İqtisadçılar oliqarxların Əliyevə təsirinin bitdiyini iddia etdilər

6-04-2018, 08:54   
 
Kavkazskiy Uzel”-in müsahibə aldığı iqtisadçılar hesab edir ki, Azərbaycan prezidentliyinə namizəd və indiki dövlət başçısı İlham Əliyev seçki kampaniyasında inzibati resurslardan istifadə edir və biznesmen və oliqarxlardan dəstək almağa ehtiyac duymur. “Son illərdə Əliyev ölkədə oliqarx qrupların təsirini azaldaraq, fərdi gücünü əhəmiyyətli dərəcədə gücləndirib”, - deyə ekspertlər bildirib.
Başlanğıcda Azərbaycanda prezident seçkiləri oktyabrın 17-də olmalı idi, lakin fevralın 5-də dövlət başçısı İlham Əliyev seçkiləri aprelin 11-ə təyin etdi. Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ), Müsavat və Ümid partiyaları erkən seçkilərə qatılmaqdan imtina etdilər və Respublikaçı Alternativ (ReAl) və Nida hərəkatı səsvermənin nəticələrini tanımadıqları ilə bağlı xəbərdarlıq etdilər. "Demokratiya və rifah" hərəkatı (ADR) Azərbaycan hakimiyyətini erkən prezident seçkilərini ləğv etməyə çağırdı.
“Kavkazskiy Uzel”in bildidirdiyi kimi, Əliyevdən başqa prezident seçkisi üçün namizəd olaraq Milli Məclisin partiyasız deputatı Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının lideri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Partiyasından Fərəc Quliyev, Muasir Müsavat Partiyasından Hafiz Hacıyev, Xalq Partiyasının Təşəbbüs Qrupundan Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov (Cəlaloğlu) da qeydiyyatdan keçiblər. 19 martda Azərbaycanda seçkiqabağı təşviqat başlayıb. “Kavkazskiy Uzel”ə danışan QHT nümayəndələri prezident namizədləri üçün televiziya reklamlarının çox baha olmasından şikayətləniblər.
Sosial müdafiə üçün görülən tədbirlər təbliğat vasitəsi kimi istifadə olunur
Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyevin seçki kampaniyası əsasən inzibati resursların hesabına həyata keçirilir.
Qubad İbadoğlu.
“Seçkilərin elan edildiyi gündən bəri İlham Əliyev dövlət sektorunda çalışanların və hüquq-mühafizə orqanlarının əmək haqlarına, tələbə təqaüdlərinə, pensiya və əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiə xərclərinə 10 faizlik artımla bağlı 20-dən çox sərəncam imzalayıb. Bu məqsədlə dövlət büdcəsindən 400 milyon manat (240 milyon dollar) ayrılması planlaşdırılır. Bu, artıq 2 milyona yaxın seçicini əhatə edir, yəni seçicilərin 40 faizini”, - deyə İbadoğlu bildirib.
O hesab edir ki, bu tədbirlər ölkənin televiziya kanallarında və digər hökumət mediasında geniş reklam olunur və bu, faktiki olaraq, dövlət başçısının təbliğatıdır və seçki şəraitinin bərabər və ədalətli olması prinsipini pozur. “Əlbəttə ki, əhalinin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər görülməlidir. Ancaq bunu prezidentliyə namizədin lehinə təbliğat vasitəsi olaraq istifadə etmək yolverilməzdir”, - İbadoğlu qeyd edib.
İqtisadi islahatların zəruriliyi fonunda Əliyev öz iqtidarını gücləndirir
“Hazırkı prezident seçkiləri çox şeyin böyük biznesdən, oliqarx qrupların maliyyə investisiyalarından asılı olduğu klassik seçki kampaniyaları kimi qiymətləndirilə bilməz”, - “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev belə hesab edir.
“Bu, əslində texniki seçkidir - İlham Əliyevin prezident səlahiyyətlərini uzatmaq üçün formal bir prosedurdur. Bütün digər namizədlər bədbəxt uduzmuşlardır. Müxalifət ölkədə demokratik şəraitin olmaması və mövcud olan resursları səbəbindən seçkilərdə iştirak etməkdən imtina edib”, - Əliyev deyib.
