günahlandırılan Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadənin cinayət işinə baxılıb.
 
Teleqraf.com xəbər verir ki, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb.
 
Əvvəlcə özünə maşın aldı
 
Murad Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. Həmin cinayəti törətməyə hazırlıq tədbirləri çərçivəsində 1 dekabr 2016-cı il tarixdə VAZ-2106 markalı avtomaşını etibarnamə əsasında 1300 manata alıb.
 
İstintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi, atəş üçün yararlı, yivli odlu silah olan 9 mm kalibrli, İsraildə istehsal olunmuş "Mini Uzi” markalı səsboğucuya malik tapança-pulemyotu və istifadəyə yararlı eyni kalibrli 32 patrondan ibarət döyüş sursatını maşında saxlayıb.
 
Qətl planı
 
Daha sonra Murad Quluzadə Masallı şəhəri, Qarabağ küçəsi, 2/4 ünvanında yerləşən fərdi yaşayış evini bir aylıq 200 manata kirayə götürüb. Həmin evdə müvəqqəti yaşamaqla Masallı rayonu ərazisində müşahidə aparıb, Fariz İsmayılovu izləyərək, onun hərəkət marşrutunu müəyyən edib.
 
Dekabrın 21-də saat 17 radələrində Fariz İsmayılov idarə etdiyi "Volksvagen Jetta” markalı avtomaşında Masallı rayonunun Türkoba kəndində yerləşən "Yağmur market” mağazasının qarşısına gəlib.
 
Daha sonra avtomobildən düşərək, mağazaya girib.
 
24 atəş açdı
 
Fariz İsmayılovu izləyən Murad Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib.
 
Fariz İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib. Tapança-pulemyotdan Fariz İsmayilova fasiləsiz olaraq 24 atəş açıb.
 
Fariz İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.
 
İstintaq orqanı tərəfindən Murad Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Quluzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib.
 
Məhkəmənin hökmü ilə Murad Quluzadə 14 il azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli müəssisədə çəkilməsinə qərar verilib.
 
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti verib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətə hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada baxılıb.
 
"Daha yüngül cəza təyin edilə bilərdi”
 
Murad Quluzadənin vəkili Abdul Bağırov bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Quluzadə Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib: "O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 13 il, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə Murad Quluzadəyə qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
 
Hökmdə göstərilib ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Murad Quluzadəyə verilmiş Cinayət Məcəlləsinin 228.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ittihamı tam sübuta yetirilib. Bu səbəbdən həmin ittiham tərəfimizdən mübahisələndirilmir”.
 
Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 120.2.4 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham üzrə Murad Quluzadənin əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmayıb: "Məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hökmdə belə qənaətə gəlinib ki, Murad Quluzadə Cinayət Məcəlləsinin 120.1 və 228.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törədib. O, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır.
 
İşdə olan hüquqi sənədlərə əsasən təqsirləndirilən Murad Quluzadə yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmayıb. Cinayəti törətdikdən sonra polis şöbəsinə könüllü gələrək, cinayətin aləti olan silahı təqdim etməklə təslim olub.
 
Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti yoxdur. Bu səbəbdən məhkəmə ona daha yüngül cəza təyin edə bilərdi”.
 
"Cəza ağırlaşdırılmalıdır”
 
Prokuror Müşfiq Rəhimov apelyasiya protestində qeyd edib ki, birinci instansiya məhkəməsinin hökmü Murad Quluzadənin əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunması hissəsində ləğv edilməlidir.
 
Prokuror göstərib ki, Murad Quluzadə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin olunmalıdır.
 
Apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Murad Quluzadə tərəfindən verilən apelyasiya şikayəti təmin edilməyib.
 
Prokurorun protestinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə prokuror tərəfindən verilən protesti qismən təmin edib.
 
İş üzrə maddi sübut olan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, hadisə vaxtı zərərçəkmiş şəxs Fariz İsmayılovun əynində olmuş paltarları zərərçəkmiş şəxsin hüquqi varisi Mayisə Həşimovaya qaytarılması barədə qərar qəbul edib.
 
Məhkəmə Murad Quluzadənin cəzasının ağırlaşdırılması ilə bağlı hissədə prokurorun protestini təmin etməyib. Bu səbəbdən prokuror kasasiya protesti verib.
 
Prokurorun protesti baxılması üçün Ali Məhkəməyə göndərilib. İş hakim İnqilab Nəsirovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə araşdırması yenidən başlana bilər.
 
Dörd qardaşdan ikisi...
 
Qeyd edək ki, Fariz İsmayılov 4 qardaş olublar. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan "Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovdur.
 
4 qardaşdan ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız Piter Elçin kriminal aləmdə söz sahibidir, digər 2 qardaş kriminal davada öldürülüblər.
 
İlk olaraq qardaşlardan Maarif 2015-ci ilin iyununda Sankt-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilib. Bu hadisədən bir il keçməmiş isə Fariz İsmayılov güllələnib.
 
Piter Elçindən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.
 
Onu da qeyd edək ki, Piter Elçin Rövşən Lənkəranskiyə yaxın avtoritet kimi tanınır.
 
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.