“ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ/NDİ) özünün Azərbaycandakı fəaliyyətini dayandırmaq və qurumun Bakı nümayəndəliyini bağlamaq barədə qərar verib”.
Bu məlumatı virtualaz.org saytına diplomatik mənbələrdən veriblər.
Xəbərdə deyilir ki, MDİ-nin Bakı ofisinin bağlanması barədəki yekun qərar qurumun Avrasiya üzrə regional direktoru Lora Cuntun Azərbaycana bu yaxınlarda baş tutmuş işgüzar səfərindən sonra qəbul edilib.
Qeyd edək ki, dünyanın əksər ölkələrində faktiki olaraq “inqilab ərəfəsi şəraitin yaradılması üzrə laboratoriyaya” çevrilən MDİ-nin Azərbaycandakı daxili siyasi sabitliyi pozmağa yönəlmiş gizli fəaliyyəti ötən il ifşa olunub. O zaman MDİ-nin NİDA gənclər hərəkatına siyasi və maddi dəstək verməsi faktı üzə çıxarılmışdı. Bundan sonra MDİ heç cürə özünə gələ və Bakıdakı fəaliyyətini bərpa edə bilməyib. MDİ ofisinin başçısı Aleks Qriqoryevs yerli narazı qüvvələri dəstəkləyib qızışdırdığı üçün ölkədən qovulub. Onun bir çox həmfikirləri və tərəfdaşları isə həbs olunub.
Qeyd edək ki, MDİ-nin Bakı ofisinin prezident seçkiləri ərəfəsində - 2013-cü ilin martında əsgər ölümlərini bəhanə edərək Azərbaycanda “facebook inqilabı” törətmək planları iflasa uğrayandan sonra institut tam ifşa ediləcəyindən ehtiyatlanaraq öz nümayəndəsini Bakıdan geri çağırmışdı.
ABŞ rezidentinin izinə düşən Azərbaycan hüquq-mühafizə orqanları isə “Bakı barrikadaları”nın təşkilatçılarına MDİ tərəfindən maliyyə dəstəyi verilməsinə dair təkzibolunmaz faktlar aşkarlamışdılar.
Hüquq-mühafizə orqanlarına yaxın etibarlı mənbələrin virtualaz.org saytına verdiyi informasiyaya görə, MDİ indi növbəti ifşaedici faktların üzə çıxmasından ehtiyat edir. Bu da əsassız deyil.
Belə ki, Baş Prokurorluq bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı halları aşkarlayaraq həmin faktlar əsasında cinayət işi açıb. Buna isə Ədliyyə Nazirliyinin həmin təşkilatların qanunları pozmasına dair verdiyi informasiya əsas verib və MDİ-nin Azərbaycan nümayəndəliyinin də fəaliyyəti ilə bağlı təhqiqat başlanıb.
Bundan başqa, Azərbaycanın Vergilər Nazirliyi də MDİ-nin Bakı ofisinin fəaliyyətini yoxlayıb. İlkin məlumatlara əsasən yoxlamalar zamanı təşkilatın üst-üstə 58300 manat məbləğində vergidən yayınması faktı aşkarlanıb.
Bütün bunlardan sonra isə ABŞ-ın ən nüfuzlu qurumlarından biri olan MDİ-nin rəhbərliyi ifşa prosesinin dərinləşəcəyindən və öz adı ətrafında yeni siyasi qalmaqalın yaranacağından ehtiyat edərək Azərbaycandakı fəaliyyətini dayandırmaq və Bakı ofisini bağlamaq barədə qərar qəbul edib.