İnformasiya agentliyinin rəhbərinin sözlərinə görə, son illərdə İlham Əliyev şəxsi iqtidarını əhəmiyyətli dərəcədə gücləndirib və buna görə də oliqarx nazirlərin dəstəyinə ehtiyac görmür. Ölkədə böyük biznes elə onlarla bağlıdır.
“Mövcud prezidentin yenidən seçilməsi üçün xüsusi xərclərə ehtiyac yoxdur. Onun xeyrinə inzibati resurslardan istifadə olunur, xüsusilə də seçki ərəfəsində dövlət sektorunda işləyənlərin, hüquq-mühafizə orqanlarının maaşları, pensiya və sosial müavinətləri artırılır”, - deyə Mehman Əliyev qeyd edib.
Onun sözlərinə görə, İlham Əliyev bir tərəfdən də demokratik qurumların son illərdə sıxışdırılması və müxalifətin zəifləməsi səbəbindən seçki kampaniyasını asanlıqla aparacaq. “Həqiqi rəqabət olmadığı təqdirdə, seçkiqabağı təşviqat kampaniyasına pul sərf etmək, mitinq keçirmək zərurəti ortadan qalxır”, - o hesab edir.
2018-ci ildə "Sərhədsiz reportyorlar"ın mətbuat azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutub. Təşkilat ölkədə mətbuat azadlığı ilə bağlı vəziyyəti "çox pis" adlandırıb
Digər tərəfdən, ekspertin sözlərinə görə, hazırkı prezident ABŞ, Avropa Birliyi və Rusiya kimi beynəlxalq güc mərkəzlərilə razılaşmağa nail olub.
“Görünən odur ki, ABŞ-la münasibətlərdə iqtisadi islahatlar və beynəlxalq investisiyaları da əhatə edəcək şəkildə biznes şəraitinin yaxşılaşdırılması vədi verilib… Avropa Birliyi də yeni, böyük tərəfdaşlıq müqaviləsinin imzalanmasını gözlədiyi üçün seçkilərə xüsusi olaraq müdaxilə etmək fikrində deyil. AB üçün "Şərq Tərəfdaşlığı" proqramının qorunması daha vacibdir. Digər tərəfdən, AB üçün Azərbaycan enerji təchizatının diversifikasiya mənbəyi kimi lazımdır. Buna görə də, Avropa diplomatiyası öz maraqları və dəyərləri arasında manevr edir. Rusiya ilə danışıqlar isə seçkilərdən sonra ticari-iqtisadi və hərbi-texniki əməkdaşlığı genişləndirməkdən ibarətdir”, - Mehman Əliyev deyib.
Mehman Əliyev.
O hesab edir ki, qərb diplomatlarına və siyasətçilərinə "dərin iqtisadi islahatlar aparmaq, arxasında oliqarx məmurların dayandığı iqtisadiyyatda monopoliyanı aradan qaldırmaq üçün məcburi zərurət" kimi təqdim olunan İlham Əliyevin seçkilərdən sonra gücünü daha da artıracağını gözləmək olar. “İqtisadi islahatların aparılması oliqarx-məmur qruplardan xilas olmaq və komandanın menecer-texnokratlarla əvəzlənməsini tələb edir”,- deyə o bildirib.
Belə olan halda nazir-oliqarxların müqavimət göstərib-göstərməyəcəyi ilə bağlı suala gəldikdə Mehman Əliyev deyib ki, gizli müqavimətin baş verdiyi ehtimalı var, amma dövlət başçısı öz iqtidarını elə gücləndirib ki, hər hansı açıq itaətsizlik və ya təxribatın qarşısını asanlıqla ala bilər.
Onun sözlərinə görə, İlham Əliyev 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Eldar Mahmudovun vəzifədən azad edilməsi ilə bunu nümayiş etdirdi. Ekspertin qeyd etdiyi kimi, Eldar Mahmudov çox güclənmişdi və artıq özü bir neçə nazirliyi idarə edirdi. Bundan əlavə, son illərdə nəqliyyat naziri Ziya Məmmədov, vergilər naziri Fazil Məmmədov da vəzifələrindən məhrum edilib. “Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovun və bir sıra digər nazirlərin də mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib”, - deyə o əlavə edib.
Ekspertlər hesab edirlər ki, alternativsiz seçki kampaniyası ciddi xərclər tələb etmir
Azərbaycanda seçkiqabağı təşviqat prosesi biznesin müdaxiləsi olmadan keçirilir, Avropaya İnteqrasiya Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı belə hesab edir.
