Donald Trampın Suriya ilə bağlı "vur" əmrindən sonra ABŞ hərbi qüvvələri Suriyaya raket zərbələri endirməyə başlayıb.
Musavat.com-un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, Dəməşqdə elmi araşdırmalar mərkəzi partladılıb. Dəməşq şəhərində ard-arda 6 partlayış səsi eşidilib. Hazırda Bərzadakı elmi araşdırmalar mərkəzindən tüstü havaya qalxır.
Bundan başqa, 4-cü briqada milis qüvvələri mərkəzi ABŞ hərbi gəmilərindən atılan "Tomahawk" raketləri ilə vurulub.
***
Son məlumatlara əsasən, Dəməşq şəhərindəki hava limanı da raketlərlə vurulub. ABŞ-ın hücumuna Suriya havadan müdafiə sistemi cavab verib.
ABŞ əməliyyatların uzunmüddətli olacağını açıqlayıb.
***
İngiltərə Müdafiə Nazirliyi Suriyadakı əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hazırki əməliyyata İngiltərənin 4 “Tornado” təyyarəsi qatılıb.
Fransa da əməliyyatlara dəstək verdiyini bildirib.
***
Bombardman Bərza bolgəsində elmi araşdırmalar mərkəzi, Qaysun dağlarında Respublika Mühafizəçiləri mərkəzi, Mezzeh hərbi hava limanı, Damir hərbi hava limanı, Alkasva bölgəsi və paytaxt Dəməşqdəki bəzi mərkəzləri əhatə edir.
***
Paytaxtın ətrafı havadan bombardman edilir. Dəməşqdə yerləşən 81-ci və 21-ci batalyonun havadan müdafiə qüvvələri ABŞ-ın hücumuna qarşılıq verir.
ABŞ-ın Baş Qərargah rəisi vurulan hədəflərin Dəməşqdə kimyəvi silah araşdırma mərkəzi və Xümsdə kimyəvi silah anbarı olduğunu açıqlayıb.
ABŞ hava əməliyyatının bugünlük başa çatdığını bildirib.
Musavat.com