AŞPA-dakı hesabat ölkəni biabır etdi

28-04-2018, 08:02   
 




Son illər Azərbaycanın adı bütün nüfuzlu hesabatlarda və ya müzakirələrdə olduqca mənfi hallanır. Dünyanın harasında nəhəng korrupsiya, rüşvət, çirkli pulların yuyulması və digər neqativ məsələlər ortaya çıxırsa, orada mütləq bir cümlədə də olsa Azərbaycanın adı keçir.
Ölkəmizin adına bu neqativ imici qazandıran Azərbaycan hökumətinin fəaliyyəti olsa da, bütövlükdə xalqımız da bu rüsvayçı imicin daşıyıcısına çevrilib. Xüsusilə də belə rüsvayçı və cinayət tərkibli işlərə görə ölkədə heç kim cavabdehlik daşımırsa, cəzalanmırsa və qınanmırsa, deməli bu, həm də xalqımızın adına yazılacaq ləkə ola bilər. Bütün mərhumiyyətlərə baxmayaraq azsaylı insanların müxtəlif üsullarla etiraz ifadə etməsi isə korlanmış imicimizi təmizləməkdə yetərli deyil.
Dünən AŞPA da plenar iclasda qızğın müzakirələrdən sonra qəbul edilən, korrupsiya ittihamları üzrə müstəqil istintaq orqanının 219 səhifəlik Hesabatı da bu qəbildən olan növbəti sənəddir. Azərbaycan nümayəndə heyətinin bütün cəhdlərinə baxmayaraq, 123 deputatın “lehinə”, 9 deputatın isə “əleyhinə” səs verdiyi bu Hesabat Azərbaycanın çağdaş tarixinə yazılan ləkələrdən biri kimi qalacaq.
Azərbaycan iqtidarının davranışlarını analiz etdikdə, bu Hesabatda adları neqativ keçən insanlara qarşı hansısa təsirli addımların atılacağını demək çox çətindir. Çox güman ki bu dəfə də pis əməlləri törədənlərə “gözün üstə qaşın var” deyilməyəcək.
Hökumətin siyasi iradəsini anladıq, bu gözləniləndir.
Bəs bu hesabatda adı keçən deputatlar özləri niyə siyasi mədəniyyət göstərib istefa vermir? Ölkənin az-çox ictimai tanıtımı olan fəal insanları niyə bu rüsvayçılığa susqunluq göstərir? Heç olmasa bu rüsvayçılığı qınayacaq bir status yazmağa da çəkinirlərmi?
Bu Hesabatı oxuduqca xəcalətdən bilmirsən nə edəsən. Hər sətri millətimizi və dövlətimizi yerdən-yerə vuran dəhşətli faktlardır. Azərbaycan iqtidarının bəzi yetkililəri sanki ölkəmizə müvəqqəti gəlir gətirən bir şirkət kimi baxırlar. Nə sərvətinə, nə də insanlarına dəyər verirlər. Talayıb, dağıdıb, xaraba qoyub getməyə hazırlaşan işğalçı kimi davranırlar. O “işğalçılar” iradəsi zəif olan ölkə kişilərini yaltaq, qorxaq, ikiüzlü, pulagir, yüngül əxlaqlı qadınlarını isə xarici “qonaq”lara “xidmət”çi kimi görməkdən həzz alırlar.
Görünən budur ki ölkəmizin imicinin pis olması onları qətiyyən narahat etmir. İstənilən “qonağın”, “yolçunun” ayaqlarının altına ölkəmizi “xalı” kimi sərirlər.
Baş verənləri kəskin qınamaqla yanaşı, təəssüf ki hələ də üzüntü ilə izləməkdəyik. Üzümü həmin pislikləri törədib, cəzasız qalacaqlarını zənn edənlərə və onların havadarlarına tutaraq xəbərdar edirəm. Bu əməllərinizin qarşılığını mütləq alacaqsınız. Millətimizi aşağılamağa son qoyun. Xalqımızın fəal, dəyərli övladlarına səslənirəm. Bu məsələləri hər yerdə müzakirə edin, passiv insanları düşündürməyə çalışın, birgə addımlar atmaq iradənizi ortaya qoyun. Birlikdə gərəyini edərik!
Nəsimi Məmmədli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.