“Belə bir texniki kampaniya üçün elə bir vəsait də lazım deyil. Onsuz da televiziya kanalları İlham Əliyevin gündəlik işlərini təbliğ edir. Küçədə reklama isə ehtiyac duymur, onsuz da  digər namizədlərin plakatları da maliyyə xərclərilə bağlı olaraq küçələrdə çox görünməyəcək. Seçicilərlə formal görüşlər yerli icra orqanları tərəfindən təşkil olunacaq, onların da əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvləridir”, - deyə Toğrul Cuvarlı bildirib.
 
Toğrul Cuvarlı.
Ümumiyyətlə, onun sözlərinə görə, Azərbaycanda biznes hakimiyyətin hansısa layihələrini maliyyələşdirməyə məcbur edilmədiyi təqdirdə siyasətə müdaxilə etmir. “Ancaq son illər böhran səbəbilə bu cür vəziyyətlər azdır. Biznes strukturları müxalif fəaliyyətə dəstək verməkdən çəkinir, müxalif mediaya reklam vermirlər. Bütün bunlar iş dünyasında itkilərə səbəb ola bilər.
Cuvarlı bildirib ki, son zamanlar Azərbaycanda oliqarxiyanı məhdudlaşdırmaq üçün addımlar atılıb. “Nəqliyyat naziri Ziya Məmmədov, vergilər naziri Fazil Məmmədov, ona qədər rabitə naziri Əli Abbasov, milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifələrindən azad edilib. Onların yerinə korrupsiyaya bulaşmamış gənc nəslin nümayəndələri, menecer-texnokratlar işə cəlb olunur”, - o deyib.
ReAl Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, Əliyev prezident seçkisində oliqarx qrupların dəstəyinə ehtiyac duymur.
“Bu gün Azərbaycanda heç bir seçki prosesi yoxdur və buna görə ciddi siyasi vəziyyət barədə danışmaq olmur. Şəffaf siyasi mübarizə yoxdur. Əlbəttə, məmur-oliqarx qruplar var, ancaq prosesə təsirləri barədə ancaq seçkilərdən sonra, Konstitusiya çərçivəsində yeni Nazirlər Kabineti yaradılanda danışmaq mümkün olacaq”, - deyə o bildirib.
O, hesab edir ki, seçki praktiki olaraq alternativsiz keçirilir və mövcud prezidentin digər qeydə alınmış namizədlər üzərində qələbə qazanması üçün xüsusi səy və resurs lazım deyil.
“Klan prinsipinə uyğun olaraq yaradılan məmur-oliqarx qrupların təsiri parlament seçkiləri zamanı öz xüsusi qruplarını yaratdıqları zaman daha çox hiss olunur”, -deyə aktivist bildirib. Həmin qrupların xəbər agentlikləri və internet saytları şəklində müəyyən media resursları var.
“Ancaq son illərdə İlham Əliyevin şəxsi iqtidarı əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəllər o, müxtəlif klan-oliqarx qrupların arasında moderator idisə, indi onun mütləq liderliyi haqda danışa bilərik. Əlbəttə, klanların buna gizli müqaviməti var idi. Lakin Əliyev həlledici və cəld hərəkət etdi. 2016-cı ildə Konstitusiya dəyişikliklərinə dair referendumun elan edilməsi səsvermə günündən iki ay əvvəl baş tutdu və bu, prezident komandasının bir çox üzvü üçün də sürpriz idi. Zaman məfhumu prezidentə qarşı gizli həmrəylik risklərini minimuma endirir”, - Cəfərli qeyd edib.
“Kavkazskiy Uzel”in verdiyi məlumata görə, 26 sentyabr 2016-cı il tarixində Azərbaycanda referendum keçirilib. Referendumun nəticələrinə əsasən, seçicilərin əksəriyyəti Konstitusiyaya dəyişikliklərin lehinə səs verib. Beləliklə, seçicilərin 84,2%-i prezidentlik müddətinin beş ildən yeddi ilədək artırmağın, 87,9% isə prezidentə parlamenti ləğv etmək hüququ verilməsi lehinə səs verib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, digər 27 düzəliş isə 83,25%-dən 91,15%-ə qədər səs toplayıb. Müxalifət düzəlişlərə qarşı çıxaraq referendumun nəticələrini ləğv etməyi tələb edib.
