Hökumətin yeni tərkibi ilə bağlı qeyri-müəyyənlik yaranıb; Ciddi dəyişikliklərin olacağını iddia edənlər və bunun əksini söyləyənlər var
Aprelin 11-də keçirilən prezident seçkiləri Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsi ilə bitdi. Növbəti 7 il üçün Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin aprelin 18-də and içdi və bununla ölkədə yeni dönəm başladı.
Konstitusiyaya görə andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefaya gedib. Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək səlahiyyətlərin icrası əvvəlki tərkibə həvalə edilib. Yəni, bu sərəncama görə, köhnə komanda müvəqqəti də olsa, yerindədir.
Görəsən, Nazirlər Kabinetinin yeni tərkibi kimlərdən formalaşdırılacaq, hansısa nazirlik və komitələr biləşdiriləcəkmi?
Ölkə başçısı hələ aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş islahataların anonsunu səsləndirmişdi. Andiçmə mərasimindəki çıxışında da ölkə başçısı yeni dönəmlə bağlı mesajlar verdi:
“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcəkdir”.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, hazırda hakim komandanın hansı formada təsdiqlənəcəyi, kimlərin qalacağı, kimlərin yola salınacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Konkret heç bir məlumat verilməsə də, bəzi qocaman vəzifəlilərin yola salınacağı barədə ehtimallar var.
Təbii ki, yaranmış vəziyyət hakim komanda təmsilçilərini narahat edir. Çoxlarında “Birdən məni təsdiqləməz”,- fikri hakim kəsilib. Ona görə də həm komanda daxilində, həm də cəmiyyətdə yeni dönəmdə kimlərin hökumətdə təmsil olunacağı ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Bir qisim düşünür ki, Prezident 7 illik dönəmdə komandaya yeni simalar gətirəcək, yaxud gənc kadrlar önə çəkiləcək. Bəziləri isə hesab edir ki, hər hansı ciddi dəyişiklik baş verməyəcək, yola salınması gözlənilən bir-iki nəfər istisna olmaqla, əvvəlki komanda təsqdiqlənəcək.
Amma fərqli fikirdə olanlar da var. Hakim komandada mümkün dəyişikliklərlə bağlı maraqlı fikirləri REAL partiyasının Ali Məclis üzvü Natiq Cəfərli səsləndirib.
N. Cəfərli bildirib ki, konkret proqnozlar vermək çətin olsa da, dəyişikliklər mümkündür:
"Hətta baş nazir, baş nazirin birinci müavinləri səviyyəsində belə kadr dəyişikliklərinin olma ehtimalı var. Növbədənkənar seçkilərdən sonra Prezidentin qarşısında 7 illik müddət durur. Bu zaman ərzində islahatların olacağı ilə bağlı özü də bəyənatlar səsləndirib. Digər yüksək vəzifəli şəxslər də islahatlarla bağlı bəyənatlar veriblər. Azərbaycanın belə islahatlara böyük ehtiyacı var. Bu islahatların aparılması isə yeni komanda ehtimalını yüksəldir. Lakin konkret ad çəkmək çox çətindir”.
N. Cəfərli sürpriz dəyişikliklərlə də qarşılaşa biləcəyimizi istisna etməyib:
"Gömrük Komitəsi ləğv olunub Vergilər Nazirliyinə birləşdirilə bilər. Bundan başqa, Fövqaladə Hallar Nazirliyində dəyişiklik mümkündür. Yəni nazirlik statusu komitə statusuna dəyişdirilə bilər. Bu tipli struktur dəyişikliklərin olması da gözlənilir”.
FHN-nin statusu barədə ətraflı məlumat verən N. Cəfərli fövqəladə hallarla məşğul olan qurumun nazirlik statusunda olmasını doğru saymır: "Nazirliyin statusu komitə statusundan yüksəkdir. Amma FHN həm nazirlik, həm də siyasi qurumdur. Fövqəladə hallarla məşğul olan qurumun siyasi qurum olması doğru deyil. Onun sırf texniki və komitə şəkilində, həm də peşəkarlardan ibarət olması daha doğru olardı. Hətta bəzi funksiyalarının digər komitələrə verilməsi də mümkündür. Bu barədə də müxtəlif müzakirələr aparılır. Məsələn, yanğınsöndürmə xidmətinin əvvəlki illərdə olduğu kimi Daxili İşlər Nazirliyinin tərkibinə daxil ediləcəyi də dolaşan söhbətlər arasındadır”.
