Ermənistan yol ayrıcına gəldi – kritik seçimə saatlar qaldı

1-05-2018, 09:06   


Qarabağ klanı sonuncu “patronu”nu atacaqmı? Bu gün ölkənin yeni baş naziri məlum olmaya, parlament buraxıla da bilər; Paşinyan isə baş nazir olmamış Azərbaycanı hədələdi...

Bu gün - mayın 1-də Ermənistan parlamenti yeni baş naziri seçməlidir. Ancaq belə görünür ki, iddiaçı qismində yalnız bir nəfər - etirazçı hərəkatının lideri, “Vətəndaş Müqaviləsi” Partiyasının rəhbəri, deputat Nikol Paşinyan olacaq. Belə ki, Paşinyanı “Yelk” (“Çıxış”) blokundan savayı başqa heç bir parlament bloku rəsmən namizəd irəli sürməyib.   

O sırada hakim çoxluq - Respublikaçılar Partiyası namizəd müəyyənləşdirməyib və digər fraksiyaların namizədlərini müzakirə edərək, qərar verəcəyini bəyan edib. Öz növbəsində 39 deputata sahib “Tasrukyan” bloku və daşnaklar “xalqın namizədi”ni - yəni belə çıxır, Paşinyanı  müdafiə edəcəklərini bəyan ediblər. Seçilmək üçünsə Nikol Paşinyana 53 səs lazımdır.

İlk baxışda üsyançı deputat Nikol Paşinyanın qələbəsi xeyli əlçatan görünür. Təbii ki, fors-major vəziyyətlər olmasa. Onlar isə həmişə mümkündür - özü də Ermənistanda Rusiyanın “əlinin” hər yerə çatdığı məqamda. Söhbət, üstəlik, 1999-cu ildə Ermənistan parlamentini gülləbaran etdirmiş Rusiyadan gedir...

***** 

Bəs səsvermə necə keçəcək? Səsvermənin Serj Sərkisyanın seçkisindəki kimi açıq və ya qapalı keçməsini nəzərdə tutmuruq. Məsələ ondadır ki, Ermənistanın yeni konstitusiyasına görə, parlamentdəki hakim çoxluq - respublikaçı deputatlar səsverməni ardıcıl iki dəfə pozsa, yəni yetərsay olmasa, o zaman parlament buraxılacaq və indiki hökumət qalmaqla növbədənkənar parlament seçkilərinə gediləcək. Necə deyərlər, bu, hakim çoxluğun, Qarabağ klanının sonuncu “patronu”, müxalifətə axırıncı pisliyi ola bilər.

İkinci variant N.Paşinyanın müvəqqəti baş nazir seçilməsi ilə erkən seçkilərə gedilməsidir. Hansı variant reallaşacaq - onu bu gün biləcəyik.

Bu da diqqətçəkicidir ki, 1 may seçkisi ərəfəsində Ermənistan polisi bəyanat verərək nümayişçilərə xəbərdarlıq edib və istənilən təxribatın qarşısını sərt şəkildə alacağını bildirib. Öz növbəsində ABŞ, Rusiya və Avropa Birliyi böhranın dinc, konstitusion əsasda həllində maraqlı olduqlarını bildirib.

“Variantlardan hansı biri reallaşacaq? Birinci yol - səsvermənin pozulması birmənalı şəkildə ölkədə silkələnmələrə və toqquşmalara, ikinci yol - dinc çözümə gətirəcək. Xaric tərəfdaşlar bəyan edir ki, yaxın günlər bu mənada Ermənistan üçün taleyüklü olacaq. Bu - gerçəkdən də həm Ermənistanın parlament qüvvələri üçün, həm də hərəkat liderləri və cəmiyyət üçün taleyüklü və məsuliyyətli məqamdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə lragir.am saytında seçkiöncəsi situasiyanın təhlilinə həsr olunmuş yazıda deyilir.  

Pashinyan yerevan ile ilgili görsel sonucu

*****   

Şübhə yox ki, hərəkat lideri Paşinyan ən pis variantı belə göz önünə alıb. Təsadüfi deyil ki, bu gün o, tərəfdarlarını, narazı xalqı səhər saat 8:00-dan kütləvi mitinqə çağırıb. Aydındır ki, bu da ilk növbədə parlamentə, çoxluqdakı hakim Respublikaçılar Partiyasına təzyiq məqsədi güdür.

Əlbəttə ki, Rusiya amili də proseslərdə öz sözünü mütləq deyəcək. Moskva hadisələrə hansı formada müdaxilə edəcək, Kremlin hansı ehtiyat ssenariləri var?

Onu hələlik proqnoz eləmək çətindir. Əksər analitiklərə görə, Moskva vəziyyətə uyğun qərar çıxaracaq və bu qərar da xalqın prosesə nə dərəcədə dəstək verməsindən asılı olacaq. Bəzi təhlilçilərə görə isə, Rusiya hərəkatı gözdən salmaq, üsyançı deputatın baş nazirlik şansını azaltmaq və öz istəyinə çatmaq üçün cəbhədə atəşkəsin pozulmasını da təşkil edə bilər.

Pashinyan yerevan ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bu arada Ermənistandakı rəngsiz inqilabın lideri Paşinyan hələ baş nazir olmamış, Qarabağla bağlı populist, təhlükəli bir bəyanat verib, daha dəqiqi, faktiki özü də bilmədən müharibə anonsu edib. Belə ki, o, özündən razı şəkildə deyib ki, “Azərbaycanı məcbur etmək lazımdır ki, Qarabağ konfliktinin həlli ilə bağlı konstruktiv danışıqlar masasına qayıtsın” (axar.az).

Onun sözlərinə görə, Bakı “İrəvanın ələ keçirilməsi”ni bəyan etdikcə effektiv danışıqlar aparmaq mümkün olmayacaq. Paşinyan bu açıqlamasında xələfi olmağa hazırlaşdığı uşaq qatili və soyqırımı müəllifi Serj Sərkisyandan qətiyyən fərqlənmir. O bildirib ki, Azərbaycan “aqressiv siyasət” aparır, buna görə də ordunu gücləndirəcək. Ancaq necə, hansı resurslar hesabına? Bunu deməyib. Yəqin əlindəki “sehrli çubuğ”a ümid edir.

Pashinyan yerevan ile ilgili görsel sonucu

Bu da hamısı deyil. Müxalif lider baş nazir seçiləcəyi təqdirdə ilk işinin Qarabağdakı operativ situasiya ilə tanış olmaq olacağını da söyləyib.

*****

Yada salaq ki, Paşinyan Ermənistanın Avrasiya Birliyi və “Rus NATO-su” sayılan KTMT-də qalacağını bildirib. “Avrasiya Birliyindən çıxmaq məsələsini qoymaq fikrində deyilik. Lakin bu, o demək deyil ki, orada problem yoxdur”, - deyə o dünən İrəvanda jurnalistlərə açıqlamasında söyləyib.        

“Yeni Müsavat” bunu da xatırladır ki, Paşinyan əslində Qarabağ məsələsində Ermənistanın indiki rejimindən daha sərt mövqe tutur. O sırada o, Dağlıq Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını və Ermənistanın prosesdən kənarda qalmasını istəyir, hətta separatçı qurumun “dövlət” kimi tanınması tərəfdarıdır.

Ancaq ruslar demiş, istəmək - ziyanlı iş deyil. O ki qaldı Azərbaycanı nəyəsə məcbur eləməyə, “Sirkə nə qədər tünd olsa, öz qabını sindırar”. Bunu isə ruslar yox, azərbaycanlı atalar deyib... 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.