Rauf Mirqədirov: ''Demokratiya ABŞ-ın xarici siyasət prioritetlərində birinci deyil''
ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda D.Trapm Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə birgə işləmək əzmində olduğunu bəyan edib.
“Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir”.
Bununla belə ABŞ prezidenti öz məktubunda demokratiya və insan haqları sahəsinə ümumiyyətlə toxunmayıb.
ABŞ-da mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Oruclu prezident Trampın məktubunu “kitayət qədər standart” adlandırıb.
O, xatırladıb ki, 2013-cü ildə Barak Obama da oxşar məzmunlu məktub göndərmişdi. Keçmiş prezidentin də məktubunda da təbrik sözü yox idi, amma demokratiya və insan haqları məsələləri vurğulanmışdı.
Ərəstun Oruclu deyir ki, Tramp kimi prezidentdən demokratiya və insan haqları ummaq absurddur.
“Ancaq həssas yumoru olan insanlar Trampdan demokratiya və insan haqlarının müdafiəsini gözləyə bilər. Amerika cəmiyyətinin mütləq əksəriyyəti onun bəyanatlarını irqçilik kimi dəyərləndirir. Belə bir adam hər həftə ölkənin tanınmış simaları ilə şəxsi dava aparır, səbəb onu tənqid etmələridir”.
Onun sözlərinə görə, məktubda əməkdaşlıqla bağlı cümlələr standart səciyyə daşıyır. Məktubda yeni bənd Dağlıq Qarabağla bağlıdır, Barak Obamanın 2013-cü il seçkilərlə bağlı yazdığı məktubla müqayisədə Tramp Dağlıq Qarabağ münaqişəsi barədə münasibət ifadə edir.
Siyasi icmalçı bildirib ki, dünyada demokratik, insan haqları dəyərlərinin aşınması gedir:
“Mənzərəyə baxın, ATƏT-in Müşahidə Missiyası, Avropa Şurası nümayəndələri 11 aprel növbədənkənar seçkiləri çox mənfi qiymətləndirir, ardınca Almaniya kansleri Merkel, Avropa Şurasının baş katib Yaqland Əliyevi təbrik edir. Aprelin 26-da isə AŞ PA-da Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlərinin Azərbaycanla bağlı hazırladığı 219 səhifəlik hesabat qəbul olunur. Bütün bunlar qlobal miqyasda insan hüquq və azadlıqları, demokratiya dəyərlərinin çox sürətlə aşınması və mübadilə, spekulyasiya predmetinə çevrilməsi deməkdir, bu, çox təhlükəlidir. Qərb dövlətlərinin iqtisadi maraqları var, onları Azərbaycanda demokratiyanın olub-olmaması narahat etmir, 25 ildir bunu görürük, özümüzü aldatmayaq. Sabah başqa bir adam prezident olsa, eyni məzmunlu məktublar yazılacaq və əməkdaşlıq qurulacaq”.
Onun fikrincə, Azərbaycanda demokratiyanın inkişaf etməməsinin səbəblərindən biri də böyük demokratik dövlətlərin xalqın demokratik cəmiyyət qurmaq cəhdlərinə laqeyd, bir sıra hallarda isə pozucu təsiri olmasıdır:
“Onlar Azərbaycanda demokratik dövlətin olmasını istəməyiblər. Çünki demokratik dövlət olanda, istilaçı şərtləri ilə neft-qaz müqavilələrini qəbul etdirmək mümkünsüzdür. Böyük dövlətlərə Səudiyyə Ərəbistanı, Türkmənistan, Azərbaycan kimi avtoritar-monarxik dövlətlər sərf edir. Çünki aparıcı dövlətlərin Azərbaycan kimi ölkələrə siyasəti korporasiyaların maraqları üzərində qurulub”.
Harvard məzunu Bəxtiyar Hacıyev hesab edir ki, Trampın məktubu kifayət qədər diplomatik hazırlanıb.
“Məktubda insan haqları və demokratiya ifadələri olmasa da, təbrik də yoxdur. Sadəcə, məktub iki dövlət arasında əvvəlki münasibətlərin davam etdirilməsi üçün yazılıb”.
B.Hacıyev bildirib ki, Amerikanın Azərbaycanda maraqlarını anlamaq olar, təhlükəsizlik, enerji məsələləri nəzərə alınsa, balanslaşdırıb təbrik ifadəsi yazılmadan ümumi bir məktub göndəriblər. Sadəcə, bu məktubda insan hüquqları və azadlıqları məsələsi yoxdur.
Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirovun sözlərinə görə, Tramp demokratiya və insan haqlarını o halda yada salır ki, həmin dövlətlərdə Vaşinqtonun problemləri var.
“Məsələn, Şimali Koreya, Rusiya, Kuba, Venesuala və başqa ölkələrin adlarını çəkmək olar. Azərbaycanda isə ABŞ-ın ciddi problemləri yoxdur. Düzdür, Trampın məktubunda korrupsiyaya toxunulur, əslində, korrupsiyaya qarşı mübarizə insan haqları ilə bağlıdır. Demokratiyanın, ictimai instiutların zəif olduğu, insan haqlarının tapdandığı dövlətlərdə korrupsiya güclü olur”.
Digər tərəfdən o xatırladıb ki, Tramp müsəlman dövlət başçıları ilə görüşündə “mən sizə dərs demək yox, əməkdaşlıq etmək istəyirəm” demişdi.
“Bunun tərcüməsi odur ki, insan haqları və demokratiya haqda dərs olmayacaq, əsas məsələ əməkdaşlıqdır. Demokratiya ABŞ-ın xarici siyasət prioritetlərində birinci deyil. Çox nadir hallarda maraqlarla müqayisədə dəyərlərə üstünlük veriblər. Tramp hakimiyyətə gələndə də demokratiya və insan haqlarının maraqları arasında omadığını demişdi. Bu mənada ABŞ prezidentinin məktubunda yeni bir şey yoxdur. Amma bu o demək deyil ki, Vaşinqtonla Bakı münasibətlərində insan haqları və demokratiya yoxdur. Rəsmi bəyanatlarda təhlükəsizlik və enerji, üçüncü demokratiya gəlir. Tramp ABŞ prezidenti olsa da, hakimi mütləq deyil və bu ölkənin xarici siyasəti bir şəxsə bağlı deyil. Tramp məktubu ilə xarici siyasəti dəyişdirə bilməz, Rusiya ilə münasibətlərdə bu göründü”.
Rauf Mirqədirov bildirib ki, Azərbaycanda hakimiyyət dəyişikliyi gündəmdə olmadığından dövlətlərarası münasibətlərdə əlavə qıcıq doğurmaq heç kimə sərf etmir.
“Əgər Moskva və Vaşinqtonda istək olsaydı, hakimiyyət dəyişikliyi situasiyasını yaratmaq mümkün idi. İndiki qlobal mürəkkəb şəraitdə böyük güclər bunda maraqlı deyillər. Sadəcə, real hakimiyyətlə işləmək aparıcı dövlətlərin maraqlarındadır, çünki hakimiyyət onların enerji, təhlükəszilik maraqlarına problem yaratmır. Baxın, seçki haqda rəylərini verdilər və Avropa Şurası 26 apreldə korrupsiya ilə bağlı hesabatını qəbul etdi, bunlar tarix üçün qaldı. Zamanı çatanda, istifadə edəcəklər”.