Maliyyə naziri Samir Şərifovun yeni kabinetdə yer almayacağı barədə proqnozlardan da danışan siyasətçi deyib ki, o, nəinki yeni hökumətdə ola bilər, hətta yüksək vəzifəyə də təyin olunması mümkündür: "Samir Şərifov kabinetdə olacaq deyə düşünürəm. Hətta baş nazir olma ehtimalı da var. Bunun üçün kifayət qədər ciddi əsasların olduğunu zənn edirəm.
Maliyyə Nəzarəti Palatasının rəhbəri ilə bağlı onu deyə bilərəm ki, bu qurumun yaradılması səhv qərar idi. Bu qurumun səlahiyyətləri ya Mərkəzi Banka qaytarılmalı, ya da Mərkəzi Bankın səlahiyyətləri tamamilə azaldılıb Palataya verilməlidir. Paralel qurumların olması yaxşı deyil”.
Siyasi şərhçi Zəlimxan Məmmədli isə hər hansı ciddi dəyişiklik gözləmir. O, “Reytinq”ə bildirib ki, bu komandanın islahat aparmaq niyyəti yoxdur:
“Konstitusion quruluşumuza görə hakimiyyətin mənbəyi xalqdır. Xarici vətəndaşların və dövlətlərin bu prosesdə iştirakı yasaqdır. 1993-cü ildə legitim hakimiyyət hərbi qiyamla devrilib və xarici qüvvələrin himayəsi ilə hakimiyyət dəyişikliyi baş verib. Hakimiyyətin dinc-demokratik qaydada dəyişilməsi cəhdləri – xalq hakimiyyətinin bərqərar olması isə, bütün cəhdlərə baxmayaraq, reallaşmayıb. Bu iki təməl prinsip gerçəkləşmədiyi halda hakimiyyət tamam başqa meyarlarla formalaşır. Bu səbəbdən də qiyamdan sonra varislik prinsipi ilə formalaşan hakimiyyət xalqdan daha çox başqa mərkəzlərin himayəsini möhkəmləndirmək üzərində köklənir. O baxımdan Azərbaycan iqtidarı xalqdan xeyli aralıda qərar tutub. Xalq spekulyativ formada istismar alətinə çevrilib. Hakimiyyətin formalaşmasının təməl prinsipi pozulduğu üçün ondan fundamental dəyişikliklər gözləmək imkanına malik deyiləm”.
Z. Məmmədli hökumətin necə formalaşacağı, kimin hansı postda oturdulmasının hər hansı dinamika yaratmayacağı qənaətindədir:
“Hakimiyyət bölgüsü, ictimai nəzarət, qanunun aliliyi qaydalarının pozulması, məhkəmə hakimiyyətinin köləliyi islahatları tormozlayır və xərçəng xəstəliyi kimi bir bəladır.
Amma bu seçkidə öz müşahidələrim əsasında, nisbi də olsa, bir tendensiya duydum. Sanki dərin qatda islahatçılarla, Kremlpərəst mühafizəkarların amansız mübarizəsi gedir. Prezidentin ciddi alternativlərsiz seçkiyə vadar edilməsini və seçdirilməsini onu nüfuzdan salmaq cəhdi kimi qiymətləndirirəm”.
Z. Məmmədli vurğulayıb ki, hazırki şəraitdə islahatlar zəruridir: “Təbii ki, milli demokrat olaraq söykəndiyi prinsiplərə uyğun, xalqın rufahının və dövlətin milli maraqlarının təmininə yönəlik islahatların aparılmasına başlanılmasını arzulardım, imkanım olsa, bu istiqamətdə ardıcıl olardım. Bundan sonrakı dönəmdə müşahidə etdiyim islahatçı qanad sistemləşərsə, bütün fəaliyyət onun xalqla, milli-demokratik güclə bütövləşməsinə yönəlməlidir”.
Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimlidə çoxsaylı mülahizə və fikirlərə baxmayaraq, hökumətdə ciddi dəyişikliklərin olacağına inanmır. Onun sözlərinə görə, seçkilərin növbədənkənar keçirilməsində məqsəd ondan ibarət olmayıb ki, hökumət yaxşı işləmir və onu yenisi ilə əvəz etmək lazımdır: “Ona görə də nazirlərin dəyişdiriləcəyinə edilən ümidlərin o qədər də əsası yoxdur. Digər tərəfdən, iqtidarın yüksək ranqlı məmurları dəfələrlə bəyan ediblər ki, onlar kadrları sadiqliyinə və etibarlılığına görə seçirlər. İstefaya göndərilən Kabinetdə təmsil olunanların hər biri haqqında “onlar hakimiyyətə sadiq olublar”,- demək mümkündür. Çünki yuxarıdan gələn tapşırıqları sözsüz yerinə yetiriblər. Deməli, kadrlar bacarığına görə seçilmədiyindən bu variant da dəyişikliyi istisna edir. Düşünürəm ki, hansısa dəyişiklik olsa, bu, kosmetik xarakter daşıyacaq, baxmayaraq ki, bunun başvermə ehtimalı sıfra yaxındır. Əgər deyildiyi kimi, islahatlar xətti tutulacaqsa, onda gərək indiki nazirlərdən heç biri yenidən vəzifəyə təyin olunmasın”.
Politoloq diqqətə çatdırıb ki, bir-birinə zidd olan iki sistemin qarşı-qarşıya durduğunu müşahidə edirik: “Ya islahatlar həyata keçirilməli və sistemdə ciddi dəyişiklik olmalıdır, ya da əvvəlki kadrlar yerində qalmalı və sistem qorunub saxlanılmalıdır”.
Müsahibimiz qeyd edib ki, məmurların yerini dəyişməklə cəmiyyətdə hökm sürən pessimizmi, inamsızlığı, ümidsizliyi, kədəri, artan sosial narazılığı aradan qaldırmaq mümkün deyil. “Ona görə də Prezident anonsunu verdiyi islahatlara başlamaq üçün daha qətiyyətli addımlar atmalıdır. Bu qətiyyətin içərisində hakimiyyət bölgüsü prinsipinə ciddi əməl olunmalı, sistemdaxili dəyişiklilər, kadrların sadiqliyə görə deyil, bacarığına əsasən seçilməsi xətti götürülməlidir”, – deyə M. Rəhimli fikrini yekunlaşdırıb.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə “Reytinq”ə deyib ki, seçkidən sonra nəyin baş verəcəyini yalnız ehtimal etmək olar, çünki 4-cü dəfədir ki, eyni şəxs -İlham Əliyev eyni statusa sahiblənir. Onun qənaətincə, İ. Əliyev bu vaxta qədər olan dəfələrdə köhnə komanda ilə işləməyə, konservativ xətti davam etdirməyə üstünlük verib:
“İlham Əliyevin komandası bu illər ərzində köhnə ehkamlara söykənərək, heç nəyi dəyişməmək, ölkəni talamaqda davam etmək, siyasi opponentləri əzmək, mətbuatı satın almaq, biznesə və maliyyə dövriyyəsinə total nəzarət etmək, müqaviməti dəyənəklə sıradan çıxarmaq, yenilikləri həbsdə boğmaq və s. kimi taktikadan istifadə edib. Ona görə də nəyinsə dəyişəcəyini söyləmək mürəkkəb məsələdir. Hakim komandanı daxili müqavimətlə dəyişikliyə məcbur etmək zordur. Zatən ixtisaslaşmış qüvvələr -partiyalar maksimum zəiflədilib, yaxud ələ keçirilib, cəmiyyətin xaotik tərpənişi üçün hələlik sosial-iqtisadi zərurət yoxdur, beynəlxalq faktor müdaxiləyə tələsmir. Ölkəni hərəkətə gətirəcək kənar qüvvə Rusiya ilə məşğuldur.
Əlbəttə ki, YAP səltənəti zora arxalanır. Normal siyasi prosesdə bu xanədənın çökməsi an məsələsidir. Lakin gedişat göstərir ki, könüllü olaraq yaradılmış bu status-kvodan hakim partiya asanlıqla vidalaşmayacaq”.
