“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 41 nəfər təşkil edib.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 73 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyasını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 28-i isə qeyri-döyüş itkiləridir.
6 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 4 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 1 nəfər bədbəxt hadisədən (suda boğulma), 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 35-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 2-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (73 nəfər) C.Sümərinli bildirdi ki, onların 18-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 6-ı intihara cəhddən, 10-u erməni gülləsindən, 8- nəfər mina partlayışından, 2 nəfər təlimdə, 27-si isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (ekeltrik cərəyanı) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 63 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Daxili Qoşunlar, 4 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar (Qafqazinfo.az).