Prezidentin əlində geniş səlahiyyətlərin toplanması ölkədə ciddi islahatlara ehtiyac olduğundan xəbər verir, aktivist hesab edir. “Neft qiymətlərinin düşməsindən yaranan böhran ölkənin iqtisadiyyatının qeyri-sabitliyini ortaya qoydu. İslahatlara ehtiyac var və onlar qaçılmaz olaraq oliqarx-nazirlərin arxasında durduğu monopoliyaya qarşı yönəldilməlidir. Son iki ildə bu istiqamətdə müəyyən addımlar atılıb. Məsələn, gömrükdə faktiki olaraq rüşvət aradan qalxıb. Əvvəl təkcə monopolistlərin malları idxal olunurdu, özü də heç bir rəsmiləşdirmə olmadan, digər iş adamlarından isə rüşvət alırdılar. Doğrudur, bu addım indiyə qədər yarımçıq qalıb - rüşvətin miqdarı dövlət rüsumundan az idi”, - Cəfərli danışıb.
Onun sözlərinə görə, vergi sistemində də dəyişikliklər var. “2017-ci ilin sonlarında nazir-oliqarx Fazil Məmmədov vəzifədən azad edildi, onun yerinə qərb təhsili almış, yeni nəsil məmurlardan Mikail Cabbarov təyin edildi. İndi həqiqətən əsassız vergi yoxlamaları, qeyri-rəsmi ittihamlarla biznesin vergiyə cəlb edilməsi aradan qaldırılır”, - o qeyd edib.
Natiq Cəfərli.
Cəfərli hökumətin seçkilərdən sonra yenilənməsini gözləyir. “İlham Əliyevin müvəffəqiyyətli olub- olmayacağını bilmirəm, amma baş verənlərə  baxdıqda görünən odur ki, o, nazir oliqarxları yeni nəsil məmurlarla - Qərbdə təhsil almış, korrupsiya skandallarına bulaşmamış menecerlərlə əvəzləmək niyyətindədir. Yəni, iqtidar siyasi sistemi dəyişdirmədən, iqtisadi islahatlar etmək niyyətini nümayiş etdirir. Bu, iqtisadiyyat üçün artıq həyati əhəmiyyət kəsb edir. Yəni, Pinoçetin Çilidə istifadə etdiyi və ya Cənubi Koreyada, Sinqapurda tətbiq olunan modelləri istifadə etməyə çalışır”, - deyə o, əlavə edib.
Onun sözlərinə görə, bir sıra oliqarx-nazirlər öz vəzifələrini itirib, bundan sonra onların biznesi himayədarları olmadığı üçün əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun, nəqliyyat naziri - Ziya Məmmədovun, vergilər naziri - Fazil Məmmədovun, rabitə və yüksək texnologiyalar naziri - Əli Abbasovun rüsvayçılıqlarına toxunub.
Fövqəladə Hallar Nazirliyinin nüfuzlu rəhbəri Kamaləddin Heydərovun da vəzifəsindən getməyə məcbur qalacağına inanır, amma rejimə verdiyi töhfələrə görə ölkələrdən birinə səfir olaraq göndərilə biləcəyini düşünür. Həmçinin onun oğlu, Britaniyada təhsil almış, artıq özünü bir sıra kommersiya və ictimai layihələrin həyata keçirilməsində effektiv menecer kimi göstərə bilmiş Taleh Heydərov yüksək vəzifəyə təyin oluna bilər.
“Hər halda, mənim fikrimcə, yeni hökumətin nazirləri bu şöbələri öz xeyirlərinə almayacaqlar. Onlar yaxşı maaş alan və mütəmadi olaraq əvəz olunacaq adi menecerler olacaqlar. Nazirlərin 15-20 il vəzifə tutub hər yerə öz adamlarını yerləşdirməsi təcrübəsi sona çatmalıdır. Əvvəllər ancaq klan və regional mənsubiyyətə görə işə götürürdülər, indi isə artıq bacarığa görə kadr təyini prosesi müşahidə olunur”, - Cəfərli deyib.
Bu material "Kavkazskiy Uzel" saytından götürülüb, Meydan TV tərəfindən tərcümə olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.