Partiya sədri hesab edir ki, belə olan təqdirdə mütləq qüvvə halında olan iqtidarı islahatlara, ola da bilər kosmetik dəyişikliklərə iki amil məcbur edə bilər. Onun fikrincə, burada hakimiyyətdaxili mübarizə və beynəlxalq amil nəzərə alınır:
“Birinci amil ciddi faktordur. Köhnə qvardiyanın bioloji aşınması göz önündədir. Azərbaycan hakimiyyəti SSRİ-nin çökməsində xüsusi rol oynamış Brejnevin Siyasi Bürosunu xatırladır. Heydən düşmüş ahıllar yığnağının, onların təsiri altında olan kirəcləşmiş nisbətən cavanların çevik, müasir tələblərə uyğun dinamik siyasətini düşünmək abdallıq olar. Bu heyət ölkəni bataqlıq halında saxlamağa çalışacaq. Regional ideolji prinsiplər üzərində təşkilatlanmış bu klan mövqelərini təhvil vermək fikrindən uzaqdır. Son seçki kampaniyasında da bunun əyani şahidi olduq. Klan, yeri gələndə prezident Əliyevi də təhdid etməkdən çəkinmir. Artıq iki Prezident seçkisində bunun əyani şahidi olmuşuq. 2009-Referendumu da bu kampaniyanın təzyiqi nəticəsində baş tutmuşdu”.
VİP sədrinin fikrincə, son illər bu heyət hakimiyyət monopoliyasını itirməkdədir:
“Hakimiyyətin daxilində artıq formalaşmış yeni komanda bütün meydanlarda mühafizəkarları sıxışdırıb. Düzdür, son seçkini konservatorlar keçirməyə nail olsalar da, siyasi və informasiya müstəvilərinə nəzarət etsələr də, bunun çox davam edəcəyini düşünmürəm. Yeni komanda seçkidən sonra bu sferalarda da hərəkət edəcək kimi görünür. Sona qədər daxili güc nisbətini bilmədiyimdən bunun nə vaxt baş verəcəyini deməkdə çətinliyim var. Lakin trend göz önündədir.
Əgər yeni formalaşmaqda olan komandanın gücü çatsa, Prezidentin dəstəyi və beynəlxalq aləmin razılığı olsa, dəyişikliklər baş verəcək. Amma bu dəyişikliklər islahat mahiyyətli olacaq, ya yox, bunu əvvəldən demək çətindir. Hər dəyişiklik islahat deyil. Görünən odur ki, yeni heyətin təsiri altında baş tutmuş vəzifə transferlərindən görəvləndirilmiş şəxslərə rüşvət almamaq, qayda-qanun yaratmaq tapşırığı verilib.
Yeni Kabinetin tərkibi, ümumilikdə dövlətin “marşrutu” bu iki cinahın münaqişəsində ayarlanacaq. Təbii ki, bu qarşıdurmada münsif ola biləcək İlham Əliyevin də mövqeyindən çox iş asılıdır.
İkinci amil Qərb-Rusiya toqquşmasının necə nəticələnəcəyindən asılı olacaq. Görünən odur ki, Qərb Rusiyanın hərbi, iqtisadi, lojistik, maliyyə nüfuzu çevrəsində olan kiçik dövlətlərə təsir etmir. Problemi daha böyük oyunçu ilə bir həmlədə həll etmək istəyirlər. Ona görə də, hələlik yaxın gələcəkdə universal hüquq və dəyərlərin müdafiəsində Qərb fəal olmayacaq”.
Sonda Ə. Əliyev vurğulayıb ki, bütün hallarda müxalifət bu gedişatlara real yanaşmağı bacarmalıdır:
“Hakimiyyətin çətiri altında təmərküzləşmiş potensial o qədər həlledicidir ki, orada baş verənlər ölkə həyatına təsir etmək gücündədir. Biz isə iki pisdən birinin içində olmaq zərurəti ilə üz-üzəyik. 25 il içində “boğulduğumuz bataqlığın” nə olduğunu hamımız yetərincə dadmışıq. Bu bataqlığın açar sözləri - işğal, qaçqın, məcburi köçkün, korrupsiya, ofşor zonalar, saxta seçki, talan, siyasi məhbus və s. terminlərdir. Bəlkə iqtidar komandasındakı dəyişiklik ölkəyə faydalı olar. Çünki başqa variantımızın olduğu perspektivini hələlik görmürəm”.
Zaur ƏHMƏD
P.S. Qeyd edək ki, bu yazı hazırlandıqdan sonra ölkə başçısı bir sıra struktur islahatlarına imza atıb.