Hökumətin yeni tərkibi: gedənlər və gələnlər... VƏ BOŞ KRESLOLAR

21-04-2018, 21:12   



Bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiq edilməsinə dair sərəncam verib.  Virtualaz.org xəbər verir ki, sərəncama əsasən yeni baş nazir-prezidentin xarici əlaqələr üzrə keçmiş köməkçisi Novruz Məmmədovun rəhbərlik edəcəyi kabinetdə nazir və baş nazirin müavini statusunda yeni simalar görə biləcəyik. Habelə kabinetin köhnə tərkibində yer alan bir sıra nüfuzlu fiqurlar yeni tərkibdə yer almır. Bir sıra dövlət strukturlarının rəhbərliyinə isə hələ təyinat olmayıb.

Beləliklə, Novruz Məmmədovun kabinetində yenilərdən biri baş nazirin müavini, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdur. Əslində bu, Abutalıbovun baş nazirin müavini vəzifəsinə ilk təyinatı deyil. O, 2000-ci ildə Suraxanı rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləndən sonra baş nazirin müavini vəzifəsinə təyin olunmuşdu və 2001-ci ilin yanvarına qədər, yəni 1 il bu vəzifəni tutmuşdu. Daha sonra Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı təyin olundu və baş nazirin müavini postunu boşaltdı. Və belə görünür ki, Bakıya 17 il rəhbərlik edəndən sonra Abutalıbov yenidən karyera pilləkənlərində simvolik olaraq “yuxarı qalxdı” və daha paytaxta rəhbərlik etməyəcək.

Yeni tərkibə əsasən baş nazirin müavinlərindən Yaqub Eyyubov, Əli Əhmədov və Əli Həsənov postunu qoruyub saxlayıb. Lakin Əli Həsənov eyni vaxtda tutduğu digər vəzifəni-Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri vəzifəsini boşaltmalı olacaq. Həmin vəzifəni Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev tutacaq.

Baş nazirin müavinlərindən Abid Şərifov və Elçin Əfəndiyev isə yeni tərkibdə yer almır. Onların hansısa yeni vəzifələrə təyinatı barədə məlumat yoxdur. Böyük ehtimalla bu şəxslər pensiyaya yola salınıblar.

Yeni tərkibdə güc strukturlarının və hüquq-mühafizə orqanlarının  rəhbərlərindən dəyişən olmayıb. Daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov, habelə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev , ədliyyə naziri Fikrət Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov vəzifələrində qalıblar.

O cümlədən iqtisadiyyat blokundan iqtisadi inkişaf naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramil Quluzadə, energetika naziri Pərviz Şahbazov yenidən həmin vəzifələrə təsdiq ediliblər. Xarici işlər naziri Elmar Məmmədyarov da postunda qalıb.

Lakin iqtisadiyyat və sosial sahə üzrə iki nazir postuna yeni təyinat olub. Belə ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət)  sədri İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunub. Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov kabinetin yeni tərkibində yer almayıb, onun hansısa digər vəzifəyə təyinatı barədə məlumat yoxdur.

Habelə iqtisadiyyat nazirinin müavini Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Keçmiş nazir Səlim Müslümov kabinetin yeni tərkibində yer almayıb. Onun da hansısa başqa vəzifəyə təyinatı barədə hələlik informasiya yoxdur.

Keçmiş kənd təsərrüfatı naziri, baş nazirin müavini İsmət Abbasov da yeni tərkibdə yer almayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev təyin edilib. Bu komitənin rəhbəri Abbas Mustafayev prezident seçkiləri ərəfəsində vəfat etmişdi.

Yeni sədr Samir Nuriyev İçərişəhər Dövlət Qoruğunun keçmiş sədr müavini, 2013-cü ildən qoruğun sədri, 2016-cı ildən isə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru idi.

Kabinetin yeni üzvlərindən əmək və əhalinin sosial təmnatı naziri Sahil Babayev 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” ixtisası üzrə 2000-ci ildə bitirib. SOCAR-ın Xarici Sərmayələr İdarəsində baş mütəxəssis və şöbə rəisi işləyib. Daha sonra Milli Məclis sədrinin müavininin köməkçisi olub. 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində işə keçib. 2014-cü ildə nazir müavini təyin olunub.

Maraqlıdır ki, kabinetin yeni tərkibində bir sıra nazirliklərin və dövlət komitələrinin rəhbərləri vəzfələrinə təyinat olmayıb. Belə ki, səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri hələ təyin edilməyib.

Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə sədr təyinatı olmayıb.

Virtualaz.org kabinetin qismən formalaşan yeni tərkibinə əsasən gedənlərin və gələnlərin fotolarını təqdim edir.

F.Məmmədov

Virtualaz.org

Gedənlər:

Abid Şərifov

Elçin Əfəndiyev

Səlim Müslümov

Heydər Əsədov

İsmət Abbasov

Gələnlər:

Hacıbala Abutalıbov - baş nazirin müavini

Samir Nuriyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Sahil Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri

İnam Kərimov - kənd təsərrüfatı naziri

Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.