Hakimiyyətin 3 milyardlıq macərası: Kim cavab verəcək?

9-09-2017, 00:45   
  The Guardian qəzetinin heyrətamiz yazısından sonra bütün Avropa Azərbaycan hakimiyyətinin, İlham Əliyev rejiminin natəmiz əməllərini müzakirə edir. 3 gün ərzində Avropa və Türkiyənin çox nüfuzlu mətbuat orqanlarında Azərbaycan hakimiyyətinin maliyyə fırıldaqları haqqında onlarla yazı çıxmışdır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Qrupu (OCCRP) tərəfindən hazırlanan yazı hakim ailənin və hakim elitanın bəlli bir tarixlərdə yalnız bir marşrut üzrə ölkədən gizli yolla çıxardığı 2,9 milyard xalq pulunun, büdcə oğurluğunun, silah alverindəki korrupsiyanın mənzərəsini ortaya qoymuşdur.
Bu talançılıq və korrupsiya şəbəkəsinin bütün izləri, bütün xətləri hakim ailəyə, hakim elitaya və bilavasitə ölkə prezidenti İlham Əliyevə gedib çıxır. Xalqa izahat vermək əvəzinə, məsələyə aydınlıq gətirmək əvəzinə, fövqəladə tədbirlər görmək əvəzinə hər gün bir dəstə boş boğazı televiziyalara çıxarıb erməniləri söymək, Corc Sorosu fırıldaqçılıqda ittiham etməklə izi azdırmaq istəyirlər. Amma keçməz. Əlahəzrət fakt bank ödəmə və qəbul etmə rekvizitləri ilə ortadadır. Bundan hara yayınmaq olar. Hətta, bəziləri əsrin bu böyük oğurluğunun guya Qarabağa görə “vətənpərvərlik” məqsədi ilə edildiyin “əsaslandırmaqdan” belə çəkinmir. Əslində, hakim ailənin və hakim elitanın bu gün ortada olan 3 milyard dollar həcmində maliyyə oğurluğuna, bank fırıldağına münasibət ərazisi işğal, əhalisi sərgərdan edilmiş bir ölkənin vəzifəli şəxslərinin, siyasətçilərinin, ziyalılarının, qeyri hökumət institutlarının vicdan, şərəf, ləyaqət, abır və həya məsələsidir. Ortada aydınlaşdırılması gərəkən çoxlu faktlar olduğu halda nağıl danışmaq, yaranmış acınacaqlı vəziyyətdən yarınmaq məqamı kimi istifadə etmək ən yüngül formada desək mənəvi düşgünlük, əxalqi naqislikdir.
Bu boşboğazlığın əvəzinə nələri etmək olar? İndi bütün dünya sizdən danışır, siz də zəhmət olmasa bir özünüzdən danışın. Məsələn, ilk növbədə Baktelekom MMC-nin xəzinə üzərində oturan, ev və həyətindən yoxsul güzaranı göz qabağında olan milyarder sürücü Məhərəm Əhmədovu televiziyaya çıxarıb necə “milyarder” olmasının sirrini ondan soruşmaq lazımdır. İkincisi, Fövqəladə Hallar, Müdafiə və keçmiş MTN-nin vəzifəli şəxslərindən soruşmaq lazımdır ki, rəhbərlik etdikləri nazirliklər qeyd edilən marşrutla bu milyonları kimə və nə üçün göndəriblər? Necə olub ki, ərazisi işğal olunan ölkənin təhlükəsizliyi, az qala hər gün cəbhədə düşmən gülləsindən əsgəri həlak olan bir məmləkətin kəşfiyyat pulları Britaniyadakı məlum 4 şirkətdən birinin korrupsiya kassasına göndərilib? Şəhid və qazilərin qanunla müəyyən edilmiş qan pulunu ödəməmək üçün yüz oyundan çıxır, vəsait yoxdur deyib məsələdən yayınırsınız, bəs seçki saxtakarlığını inkar edən, siyasi məhbusların olduğunu ört-basdır edən böyük bir fırıldaqçı sürüsünə 10 milyonlarala avro-dolları artıq əllərdə olan bank transferləri ilə necə əta etdiniz?
Ölkənin baş nazirinin birinci müavini Yaqub Eyyubovdan soruşmaq lazımdır ki, cənab vitse-primer sizin və ailə üzvlərinizin müalicəsi üçün niyə məhz korrupsiya kassasından pul gəlib? Elə yenə ona sual etmək lazımdır ki, Rossoborneksport sizə, həmin dövrdə Azərbaycanı beynəlxalq təşkilatda təmsil edən oğlunuza niyə həcmi milyon dollarla ölçülən pullar göndərib? Həm də nəzərə almaq lazımdır ki, Rossoboroneksport özəl şirkət deyil, Rusiyanın dövlət şirkətidir və deyilənlərə görə siz də Rusiyadan silah alınması barədə danışıqlar aparmışınız.
İşin gedişində bizim televiziya qəhrəmanları buna da aydınlıq gətirsin ki, Rusiyanın dövlət şirkəti olan

Rossoboroneksport necə olub ki, hakim ailəyə bağlılığı deyilən Britaniyadakı şirkətlərə Estoniya üzərindən 30 milyon dollara yaxın vəsait göndərib? Bunun arxasında silah ticarətində qiymətlərin şişirdilməsi, vaxtı keçmiş yararsız silahların baha qiymətə alınması kimi hərbi korrupsiya, silah ticarəti fırıldağı dayanmırmı? Elə bu sualların sırasında məsələni bəsitləşdirib Araşdırma qrupunda sevincək bir Dina Naqapetian tapıb hər şeyi onun etnik mənsubiyyəti ilə bağlamağa çalışan (hərcənd bu da doğru çıxmadı) prezidentin mətbuat xidmətindən soruşmaq lazımdır ki, ölkədən bəlli marşrutla gizli yolla çıxarılan pullardan hansı məqsədlə sizə də qəpik-quruş düşüb? Millətə macara,
Məlikməmməd nağılı danışana qədər bu məsələlərə aydınlıq gətirmək, hələlik bunların izahatını vermək lazımdır. Xalq bütün bunların izahatını gözləyir. Məhz, ilk addım kimi İlham Əliyev bunların izahatını verməlidir.
Namiq Muradlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.