Müsavatda qalmaqal: Başqanın müşaviri ilə keçmiş deputat dalaşır

16-06-2014, 01:30   
Müsavatda qalmaqal: Başqanın müşaviri ilə keçmiş deputat dalaşır
“Müsavat Partiyasında bir qrup dostlarımız var ki, onlar Müsavatın qurultayını 2015-ci ilin parlament seçkisindən sonraya saxlamaq istəyirlər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanının müşaviri Səxavət Əlisoy deyib.

Xatırladaq ki, S. Əlisoy bir müddət öncə APA-ya açıqlamasında bildirib ki, Müsavat Partiyasının qurultaya yer ayrılması ilə bağlı müraciətlərinin cavabsız qaldığı üçün partiya məcbur qalıb, başqanlıq sistemindən, sultanlıq sisteminə keçəcək: “Müsavat Partiyasının qurultayının uzadılmasında ən böyük zərbə Bakı Şəhər İcra Hakimiyyətinə deyil, partiyanın özünə dəyir. Partiyanın strukturları demək olar ki, yarımiflic vəziyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti bizi vadar edəcək ki, axırda partiyanın rəhbərliyində müzakirə apararaq, başqanlıq yox, sultanlıq sisteminə keçək, əbədi sultanlıq sistemində fəaliyyət göstərək. Onda qurultay keçirmək üçün müraciət etməyəcəyik”.

Partiyanın bəzi Divan üzləri bu fikirlərlə razılaşmayıblar. İkram İsrafil bunu partiyaya qarşı qərəz kimi qiymətləndirib: “Səxavət Əlisoyun sultanlıq barədə fikirləri partiyaya ikrah hissi ilə yanaşmağın nəticəsidir. Düşünürəm ki, qurultay olsa da, olmasa da Səxavət Əlisoy partiyada qalmayacaq. Onun artıq partiyadakı limiti bitib. O, istədiyi fikri söyləyə bilər. Buna önəm vermək lazım deyil. Partiyanın strukturlarının iflic vəziyyətdə olması fikri ilə isə razılaşmamaq mümkün deyil. Bunun səbəbi qurultayın keçirilməməsində deyil, ölkədə baş verən proseslərdir”.

S. Əlisoy isə qeyd edib ki, İ. İsrafil də daxil olmaqla, Divan üzvləri tənqidi fikrə dözümsüzlük göstərirlər: “Plüralizmdir, mənim öz mövqeyim var və Müsavat Partiyasının qurultayının keçirilməsini istəyirəm. Kimsə də deyə bilər ki, qurultayın keçirilməsini istəmir. Hər kəsin öz mövqeyi ola bilər. Bəzi “dostlarımız” elementar tənqidə dözümsüzlük nümayiş etdirirlər. Amma anlamırlar ki, demokratiyanın ən böyük göstəricilərindən biri də tənqiddir və hər kəsin öz fikri var. Bəzi adamların mənə qarşı dəstəbazlıq təşkil etmələri və yaxud haqqımda qiyabi qərar vermələri, guya, partiyadan çıxarmları mənim üçün önəmli deyil. Bunlar hamısı xülyadır, bisavadlığın nəticəsidir. Bu, ancaq partiyanın Nizamnaməsindən xəbərsizlərin təfəkkürünün nəticəsi ola bilər. Mənim partiyada limitimin bitdiyini deyənlər anlamalıdırlar ki, bu elə sultanlıq dövrünə öxşar bir şeylərdir ki, qərar verirlər və özləri də bunu icra edirlər. İkram İsrafil isə mənim üçün Müsavatda önəmli fiqur deyil. Bu fikirlərin heç birinə önəm vermirəm, çünki hamısı xülyadır.Müsavat Partiyasında yalnız intellektə malik olan insanlara söykənirəm, intellektdən uzaq olan insanlarla heç bir fikir mübadiləsinə girmək istəmirəm. Dəstəbazlıqla, hansısa komandanın üzvü olması ilə fəxr edənlərlə mənim münasibətim yoxdur, ola da bilməz. Çünki Müsavat Partiyasında ləyaqət prinsipi var və bundan kənara çıxmaq olmaz. Tənqid ola bilər, amma heç kimin ixtiyarı yoxdur ki, partiyada başqa birini aşağılasın”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.