Bakıda uşaq bağçasının söküntüsünə başlanıb.
ANS PRESS-in məlumatına görə, 179 saylı sökülən bağça Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov 44 ünvanında yerləşir.
Bağçanın bir neçə il öncə bağlandığı və orada məcburi köçkünlərin məskunlaşdığı bildirilir.
Əraziyə elektrik enerjisi və suyun verilişi dayandırılıb.
Artıq bağça ərazisində yaşayan bütün məcburi köçkünlər köçürülüb və söküntü işlərinə start verilib.
Qeyd edək ki, ötən il bağça sahibkar tərəfindən özəlləşdirilib və məcburi köçkünlərin köçürülməsinə qərar verilib. Bu zaman isə qeydiyyatı olmadığından şəhid Ailəsi Tural Şükürov və Müslüm Şükürov qeydiyyata alınmayıblar.
Qeydiyyata düşmək üçün dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Xətai rayon şöbəsinə də müraciət ediblər.
Məsələ ilə bağlı Komitənin mətbuat xidmətindən bildiriblər ki, həmin ərazidə yaşayanlar ötən il məhkəmə qərarı ilə siyahıya alınıb və həmin siyahıda Tural və Müslüm Şükürovun adları yoxdur. Siyahıyaalma bir neçə dəfə aparılsa da onlar daxili edilməyib. Bu da o deməkdir ki, Şükürovlar ailəsi siyahıyalmadan sonra bağça ərazisində məskunlaşıb. Ona görə də onların evlə təminatı mümkün deyil.
İndi Şükürovlar ailəsi ya əvvəldən burada yaşadığını sübut edib, dövlət tərəfindən evlə təminatına nail olmalı, ya da özləri yeni yaşayış sahəsi tapmalıdırlar.